Elektron siqaret: təhlükəsiz əvəzedici, yoxsa ölüm mənbəyi?
30.12.2019 12:00 Fikirlər

Elektron siqaret: təhlükəsiz əvəzedici, yoxsa ölüm mənbəyi?

Elektron siqaretlər (E-siqaret) ilk dəfə bazara daxil olanda iki əsas üstünlüyü təbliğ olunurdu. Birincisi, bu kiçik cihazlar insan orqanizminə ənənəvi siqaretdən daha az zərər verirlər, ikincisi də, zamanla insanı siqaret asılılığından tamamilə qurtarırlar. Lakin tədricən ortaya fərqli mənzərə çıxdı. Məlum oldu ki, adi siqaretin təhlükəsiz analoqu kimi yaradılan bu cihazlar çox ciddi xəstəliklərə səbəb ola, hətta insanı ölümə apara bilir.

“MediaPost” xəbər verir ki, Birləşmiş Ştatlarda elektron siqaret istifadəçiləri arasında ölüm halları artır. Son rəqəmlərə görə, azı 12 nəfər dünyasını dəyişib. Yerli hakimiyyət orqanları bu ölümlərə səbəb kimi elektron siqaretləri göstərirlər. E-siqaret istehsalçıları isə ittihamları yaxın buraxmır və əmin etməyə çalışırlar ki, elektron siqaretin zərərləri ənənəvi siqaretlə müqayisədə daha azdır.

Elektron siqaret: təhlükəsiz əvəzedici, yoxsa ölüm mənbəyi?

YALANÇI TƏBLİĞAT?

Bu yaxınlarda alimlər siqaretin səbəb olduğu xəstəliklərin (astma və ağciyərlərin xroniki obstruktiv xəstəliyi və s.) xüsusi bakteriyalarla əlaqəli olduğunu müəyyən ediblər. Üstəlik, üzə çıxarıblar ki, bu bakteriyaların meydana gəlməsinə elektron siqaretlər də eyni dərəcədə təsir göstərir.

Elektron siqaretlər və ya "veyp" ("vape"-buxar) ənənəvi siqaretləri təqlid edən cihazlardır. Görünüşü də, tüstü və qoxusu da demək olar ki eynidir. Bütün bu bənzərliklər siqaret çəkən insanı fərq hiss etməyə qoymur. İndi məlum olur ki, bu ikili arasında insan orqanizminə zərər vermək baxımından da xeyli bənzərliklər var.

Yuxarıda qeyd etdimiz kimi, uzun illər aparılan təbliğatda əsas vurğu bu idi ki, elektron siqaretlər insan orqanizmi üçün daha təhlükəsizdir. Son elmi araşdırmalar isə bunun belə olmadığını ortaya qoyub.


Həmçinin oxu: İnsanları özünə ram edən mobil telefonlar necə icad olundu?


Ölkələr tütün məhsullarına dövlət nəzarətini artırdıqdan sonra "veypinq" (buxar vermə) tez bir zamanda populyarlıq qazandı. Bunun bir neçə səbəbi var: "veypinq" üçün nəzərdə tutulan mayedə aerozol kimi zərərli maddələr olmur. Bununla yanaşı, elektron siqaret ənənəvi siqaretdən imtina etməyin etibarlı yolu hesab olunur.

Üç hissədən (nikotin məhlulu ilə doldurulmuş boru, buxarlandırıcı və batareya) ibarət olan cihaz nikotini buxar halına gətirir. Buxar da istifadəçi tərəfindən daxilə ötürülür.

Hazırda elektron siqaretlər bəzi ölkələrdə (ABŞ, Cənubi Koreya və s.) tütün məhsulları, bəzi ölkələrdə (Avstriya, Kanada, Britaniya və s.) tibbi cihaz, bəzilərində isə (İtaliya və Rusiya) ümumi istehlak malları hesab olunur.

Elektron siqaret: təhlükəsiz əvəzedici, yoxsa ölüm mənbəyi?

ELM ADAMLARI NƏ DEYİR?

2013-cü ildə alman elm adamlarının apardığı araşdırma üzə çıxarmışdı ki, elektron siqaretlər tənəffüs yollarını qıcıqlandıran və bəzi kəskin simptomlar yarada bilən çox miqdarda propilen glikol ehtiva edirlər. Beləliklə, "veyp" ağciyərlərə ənənəvi siqaretdən daha zərərli təsir göstərir. Sonradan aparılan bir çox araşdırma elektron siqaretdən uzun müddət istifadənin nikotin asılılığına da səbəb ola biləcəyini təsdiqlədi.

Son araşdırmalar kəskin ağciyər xəstəliklərinin nikotin tərkibli elektron siqaret və ənənəvi tütün məhsullarının istifadəsi ilə əlaqəli ola biləcəyini göstərir. Britaniyanın Belfast Kraliça Universiteti nəzdindəki Əczaçılıq İnstitutunun araşdırma qrupu siqaret tüstüsünün və elektron siqaret buxarının bakteriyalara (siqaretin səbəb olduğu uzun müddətli ağciyər xəstəlikləri ilə bağlı) təsirini müqayisə edib.

Tədqiqatçılar pfeyfer çöpləri, qızılı stafilokokk, sineqnoy çöpü kimi bakteriyaları siqaret tüstüsünün və elektron siqaret buxarının ekstraktlarına məruz qoyublar. Bakteriyaların nəzarət qrupu siqaret tüstüsü və elektron siqaret buxarı ekstraktları olmayan bir mühitdə böyüyüb. Yəni tədqiqatçılar siqaret tüstüsünə və ya elektron siqaret buxarının ekstraktlarına məruz qalmağın bu bakteriyaların böyüməsinə təsir göstərmədiyini təsbit ediblər. Buna baxmayaraq, ekstraktların təsiri bu bakteriyaların biomembranlarının əmələ gəlməsini artırıb.

Bu hal buxarlanmaya məruz qalmayan nəzarət qrupunda özünü göstərməyib. Biomembranlar bir və ya neçə mikroorqanizm növünün mexanizmləridir. Biomembranların böyüməsinin müxtəlif mikrob infeksiyaları ilə yoluxma prosesi ilə əlaqəli olduğu bilinir.

Bu tapıntı siqaret tüstüsünün və elektron siqaretin buxarlarının ağciyərdəki patogen bakteriyaların zərərliliyini artıra və xroniki infeksiyaların inkişafına töhfə verə biləcəyini göstərir.

Elektron siqaret: təhlükəsiz əvəzedici, yoxsa ölüm mənbəyi?

EKSPERİMENT VƏ NƏTİCƏ...

Siqaret tüstüsünə və ya elektron siqaret ekstraktlarına məruz qalan bakteriyaların nə qədər zərərli olduğunu, patogen dəyişikliklərə təkan verib-vermədiyini qiymətləndirmək üçün eksperiment aparılıb. Alimlər bakterial infeksiyaların sürfələrin sağ qalmasına təsirini sınamaq istəyiblər. Nəticələr göstərib ki, siqaret tüstüsü və ya elektron siqaret buxar ekstraktlarına məruz qalan bakteriyalarla yoluxan sürfələrin sağ qalma səviyyəsi nəzarət qrupu ilə müqayisədə xeyli aşağıdır.

Tədqiqatın müəllifi Deyrdre Gilpin deyir ki, araşdırmanın məqsədi siqaret tüstüsünün və elektron siqaret buxarlarının ağciyər bakteriyalarının hərəkətlərinə və patogenliyinə təsirlərini müqayisə etmək olub: "Nəticələr oxşar idi. Bununla sübut olundu ki, elektron siqaretlər ağciyərlərin əsas patogen bakteriyalarına adi siqaret kimi təsir göstərir. Ənənəvi siqaret çəkənlərlə müqayisədə elektron siqaret istifadəçiləri hər nəfəsdə daha çox tüstü alırlar. Bu da "veyp" zamanı nikotindən istifadə miqdarını artırır".

Elektron siqaret: təhlükəsiz əvəzedici, yoxsa ölüm mənbəyi?

İLK QURBANLAR

ABŞ-ın 30-dan çox ştatında həkimlər deyirlər ki, bu il onlara yüzlərlə ciddi və sirli ağciyər xəstəlikləri olan xəstə müraciət edib. Bu, elektron siqaretlərin populyarlığının kəskin artması fonunda baş verib. Artıq azı 12 nəfərin bu xəstəliklərdən öldüyü bildirilir.

Elektron siqaretdən istifadənin yaratdığı xəstəlik səbəbiylə ilk ölüm halı ABŞ-ın İllinoys ştatında qeydə alınıb. Ştat sakini bu cihazdan istifadə edəndən az sonra ağır tənəffüs problemi ilə xəstəxanaya yerləşdirilib və həyatını xilas etmək mümkün olmayıb.

Amerikanın səhiyyə idarələri artıq bir neçə aydır başa düşməyə çalışırlar ki, niyə elektron siqaretlə əlaqəli problemlər səbəbindən 800-dən çox insanda ağciyər xəstəlikləri yaranıb və ondan artıq insan həyatını itirib.


Həmçinin oxu: Kağız və klaviatura yox olacaq, insanları balaca cihazlar sağaldacaq


Bu xəstələrin əksəriyyəti (respondentlərin 84 faizi) marixuananın əsas psixotrop maddəsi olan tetrahidrokannabinol çəkdiklərini bildiriblər. Lakin bir çox hallarda xəstələr nikotin çəkdiklərini və ya nikotin məhsullarından istifadə etdiklərini bildiriblər. Həkimlər hələ ki, xəstəliyin əsas mənbəyini tapa bilməyiblər.

ABŞ Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə 5 milyondan çox yuxarı sinif şagirdi "veyp" istifadə edir və təkcə son bir ildə onların sayı 20 faiz artıb. Ümumilikdə dünyada isə onların sayı 35 milyona yaxındır.

Yeniyetmələr arasında "veyp epidemiyasını" dayandırmaq üçün prezident Donald Trump nikotinsiz ətirli qarışıqlara qadağa qoyacağını vəd etdi. Ertəsi gün FDA (Qida və dərmanlara nəzarət idarəsi) elektron siqaret istehsalçıları və distribütorlarına xəbərdarlıq məktubu göndərdi.

Elektron siqaret: təhlükəsiz əvəzedici, yoxsa ölüm mənbəyi?

İSTEHSALÇI ŞİRKƏTLƏR

İlk narazılıq edən elektron siqaretləri ənənəvi siqaretin daha etibarlı əvəzedicisi kimi təqdim edən "Juul" şirkəti oldu. "Juul" nəhəng tütün holdinqi "Altria"ya daxildir. Məşhur tütün istehsalçısı "Philip Morris" də bu holdinqdə təmsil olnur.

"Philip Morris International"la yanaşı digər tütün şirkətləri də elektron siqaret istehsal edirlər: "British American Tobacco", "Imperial Tobacco Group", "Japan Tabacco International" və s.

Onlar siqareti atmaq istəyənlər üçün "veypinq"in "faydalarını" təbliğ edən tədqiqatları maliyyələşdirirlər. Tütün şirkətlərinin əsas mesajı budur ki, onlar elektron siqareti ancaq çəkən insanlara təklif edirlər. Və məqsədləri onların sağlamlığına dəyən zərəri azaltmaqdır...

Tərcümə "MediaPost"-a məxsusdur

Xəbərlər departamenti

Gündəm