Erməni nazir Qarabağın Azərbaycan daxilində gələcəyini görmədiyini deyir
06.11.2020 17:26 Fikirlər Siyasət

Erməni nazir Qarabağın Azərbaycan daxilində gələcəyini görmədiyini deyir

“Qarabağın Azərbaycan daxilində gələcəyi yoxdur, belə bir addım ermənilərsiz Qarabağ deməkdir”.

MediaPost” xəbər verir ki, bu sözləri Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan oktyabrın 5-də parlamentdə çıxışı zamanı deyib.

O bildirib ki, Qarabağın Azərbaycan daxilində gələcəyi yoxdur, olmayıb, olmayacaq da:

“Belə bir addım ermənilərsiz Qarabağ deməkdir, bu isə olmayacaq. Bizim bütün gücümüz bu planlara yönəldilib”.

“Bu işi davam etdirmək üçün birlikdə işləmək son dərəcə vacibdir” – Mnatsakanyan əlavə edib.

Göründüyü kimi, ənənəvi erməni yanaşması – qoymarıq, icazə vermərik, qəbul etmərik və s.

MediaPost” olaraq, sual vermək istəyirik – dediklərinizdən belə çıxır ki, haqqında danışdığınız planlar, hədəflər Qarabağın Azərbaycandan qopardılması deməkdir?

Əgər bir ölkənin baş diplomatı belə danışırsa, başqa bir müstəqil dövlətin beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsinin işğalda qalması ilə bağlı planlardan dəm vurursa, həmin dövlətlə danışıqlar aparılmasında nə məntiq var?

Ermənilər heç vaxt Azərbaycan və Türkiyəyə olan nifrətlərini gizlətməyiblər. İndi də yaxşı məqam odur ki, baş diplomat açıq danışır, ölkəsinin separatçılığa baxışını bir daha bəyan edir. Onlar iştahalarını gizlətmirlər, xislətlərini ortaya qoymaqdan çəkinmirlər.

Ermənilərin hədəfi həmişə daha çox ərazi ələ keçirmək olub. “Türklər bizə soyqırımı ediblər” deyə-deyə, xarici siyasətlərini də bunun üzərində qurmağa çalışırlar, amma maraqlıdır ki, arxivlərin açılmasına razılaşmırlar. Onlara xatırlatmaq istərdik ki, Ermənistan Respublikası olaraq da, yarandığınız vaxtdan qonşu ölkələrə qarşı hər zaman nifrətinizi göstərmisiniz və ərazi iddiaları ilə çıxış etmisiniz.

Guya ermənilər üçün təhlükə olduğu məsələsinə gəlincə, Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycanın erməni əhalisinin narahatlığı üçün heç bir səbəb yoxdur. Faktdır ki, işğalçılıq edən, insanları yurd-yuvalarından didərgin salan, onların ölümünə səbəb olan, qətliam həyata keçirən Azərbaycan deyil, sizsiniz!

Xəbərlər şöbəsi

Gündəm