Ərdoğan Trampla görüşdə ona verəcəyi kitabçadan danışıb
13.11.2019 12:59 Siyasət

Ərdoğan Trampla görüşdə ona verəcəyi kitabçadan danışıb

Mediapost.az xəbər verir ki, Ərdoğan Şərqi Ağdənizdəki qazma işləri ilə əlaqədar olaraq Türkiyəyə sanksiya tətbiq etməyə hazırlaşdığını deyən Avropa Birliyinin Xarici Əlaqələr Şurasına münasibət bildirib.

“Ey Avropa Birliyi, müzakirə masasında olmaq bizim üçün maraqlı deyil. Göstərdiyiniz münasibətə diqqət edin. Sərhədlər açıldıqdan sonra öz başınızın çarəsinə baxın. Müzakirələr bir anda bitə bilər” - Türkiyə prezidenti söyləyib.

Ərdoğan ABŞ-a özü ilə barəbər “Suriyada yeni yaşam” adlı bir kitabça da götürüb. Kitabçada Türkiyənin təhlükəsiz bölgədə terrorçulardan təmizlənmiş ərazilərdəki xidmətlərindən bəhs olunur.

“Görüşdə təhlükəsiz bölgə mövzusunda hazırladığımız sənədləri təqdim edəcəyik. Burada hazırda Suriyadakı vəziyyət, gələcək planlarımız əks olunub. Eyni zamanda indiyədək gəldiyimiz mərhələni də göstərmişik. Təhlükəsiz bölgədə 200 min ev və bir milyon adamın yaşaması nəzərdə tutulub. Sərhəddə 5000 nəfər əhalisi olan 140 kənd olacaq. Hər ailəyə təsərrüfatla məşğul olması üçün uyğun yerlər veriləcək. Ərazilərdə xəstəxanalar, tibb mərkəzləri inşa ediləcək” – deyə Ərdoğan bildirib.

Xatırladaq ki, Tramp və Ərdoğanın görüşündə Suriya məsələsi, F-35, S-400, Fətullah Gülənin qaytarılması mövzuları müzakirə olunacaq.

Xəbərlər departamenti

Gündəm