Elektron müraciət: günün tələbindən insanlar niyə qaçır?
05.01.2020 10:45 Fikirlər

Elektron müraciət: günün tələbindən insanlar niyə qaçır?

“MediaPost” xəbər verir ki, bəzi şəxslər idarələrə müraciət edir, yaxud elə sosial şəbəkələrdə buna etiraz edərək statuslar yazırlar. Əslində isə bunların heç birinə ehtiyac yoxdur. Sadəcə evdən çıxmadan, yaxud elə əlindəki telefonla bu problemi həll etmək mümkündür. Məsələn, qüvvəyə minməmiş cərimə var və üzərindən bir il də keçib. Bu əslində avtomatik olaraq ləğv edilməli idi. Amma hər hansı səbəbdən olmayıb. Bəs nə etməli?

Elektorun müraciət qanunla tənzimlənirmi?

Elektron müraciət - müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən müraciət formasıdır. Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanununun müvafiq maddəsində görə, elektron müraciətlərə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə elektron qaydada və ya müraciət edənin xahişi ilə poçt ünvanı vasitəsilə yazılı cavab verilməklə baxılır. Elektron müraciətdə müraciət edənin elektron ünvanı göstərilmədikdə müraciətə poçt vasitəsilə yazılı cavab verilir.

Necə müraciət edək?

Məsələn, Dövlət Yol Polisinin www.dyp.gov.az portalında "Online müraciət" bölməsi var. Həmin yerə daxil olaraq şikayət, ərizə, təklif ünvanlaya bilərik. Sadəcə, şəxsiyyət vəsiqəsinin nömrəsini daxil edin müvafiq olaraq doğum tarixini daxil edirik. Ardınca müraciət etmək istədiyimiz şəxsi seçirik. Məsələn, yuxarıda qeyd olunan problemlə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova müraciət etmək olar. Müvafiq olaraq müraciətin forması (ərizə, şikayət, təklif, sorğu) daxil edilir.

Elektron müraciət: günün tələbindən insanlar niyə qaçır?

Daha bir bölmə isə şikayətin ilk dəfə, yaxud təkrarən olması ilə bağlıdır. Yaşayış ünvanı, elektron poçt, əlaqə telefonu kimi zəruri məlumatlar daxil edildikdən sonra 1500 simvol istifadə edərək problemi ifadə etmək olar.

“Online müraciət”in üstünlüyü...

Təbii ki, bir çoxları rəsmi sənəd olduğu üçün kağız daşıyıcıda müraciət etməyi üstün tutur. Amma unutmaq lazım deyil ki, elektron müraciət də rəsmidir. Çünki bu müraciət dövlət orqanlarının rəsmi saytı vasitəsilə olunur. Digər tərəfdən elektron qaydada müraciət daha tez cavablandırılır. Kağız daşıyıcıda məktubun ünvana çatması müəyyən qədər vaxt apara bilər. Həmçinin qanunvericiliklə müraciətə cavab verilməsi də 15 gündür. Araşdırma tələb olunan halda isə bu hətta bir ay da çəkə bilər. Amma elektron qaydada müraciətin cavabı daha tez gəlir. Eyni zamanda bu şəxsi əlavə vaxt itirmədəkdən də azad edir. İşdə, evdə, yolda olarkən belə bu işi görmək mümkündür.

İnsanlar “Online müraciət”dən niyə çəkinir?

Bunun müxtəlif səbəbləri var. Əvvəla bəzi şəxslər bu xidmətlərdən istifadə etməyi bacarmırlar. Amma müasir dövrdə demək olar ki, yaşlı, cavan, uşaq belə internet istifadə edir. Sadəcə bir qədər diqqətli olmaq və ardıcıl olaraq lazımi xanaları doldurmaq lazımdır. Digər bir səbəb isə insanlarda qismən inamsızlıqdır. Bəziləri düşünür ki, online müraciət məsələni həll etmək gücündə deyil. Mütləq şəkildə idarəyə getmək lazımdır. Bu adətən orta nəslin nümayəndələri arasında populyar olan düşüncədir. Bu gün də “PayPoint” aparatlarının yanından keçərək poçt xidməti vasitəsilə kommunal xidmətləri ödəyən vətəndaşlar az deyil. Amma hər gün asanlaşar sistemləri öyrənmək və ondan istifadə etmək lazımdır.

“Elektoron müraciət”lərdə hansı problemlər var?

Bəzi strukturlarda elektron müraciət sistemləri normal işləmədiyi üçün vətəndaşlar da bundan qaçır. Eyni zamanda bir sıra məqamlarda istifadə qaydalarında çətinliklər var. Təbii ki, təhlükəsizlik baxımından bu vacibdir. Amma bu xudmətlər ümumi vətəndaşlar üçün nəzərdə tutulub. Odur ki, maksimum dərəcədə asanlaşdırmaq lazımdır. Təhlükəsizlik baxımından istifadə onunan sistemləri də seçəndə diqqətli olmaq lazımdır. Çünki bəzən robtot deyil, fərdin müraciət etdiyini dəqiləşdimək üçün sistemlər tətbiq olunur. Amma ingilis dilində verilən suala hər bir vətəndaş cavab tapmaya bilər.

Düşünürük ki, bu sistemlərin də təkmilləşdirilməsi insanlar arasında inamı daha da artıracaq.

Orxan Əli, xüsusi olaraq “MediaPost” üçün

Xəbərlər departamenti

Gündəm