Ekspertin tənqidi ilə bağlı qurum sözçüsündən açıqlama
12.12.2019 13:15 Gündəm

Ekspertin tənqidi ilə bağlı qurum sözçüsündən açıqlama

Paytaxtın Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində “Şamaxı yolu” adlanan ərazidə yerləşən nəhəng piyada keçidinin inşası hələ də davam edir.

Lakin keçid tikilib qurtarmamış onunla bağlı ara-sıra narazılıqlar yaranır.

İqtisadçı ekspert Samir Əliyev də öz Feysbuk hesabı vasitəsilə piyada keçidi ilə bağlı şikayətini dilə gətirib:

“Şamaxinka deyilən ərazidə tikilən piyada keçidi çox mürəkkəb bir layihədir, daha sadəsini inşa etmək olardı. Eskalator olacaq, ya yox bunu bilmirəm. Olmasa, daha pis. Təsəvvür edin, yolu keçmək üçün piyada nə qədər uzun məsafə qət etməlidir. İndi bunu yağışlı, qarlı və günəşli havada düşünün”.

Məsələ ilə bağlı Medaipost.az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, piyada keçidi yolun uzunluğuna əsasən tikilir:

“Burada təəccüblü məqam yoxdur. Piyada keçidinin tikilməsi üçün nəzərdə tutulan yola görə keçid də uzundur. Burada eskalatorun əvəzinə liftlərin quraşdırılması planlaşdırılıb. Həmin liftlərdən fiziki məhdudiyyəti olan şəxslər, qocalar, uşaqlı xanımlar istifadə edə biləcəklər”.

Xatırladaq ki, keçid Moskva prospektini keçməklə avtomobil tuneli üzərində inşa edildiyi üçün orta dayaqsız olacaq. Keçidin tunelin üzərindən keçən və 80 metr uzunluğa malik olan hissəsi hazırda prospektin 20 Yanvar küçəsi ilə kəsişmədə inşası aparılan və 30 metr hündürlüyə malik olacaq pilona (dirək) bərkidilmiş xüsusi asqıların (tros) köməkliyi ilə saxlanılacaq.

Keçidin inşasının 2019-cu ildə yekunlaşması nəzərədə tutululsa da, işlər hələ davam edir.

Xəbərlər departamenti

Gündəm