Elxan Məmmədov: "Bu virusun dərmanını tapmışıq"
28.01.2020 10:36 Futbol

Elxan Məmmədov: "Bu virusun dərmanını tapmışıq"

"Danışılmış oyunlarla bağlı istintaq davam etdirilir. Hüquq-mühafizə orqanları olmadan araşdırmaları bu miqyasda apara bilməzdik. Artıq 3 illik mübarizəmizin bəhrəsini görürük".

"Report"un məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

O bildirib ki, digər idman növlərinin nümayəndələrinin də futbola müdaxiləsi olub: "Bu virusun dərmanını tapmışıq. Artıq sağlamlaşmaya doğru gedirik. Amma hələ məhv etməmişik. Bəzi insanlar yenə cinayəti təkrarlamağa çalışırlar. Biz danışılmış oyunlara qarşı mübarizəni aktiv həyata keçirən qurumuq".

Qurum rəsmisi həmçinin söyləyib ki, İcraiyyə Komitəsinin iclasında Rauf Əliyev, Elşad Nəsirov və Vaqif Sadıqov vitse-prezident təyin olunublar.

E.Məmmədov baş katib vəzifəsinin də onun özünə həvalə olunduğunu açıqlayıb. Milli assosiasiya rəsmisi bölgələrdə yeni mini-futbol meydançalarının yeni "Futbol hər yerdə" layihəsi çərçivəsində qurulacağını bildirib. O, 50-dək belə meydançaların salınacağını və idman müəllimi ilə sıx əməkdaşlıq ediləcəyini vurğulayıb.

Milli komandanın baş məşqçisi ilə bağlı isə heç bir qərar qəbul olunmayıb. Vaqif Sadıqov bununla əlaqədar ortaq məxrəcə gələn bilmədiklərini söyləyib. O, namizədlər barədə müxtəlif fikirlərin səsləndirildiyini, özünün isə yerli mütəxəssisin təyinatına tərəfdar olduğunu vurğulayıb.

V.Sadıqov ona AFFA prezidenti Rövnəq Abdullayevin böyük etimad göstərdiyini açıqlayaraq, bunu doğrultmağa çalışacağını söyləyib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm