Elçin Mirzəbəyli: "İran və Ermənistanın siyasi rejimi mahiyyət etibarı ilə demək olar eynidir"
30.11.2022 12:16 Daxili siyasət

Elçin Mirzəbəyli: "İran və Ermənistanın siyasi rejimi mahiyyət etibarı ilə demək olar eynidir"

"İran və Ermənistanın siyasi rejimi mahiyyət etibarı ilə demək olar eynidir".

MediaPost xəbər verir ki, bunu siyasi analitik, ekspert Elçin Mirzəbəyli Bakıda “Urmiya gölünün qurudulması” ilə bağlı keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib.

O qeyd edib ki, İran da ekoloji terror törədir, beynəlxalq mədəniyyət izlərini silir, bir millət olaraq yaddaşı silməyə və məhv etməyə cəhd göstərir:

"Odur ki, ermənilərdən heç bir fərqləri yoxdur. Erməni rejiminin həyata keçirdiklərini təkrarlayırlar. Güneydə olan soydaşlarımız İran rejiminin ağrısını çəkirlər. İranın orada yaşayan xalqlar haqqında beynəlxalq təşkilatlara təqdim etdiyi sənədlərdən başlayaraq bütün həyata keçirdikləri siyasətin təməlində yalnız saxtakarlıq dayanır".

Onun sözlərinə görə, verilən informasiyalar milli kimlik üzərindən deyil, məzhəb və din anlayışı üzərindən təqdim olunur:

"Ermənilərin statistikasına əsasən, İranda hazırda 50-dən çox erməni məktəbi fəaliyyət göstərir. Erməni dili dərinləşdirilmiş formada tədris edilir. Fakt olaraq, nə BMT-yə təqdim olunan sənədlərdə, nə də Güney Azərbaycandan, bütövlükdə İran adlanan indiki dövlətin ərazisində konkret olaraq Azərbaycan türkcəsinin dərindən tədrisinin tam şəkildə həyata keçirilməsini təsdiqləyən məktəbin olması faktına rast gəlinməyib. Ali təhsil səviyyəsində tədrisə gəlincə, ola bilsin dərnək formasında müəyyən videoçəkilişlər təqdim olunur".

Xəbərlər departamenti

Gündəm