Ərdoğanla Tramp görüşüb - ABŞ senatı “erməni soyqırımı” ilə bağlı qətnaməni bloklayıb
14.11.2019 06:06 Siyasət

Ərdoğanla Tramp görüşüb - ABŞ senatı “erməni soyqırımı” ilə bağlı qətnaməni bloklayıb

ABŞ-da səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Donald Trampla görüşüb.

"Report" xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanı Ağ Evdə Donald Tramp və xanımı Melania Tramp qarşılayıb.

İkitərəfli görüş 1 saat 15 dəqiqə davam edib. Daha sonra hər iki dövlət başçısı mətbuat nümayəndələrinin qarşısına çıxıblar. Konfransda çıxış edən D. Tramp bildirib ki, Türkiyə ABŞ-ın NATO-dakı müttəfiqi və strateji tərəfdaşıdır. O, türkiyəli həmkarı ilə Suriya məsələsini ətraflı müzakirə etdiyini bildirib. Donald Tramp qeyd edib ki, Türkiyə tərəfinin Rusiyadan aldığı S-400 kompleksi ilə bağlı danışıqlar davam edəcək.

“Ərdoğan ilə məhsuldar görüş keçirdik. Türkiyə və Amerika rəsmiləri “F-35” məsələsinin həlli üçün çox çalışırlar” - ABŞ prezidenti bildirib.

R.T. Ərdoğan isə gündəlikdə duran məsələlərlə bağlı səmimi danışıqlar apardığını bildirib: “Terror təşkilatı İŞİD ilə mübarizənin əhəmiyyətini vurğuladıq. Hər ikimiz milli təhlükəsizliyimizi təhdid edən terror təşkilatları ilə mübarizə mövzusunda qarşılıqlı iradəmizi təsdiq etdik. “S-400” hava hücumundan müdafiə sistemləri və “F-35” proqramı ilə bağlı qarşılaşdığımız problemləri isə yalnız dialoq vasitəsilə həll edə bilərik”.

ABŞ Nümayəndələr Palatasının “qondarma erməni soyqırımı” ilə bağlı verdiyi qərardan Türkiyə tərəfinin narazı olduğunu vurğulayan Rəcəb Tayyib Ərdoğan deyib ki, onun ölkəsi dialoq tərəfdarıdır və erməni tərəfinə ortaq komissiya yaratmaq təklifini qüvvədə saxlayır: "Bu qərar iki ölkə arasında mövcud olan münasibətlərə kölgə salır". Ərdoğan bildirib ki, bu gün Türkiyədəki həbsxanalarda, eləcə də Suriyanın Türkiyə tərəfindən nəzarətdə olan bölgələrdəki saxlama təcridxanalarında təxminən 2200 İŞİD terrorçusu saxlanılır:

“Türkiyə ABŞ-la münasibətlərdə yeni bir səhifə açmaq əzmindədir. Ankara ilə Vaşinqton yaxın tərəfdaşdır. PKK terrorçularına rəğbət bəsləyən bəzi dairələr Suriyanın şimal-şərqindəki Türkiyə-Amerika razılaşmalarından narahatdır. Biz Suriya böhranının uzunmüddətli həlli naminə ABŞ-la əldə olunan razılaşmalara sadiqik. Odur ki, hər iki ölkə İŞİD təhlükəsini tamamilə məhv etmək üçün birgə səy göstərə bilər. Ölkələrimiz Suriyada sülhə və sabitliyə töhfə verir. Türkiyə heç bir milli və dini ayrıseçkiliyə yol vermədən ancaq terror təşkilatları ilə mübarizə aparır”.

Türkiyə Prezidenti görüş zamanı bildirib ki, qondarma "erməni soyqırımı" məsələsi ilə bağlı 104 il öncə müharibə şəraitində baş verən hadisələrdə qərar verənlər siyasətçilər deyil, tarixçilər olmalıdır: "Bizim bu məsələdə alnımız açıq, üzümüz ağdır. Arxivlərlə bağlı erməni tərəfinə ortaq komissiyanın yaradılması təklifimiz hələ də aktualdır”.

Ərdoğan oktyabrın 29-da ABŞ Nümayəndələr Palatasının “qondarma erməni soyqırımı” ilə bağlı verdiyi qərardan Türkiyə tərəfinin qəzəbli olduğunu və bunun hər iki ölkə arasındakı mövcud əlaqələrə olduqca mənfi təsir göstərə biləcəyini deyib: “Türkiyə bu mövzuda ortaq dialoqun, arxivlərin açılmasının tərəfdarıdır".

Bu məqamda bildirək ki, Respublikaçı senator Lindsi Qrem çərşənbə günü Senatın Osmanlı İmperiyasında bir əsrdən əvvəl "erməni soyqırımını" tanıyan qətnamənin qəbul etməsinin əleyhinə olduğunu bildirib.

APA-nın verdiyi xəbərə görə, senator Grem qətnamənin qəbulunu bloklamaq hüququndan istifadə edib.

"Mən Ərdoğan və Trampla görüşdüm və Türkiyə ilə Suriyada qarşılaşdığımız problemlərdən danışdıq. Ümid edirəm ki, Türkiyə ilə Ermənistan aralarındakı sözügedən problemi birlikdə həll edər", - deyə senator əlavə edib.

Trampın yaxın müttəfiqi hesab olunan Grem senatorlara xitabən "tarixin yenidən yazmağın lazımsız olduğunu" bildirib.

Qeyd edək ki, “Erməni soyqırımı” qətnaməsi Xarici İşlər Komitəsində böyük demokrat Robert Menendez tərəfindən təklif edilmişdi.

Mediapost.az


Xəbərlər departamenti

Gündəm