Ərəblər "Apple"la "Microsoft"u necə geridə qoydu?
16.12.2019 13:58 Fikirlər

Ərəblər "Apple"la "Microsoft"u necə geridə qoydu?

Bir neçə gün əvvəl dünya iqtisadiyyat tarixinin ən böyük sazişi imzalandı. Səudiyyə Ərəbistanının "Saudi Aramco" dövlət neft şirkəti səhmlərini birjaya yerləşdirən kimi qiymətli kağız paketi hökumətə 25,6 milyard dollar qazandırdı. Şirkətin bazar dəyəri isə 1,87 trilyon dollar qiymətləndirildi.

“Saudi Aramco” dünyanın ən bahalı şirkəti olan “Apple” (1,18 trilyon), həmçinin “Microsoft” (1.15 trilyon), "Alphabet" (930 milyard) və "Amazon"u (870 milyard) geridə qoydu. Sazişin imzalanacağı üç il əvvəl elan edilsə də, razılaşma bir neçə dəfə təxirə salınmışdı. Bir dəfə isə ümumiyyətlə, heç bir anlaşmaya gedilməyəcəyi bildirilmişdi.

"ALİBABA" KÖLGƏDƏ QALDI

İlkin kütləvi təklif (IPO - Initial Public Offering) deyilirdi ki, 200 milyard səhmdən 3 milyardı hərraca çıxarılacaq. Səhmlərin üçdə biri fərdi investorlara (arzuedən hər kəsə), qalan hissəsi institusional investorlara (banklar, investisiya, sığorta, pensiya fondları) satılacaq. Bir kağızın qiyməti 8.53 dollar oldu. Səhmlərin əvvəl nəzərdə tutulduğu kimi 5 yox, cəmi 1,5 faizi yerli "Tadawul" birjasına yerləşdirildi. 2020-2021-ci illərdə səhmlərin 3 faizlik hissəsi beynəlxalq bazarlarda satışa çıxarılacaq.

Ərəblər Apple

IPO çərçivəsində institusional investorlar 106, fərdi investorlar 119 milyard dollarlıq təklif verib. Bu, tarixdəki ən nəhəng IPO idi. Nəticədə Çinin internet nəhəngi olan "Alibaba" şirkətinin 5 il əvvəlki nəticəsindən 600 milyon dollar daha çox vəsait cəlb etmək mümkün oldu.

“Saudi Aramco”nun səhmlərinin qiyməti ikinci ticarət günündə 10 faiz artdı. Nəticədə “Saudi Aramco” qlobal miqyasda 5 ən nəhəng neft şirkəti - BP, “ExxonMobile”, “Royal Dutch Shell”, “Total” və “Chevron”la müqayisədə ən böyük bazar dəyərinə çatdı.

Söhbət, əvvəllər hökumətə məxsus olan mövcud səhmlərin satışından getdiyi üçün pullar şirkətə yox, Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fonduna gedəcək və iddialı "Vision-2030" proqramını həyata keçirmək üçün istifadə ediləcək.


Həmçinin oxu: Dəfn gününü əvvəldən ssenariləşdirən dövlət xadimi


Proqram 2016-cı ildə işlənib hazırlanıb. Krallıq rəsmiləri qlobal bir layihənin ilk və vacib mərhələsi olaraq IPO "Saudi Aramco" haqqında ilk dəfə o zaman danışmışdılar. Proqram çərçivəsində Səudiyyə Ərəbistanının hazırkı simasını kökündən dəyişmək planlaşdırılır. Dəyişikliklər həm sosial (vətəndaş hüquq və azadlıqlarını əhəmiyyətli dərəcədə genişləndirmək), həm də iqtisadi sahəni (neft asılılığından qurtulmaq, investorları cəlb etmək və yeni sənaye sahələrini inkişaf etdirmək) əhatə edəcək.

SƏHRADA 500 MİLYARDLIQ ŞƏHƏR

"Vision-2030"un ən böyük hədəflərindən biri Misir-İordaniya sərhədindəki səhrada sıfırdan inşa ediləcək möcüzə Neom şəhəridir. İnşasına 500 milyard dollar xərclənəcək şəhərin dünyəvi qanunlarla yaşaması, özünü enerji və məhsullarla tam təmin etməsi, eyni zamanda dünyanın hər yerindən sərmayə və mütəxəssislər cəlb etməsi nəzərdə tutulub.

Səudiyyə Ərəbistanı Qərb siyasətçiləri və iş adamlarının gözündə imicini indidən dəyişməyə çalışır. Gələcəyə İnvestisiya Təşəbbüsü forumu (Future Investment Initiative) üçüncü ildir paytaxt Ər-Riyadda keçirilir. 2019-cu ildə bu foruma ABŞ-dan olan nazirlər və dünyanın ən böyük investisiya fondlarının rəhbərləri qatılmışdı.

Ərəblər Apple

IPO ilə bağlı ilk hesablamalar indiki ilə müqayisədə çox fərqli idi. Planda beş faizlik paket satmaq vardı. Bu o demək idi ki, xəzinəyə dərhal 100 milyard dollar daxil olacaqdı. Bundan əlavə, eyni anda bir neçə aparıcı Qərb birjasına çıxış nəzərdə tutulurdu. ABŞ birjasında satılan qiymətli kağızlara həbs qoyula bilərdi. Satıcı şirkətlər üçün ciddi qaydalar və tələblər səbəbindən digər meydanlara giriş çətin idi. Onlar investorlara və tənzimləyicilərə maliyyə hesabatlarını açıqlamalı idilər. "Saudi Aramco" rəhbərliyi isə bu cür şəffaflığa alışmayıb.

20-ci əsrin birinci yarısında ABŞ-la müştərək yaradılan müəssisənin baş ofisi Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşir. 1935-ci ildə ilk neft quyusunu qazan şirkət 1980-ci ildən etibarən tamamən dünyanın ən qapalı ölkələrindən olan Səudiyyə Ərəbistanına məxsus olub. “Saudi Aramco”nun 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “ExxonMobile”ın həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən biri “Saudi Aramco”nun payına düşür.

Kral ailəsinin planlarına müəyyən maneələr də vardı. Məsələn, ölkədəki siyasi vəziyyət. 2017-ci ildə ölkədə "təmizlimə əməliyyatı" başladı. Vəliəhd şahzadə Məhəmməd bin Salman hakimiyyətin ən yüksək pillələrində korrupsiyaya qarşı mübarizə adı altında bir çox iri məmur və iş adamının həbsinə əmr verdi. Onların arasında ən məşhuru başqa bir şahzadə - tanınmış investor və ABŞ-ın "Siti" bank qrupunun ən böyük səhmdarı Əl-Valid bin Talal idi. Kütləvi həbslər onsuz da müəyyən problemləri olan biznes mühitini korladı.

NEFT VƏ İSLAHATLAR...

Bir il sonra ölkəsinin siyasətini Qərb nəşrlərində sərt tənqid edən jurnalist Camal Xaşuqci Səudiyyə Ərəbistanın İstanbuldakı konsulluğunda öldürüldü. Sonda rəsmi Ər-Riyad baş verənlərə görə məsuliyyəti öz üzərinə götürməli oldu.

Ərəblər Apple

Bütün bunlar potensial investorların, xüsusən xarici investorların marağına mənfi təsir göstərdi. Anderrayter (səhmləri birbaşa şirkətdən alıb birjada investorlara daha baha satmaq) kimi çıxış etməyə hazırlaşan müstəqil investisiya bankları 1,2 trilyon dollarlıq rəqəmdən danışırdılar ki, bu da ilkin qiymətləndirmədən iki dəfə az idi.


Həmçinin oxu: "Duty Free": gəmidən başlayan nəhəng biznes necə quruldu?


Paradoksal olsa da, həmin vaxt ölkə artıq xaricdən gələn pula az ehtiyac duyurdu. 2014-cü ildəki kəskin enişdən sonra neftin dünya birjalarındakı qiyməti təqribən 65 dollar olmuşdu

"Saudi Aramco" fabriklərinə son dron hücumları da kənar təsirlərdən biri oldu. Qlobal yanacaq tədarükü müvəqqəti olaraq azaldı. İslahatlar başladı: mallar və xidmətlərə beş faiz ƏDV tətbiq olundu, hökumət dövlət istiqrazları buraxdı və neft subsidiyaları azaldıldı.

Ötən yay IPO-nun ləğvi ilə bağlı söhbətlər gəzməyə başladı. Ölkə səlahiyyətlilərinin beynəlxalq məsləhətçiləri geri çağırdığı və hökumətin vəsait cəlb etməyin yeni (məsələn, bank kreditləri hesabına) yollarını tapdığı iddia olundu. 2018-ci ilin ikinci yarısında artıq hamı məsələnin gündəmdən çıxdığına inanmışdı. Lakin 2019-cu ilin okytabrında - pilotsuz aparatların (İran və Yəmənə məxsus olduğu iddia edilir) "Saudi Aramco"nun obyektlərinə hücumundan sonra mövzuya yenidən qayıdıldı.

İkinci dəfə proses daha sürətli getdi. Saziş bir ay ərzində səlahiyyətlilər və şəxsən şahzadə Məhəmməd tərəfindən təsdiqləndi. Bu zaman ilk detallar ortaya çıxdı. Məlum oldu ki, şirkətin nizamnamə kapitalı 16 milyard dollardır və 200 milyard adi səhmə bölünüb. Daha vacib məqam mövcud qiymətli kağızların satışının təsdiqlənməsi idi.

Ərəblər Apple

Bir həftə sonra yerləşdirmə həcmi (nizamnamə kapitalının 1,5 faizi) və qiymət aralığı (hər səhm üçün 8-8.53 dollar), eləcə də hərracın başlama tarixi (11 dekabr) elan edildi. Sonra müraciətləri qəbul etməyə başladılar. Müraciətər fərdi və institusional alıcılar üçün ayrı-ayrı qəbul edilirdi.

Dekabrın 5-də yekun şərtlər nəhayət təsdiqləndi: qiymətli kağızların üçdə biri hər kəsə, qalan hissəsi - yalnız böyük oyunçulara satılacaq. Qiyməti 8,53 dollar, "Saudi Aramco" şirkətinin ümumi dəyəri isə 1,7 trilyon dollar olacaq. Bundan əlavə, seçim barədə məlumat əldə edildi - prosedur başa çatdıqdan sonra yerləşdirmə təşkilatçılarının (20 aparıcı dünya bankı) əlavə 450 milyon səhm almaq hüququ yaranacaq. Bu, neft nəhənginə kotirovkaları sabitləşdirməyə kömək edəcək.

SƏRMAYƏÇİLƏR VƏ MÜMKÜN RİSKLƏR...

Oktyabr ayından Səudiyyə hakimiyyəti IPO ilə bağlı aktiv reklam kampaniyası başladıb. Krallığın küçələrində plakatlar asılır, televiziya reklamlarında ölkənin əsas şirkətindən səhm almağa çağırışlar edilir. Hökumət orta təbəqədən sabit tələb gözləyir. Bu da səbəbsiz deyil. Bir sıra insanların IPO-ya qatılmaq üçün əmlaklarını satdığı müşahidə olunur. Ər-Riyad öz vətəndaşlarının vətənpərvərlik hislərinə təzyiq göstərir və çoxları da buna gedir. Bəzi insanlar bu yolla gələcək qazanc üçün sərmayə qoyduqlarını düşünürlər.

Potensial alıcıları inandırmaq üçün "Saudi Aramco" hətta tanınmış beynəlxalq agentlik "IHS Markit"ə araşdırma aparması üçün sifariş verib. Agentlik müəyyən edib ki, Səudiyyə Ərəbistanında neft hasilatının maya dəyəri dünya üzrə ən aşağı (Küveytdəki kimi) həddədir. Bu da sərmayəçilər üçün olduqca sərfəlidir.

Ərəblər Apple

Lakin maliyyəçilər mümkün risklər barədə də xəbərdarlıq edirlər. Əvvəlcə onu qeyd edirlər ki, investorlar bir avtoritar rejimlə iş aparacaqlarını diqqətə almalıdırlar. Və belə rejimlərin gözlənilməz addımları ola bilir. Məsələn, ABŞ şirkətləri bu baxımdan acı bir təcrübə yaşayıblar. 1930-cu ildən "Saudi Aramco"nun yarısı hökumətlə güzəşt müqaviləsi bağlayan "SoCal" və "Texaco" şirkətlərinə məxsus idi. 70-ci illərdə Qərb ölkələrinin ərəb dövlətlərinə qarşı qiyamət savaşında İsraili dəstəkləməsi fonunda qlobal enerji böhranı yaşandı. Bu zaman Ər-Riyad "Saudi Aramco"nun xarici sahiblərini qovaraq şirkətin hamısını ələ keçirdi.


Həmçinin oxu: Texnoçempionlar: dünyanın yeni hakimləri...


Hazırda da şirkət konsessiya əsasında fəaliyyətini davam etdirir, əmanətlər və yataqlar hələ də dövlətə məxsusdur. Yəni Qərb şirkətləri ilə bağlı məlum vəziyyət istənilən vaxt təkrarlana bilər. Məsələn, hakimiyyət büdcənin ehtiyaclarını əsas gətirib şirkətin gəlirlərindən daha çox istifadə edər.

QARA QIZILIN QARA GÜNLƏRİ?

Bölgədəki mürəkkəb siyasi vəziyyəti də nəzərə almaq lazımdır: Yəməndəki müharibə, Qətərlə qarşıdurma. Bütün bunlar sentyabr hücumlarının təkrarlanması təhlükəsini yaradır. Bu isə hasilatın, eyni zamanda da qazancın azalması deməkdir. Bundan əlavə, elektrik nəqliyyat vasitələrinin inkişafı, alternativ yanacaq və ekoloji tələblərin sərtləşdirilməsi səbəbindən gələcəkdə neft çətin günlərlə üzləşəcək.

"Saudi Aramco"nun uğurunu 2014-cü ildə bazardan 25 milyard dollar cəlb edən "Alibaba"nın və ya ötən il dünyada trilyon dollarlıq kapitallaşma həddini aşan ilk şirkət olan "Apple"ın uğurları ilə müqayisə etmək olmaz. Təəccüblü deyil ki, 18 ən böyük qlobal investisiya fondundan 12-i Səudiyyə nəhənginin IPO-suna heç bir məhəl qoymadı.

Bütün bunlara baxmayaraq, hərracın ilk günü "Saudi Aramco" üçün çox uğurlu oldu. Onun səhmləri ilkin səviyyədən 10 faiz artararaq 9.5 dollara çatdı. Şirkət artıq ilk investorlara gəlir gətirir və yenilərini cəlb edir.

İndi Səudiyyə Ərəbistanda həm kral ailəsi, həm də xalq dünya iqtisadiyyatı tarixinə düşməyin sevincini yaşayır. Səylərin və ümidlərin özünü nə dərəcədə doğruldacağı isə tezliklə bəlli olacaq...

Tərcümə Mediapost.az-a məxsusdur

Xəbərlər departamenti

Gündəm