Elə bilirik filan arzumuzu reallaşdırsaq, xoşbəxt olacağıq...
03.12.2019 11:41 Fikirlər

Elə bilirik filan arzumuzu reallaşdırsaq, xoşbəxt olacağıq...

“Havalardan, fəsil dəyişkənliyindəndir; işin çətindir, adam evdə iki uşağına söz başa sala bilmir, o qədər tələbəni idarə etmək asan deyil, ondandır; imtahan yaxınlaşır, onun stresindəndir; yol yorur, dərslər də çətindir; auditoriyada saatlarla mühazirə dinləməyə can qalar? Bunun yorğunluğudur” və s. Nəticə etibarı ilə qısaca desək, yorğun, bezginik. Can dərdindən batmamaq üçün çapalayırıq. Lakin bəzən lap bu canımızdan da bezirik.

Tıxaclar, maşın siqnalları, ayaq üstə qət edilməli uzun yol, metro boğanağı, sıxlıqdan buraxılan metro qatarları, gecikmələr, səndən asılı olmayan səbəblərə görə təkrarlanan üzrxahlıqlar, öz yükünü aşağı vəzifədə olan yoldaşına yükləyən işçi kollektivi, göstərdiyin əməyə qane olmayan müdir, bunun yanında boynubükük qalan maaş, təhsildən narazı tələbələr, tələbələrdən narazı qalan müəllimlər. Hələ buraya günü-gündən bahalaşan ərzaq, geyim-keçim dərdi, gündəlik xəbər lentimizi zəbt etmiş ölüm-itim xəbərləri də əlavə olunduqda düşünürsən ki, xoşbəxt olmağa fürsət oldu, bizmi qaçırdıq?

Bu saydıqlarım balaca dünyamdan müşahidə etdiyim, kiçik insanın böyük qayğılarıdır. Əlbəttə, sosial məsuliyyəti daha böyük olan insanlar da var. Ola bilsin, onlar üçün daha dözülməz, təsviri çətin həyat öz şərtləri ilə hökm edir.

Trendimizə çevrilmiş aktiv həyat tərzi

Hər kəs qaçaqaçdadır, harasa, kiməsə, nəyəsə tələsir.

Elə hesab edirik, bu təbiidir, arzularımız, məqsədlərimiz uğrunda mübarizə aparırıq. Qoyduğumuz hədəfə çatmaq üçün can yandırırıq. Marafona qoşulmuşuqsa, qaçmalıyıq, ani ləngimələr məğlubiyyətimizlə nəticələnə bilər.

Bir gün isə bu qaçaqaçda enerjimiz, həvəsimiz azalır, yolda yorğun qalırıq. Ən pisi də odur ki, vücudumuz, ruhumuz yorulur, amma fikirlərimiz yorulmur. Onlar daim hərəkətdədir. Öz aləmində elə yorğunluğumuza, problemlərimizə də çarə axtarır. Lakin fikir axınının özü də bizi geri salır. Hədəf və məqsədlərimiz o qədər gözümüzü örtür ki, bunun da fərqində olmuruq. Yuxarıda qeyd etdiyim kimi çapalayırıq. Yaxşı bilirik ki, batan adam nə qədər çapalasa, o qədər də tez batır. Amma batdığı anda bunu düşünən, çapalamayan neçə adam var? O, sadəcə can dərdindən, yaşamaq arzusunun şiddətindən sakitliyini qoruya bilmir. Bu gün yorğun olan, özünü xoşbəxt hiss etməyən bütün insanlar belədir. Məğlubiyyət girdabında boğulmamaq üçün çapalayır, amma çapaladıqca, bir az da daha dərinə batır.

Sakitlikdən bağrı çatlayan adamlar var. Onlara görə həyatın özü budur; qaçaqaç, səs-küy... Aktivlik dedikdə ağıllarına gələn bütün məşğuliyyətlərdə bu iki nəsnə təməl rol oynayır. Sanki olmazsa, olmazdır.

Nə qədər ki, xoşbəxt olmağa can atırıq, bunun üçün çalışırıqsa, o qədər də uzaqlaşırıq.

Elə bilirik filan arzumuzu reallaşdırsaq, filan hədəfimizi qət etsək rahatlayacağıq, xoşbəxt olacağıq. Lakin zamanla içimizdəki rahatlığı hirslə əvəzləyirik. Bəzən yolun başlanğıcında bu hirs bizi irəli apara bilir. Biz irəliləyirik, amma bu yolda özümüzü məhv edirik, hər gün bir parça bütövlüyümüzdən qurban veririk. Bir gün arzularımıza çatırıq, lakin gözlədiyimiz qədər də zövqlü olmur. Çünki bu yola çıxan adamla bu gün ona qovuşmuş adam arasında böyük fərqlər var. Biz bizi elə yollarda itirmişik.

İnsan nə istədiyini bilməz...

Mən hesab edirəm ki, insan nə istədiyini bilmir. Bəli, çünki bu gün istədiyimiz bir çox şey sabah üçün öz əhəmiyyətini itirə bilir. Belə olduqda isə ara-sıra durmaq, qəlbinin səsini dinləmək lazım deyilmi? Amma biz düşünürük ki, ara-sıra da olsa yavaşlamaq bizi hədəflərimizdən geri salır. Buna görə də hazırkı vəziyyəti sorğulamadan başımızı aşağı salıb yolumuza davam edirik. Əslində isə bir az durmaq, yaşadıqlarımıza, yaşamaq istədiklərimizə kənardan baxmağımız lazımdır. Bu bizi sakitləşdirər, bütövlüyümüzün müdafiəsində durmuş olarıq.

Azadlığın məhbusluğu...

Xoşbəxtliyi başqa yerdə axtarmaq lazım deyil, o bizim daxilimizdədir. Onu məqsədlərə, hədəflərə, insanlara bağlayan bizik. Azad olan hissimizi asılı vəziyyətə salırıq. Sonra da bu asılılığın bizi qurtaracağına ümid edirik. O isə uzaqlarda, hansısa hədəflərdə, məqsədlərdə məhbusluğunu yaşayır.

Ramiz Rövşən demiş: “Bəlkə də biz xoşbəxt ola bilərdik, bəlkə də xoşbəxtik, xəbərimiz yox”.

Xəbərlər departamenti

Gündəm