Ekspert: “İstənilən dövrdə sürücü-sərnişin münasibətləri yüksək səviyyədə olmalıdır”
20.04.2020 13:36 Cəmiyyət

Ekspert: “İstənilən dövrdə sürücü-sərnişin münasibətləri yüksək səviyyədə olmalıdır”

Paytaxtda sərnişindaşıma ilə məşğul olan avtobus və daşıma şirkətlərinin fəaliyyətinə nəzarət Bakı Nəqliyyat Agentliyinin (BNA) səlahiyyətindədir. Agentlik tərəfindən bu daşıma şirkətlərinin, eyni zamanda onların tabeliyində olan avtobus sürücülərinin standart davranış və fəaliyyət qaydaları müəyyən olunub, onların qarşısında müəyyən tələblər irəli sürülüb. Bu tələblər içərisində avtobus sürücülərinin sərnişinlərlə doğru rəftarı da önəmli yer tutur. Koronavirus pandemiyasının ölkədə yayılmasından öncəki dövrdə BNA həmin tələblərə riayət etməyən, xüsusən sərnişinlərlə xoşagəlməz rəftar edən sürücülərə və ya onları çalışdıran daşıyıcı şirkətlərə qarşı cəza və ya xəbərdarlıq tədbirləri görür, problem intensiv hal alanda isə həmin şirkət ilə müqaviləyə xitam verirdi. İndi isə ölkədə karantin rejimi tətbiq olunr və əhali arasında müəyyən qədər bir həyəcan və gərginlik dalğası hökm sürür. Belə olan şəraitdə ictmai nəqliyyatda da sərnişin-sürücü münasibətlərinin normal tənzimlənməsi məsələsi gündəmə gəlir.

Agentliyin bu vaxta qədər həyata keçirdiyi cəza, xəbərdarlıq və ya maarifləndirmə mexanizmi bugünkü həssas dövrdə normal sürücü-sərnişin münasibətlərinin formalaşmasına nə kimi təsir edib?

Nəqliyyat üzrə ekspert Yasin Mustafayev bu barədə “MediaPost”a açıqlamasında bildirib ki, sürücülərin sərnişinlərə göstərdiyi xoş ünsiyyət onlar arasında münasibətləri yaxşılaşdırıb:

“BNA-nın sərnişin-sürücü münasibətlərini tənzimləmək yolunda atdığı addımlardan biri də sürücülərə tətbiq olunan cəza tədbirləri idi. Sürücülərin sərnişinlərə qarşı davranışlarını tənzimləmək üçün görülən tədbirlər müəyyən müddət sonra artıq öz effektini verməyə başladı. İndiki karantin rejimi şəraitində daha həssas bir dövrdən keçdiyimizə görə sürücülər bu münasibətlərdə daha diqqətli olmalıdırlar. Çünki sərnişinlər bugünlərdə psixoloji gərginlik keçirirlər. Ona görə sürücülərlə sərnişinlər arasında qarşılıqlı hörmət prinsipi gözlənilməlidir. Bu istiqamətdə karantin günlərindən əvvəlki dövrlərdə görülən tədbirlər öz efektini verdi. Sürücülərin sərnişinlərə göstərdiyi xoş ünsiyyət, onlarla mülayim davranış bu həssas dövrdə sürücülərlə sərnişinlərin münasibətini daha da yaxşılaşdırıb. BNA-nın gördüyü bu tədbirləri müsbət qiymətləndirirəm. İstər karantin dövründə, istərsə də ondan sonra sürücü və sərnişin münasibətləri yüksək səviyyədə olmalıdır. Eyni zamanda, sərnişinlər tərəfindən də sürücülərə hörmət göstərilməlidir. Çünki onlar da eyni həssas dövrü və eyni həyəcanı yaşayırlar. Üstəlik sürücülərin iş rejimi də müəyyən qədər stresli olur. Onlar gün ərzində saysız-hesabsız və müxtəlif cür insanlarla qarşılaşırlar. Onların da virusa yoluxmaq barədə gərginliyi olur. Ona görə də sürücü və sərnişinlər bir-birinə qarşılıqlı şəkildə hörmət göstərməlidirlər. Digər tərəfdən, indiki şəraitdə BNA-nın hansısa daşıyıcını cəzalandırmağı, hansısa daşıyıcı ilə müqaviləyə xitam verməyi, yükü onsuz da çox olan agentlik üçün əlavə bir işdir. Ona görə də həm daşıma şirkətləri və sürücülər, həm də sərnişinlər fəaliyyət və ya davranışlarını elə tənzimləməlidir ki, konfliktə səbəb olan hadisələr baş verməsin”.

Xəbərlər departamenti

Gündəm