“Erməni nazir Türkiyə və Azərbaycan haqqında mənfi rəy formalaşdırmaq istəyir”
15.09.2020 14:04 Hərbi

“Erməni nazir Türkiyə və Azərbaycan haqqında mənfi rəy formalaşdırmaq istəyir”

“Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Yaxın Şərq və Şimali Afrika ölkələrinə səfər turnesinə Misirdən başlayıb. Misir Ermənistanın müstəqilliyini tanıyan ilk ərəb ölkələrindəndir. Erməni nazir misirli həmkarı ilə ortaq mətbuat konfransında Osmanlı Türkiyəsinə qarşı birgə mübarizədən və hazırda iki ölkənin təhlükəsizliklə bağlı ortaq maraqlarından danışıb. Mnatsakanyan “ortaq təhlükəsizlik maraqları” dedikdə əslində, hər iki dövlətin anti-Türkiyə mövqeyinə işarə edib”.

Bunu “MediaPost”a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, erməni nazirin sonrakı cümləsində Yunan Kiprinin, Yunanıstanın və Misirin mövqelərini müdafiə etdiklərini vurğulaması təsadüfi deyil:

“Məlumdur ki, adı çəkilən ölkələr Türkiyənin Aralıq dənizində enerji kəşfiyyat işlərinə mane olmağa çalışırlar. Erməni nazir Şimali Afrikadakı vəziyyətlə Cənubi Qafqazdakı vəziyyət arasında paralellər də aparmağa çalışıb. Ermənistanın Xarici İşlər nazirinin Şimali Afrika səfərinə Misirdən başlamasının səbəbi bəllidir. Hazırda Misirlə Türkiyə arasında münasibətlər soyuqdur. Erməni nazir də bundan istifadə edərək Misirə dəstək ifadə etmək üçün Qahirəyə yola düşüb. Erməni nazirin bundan sonra Türkiyə əleyhinə siyasət yürüdən digər dövlətlərə - Yunan Kiprinə, Yunanıstana və Fransaya səfər edəcəyi də istisna deyil. Erməni nazirin bu səfərlərdə bir başqa məqsədi də odur ki, xarici tərəfdaşlarında Türkiyə kimi, Azərbaycan haqqında da mənfi rəy formalaşdırsın. Azərbaycanın Yunan Kipri ilə onsuz da, əlaqəsi yoxdur və adadakı yunanların Azərbaycana münasibəti bəllidir. Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstanın yeni səfirini Bakıda qəbul edərkən Afinanın siyasətini sərt tənqid etdi. İlham Əliyev səfirə açıq dedi ki, rəsmi Bakı strateji müttəfiqi Türkiyənin maraqlarını müdafiə edir. Belə olan halda, Afinanın Bakıya münasibəti isti ola bilməz. Azərbaycanla Yunanıstanı birləşdirəcək tək mövzu bu ölkəyə qaz satışı ola bilər. Afina Azərbaycan Respublikası Dövlət Neft Şirkətini yerli “DESFA” şirkətinin səhmlərini almaqdan məhrum etməklə onsuz da, münasibətlərə zərbə vurub. Belə olan halda, erməni nazirdən fərqli olaraq, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun yaxın illərdə Afinaya rəsmi səfərini təsəvvür etmək çətindir”.

Politoloqun sözlərinə görə, Azərbaycanın Misirlə münasibətləri normal olsa da, rəsmi Ankara haqqında bu sözü demək olmur:

“Azərbaycanın Misirlə münasibətlərində problemi yoxdur. Hüsnü Mübarək Misirin prezidenti olduğu illərdə iki dövlət arasında isti münasibətlər formalaşmışdı. Ancaq Misirdə son 10 ildə fərqli proseslər cərəyan edib və general Sisinin hakimiyyətə gəlişi ilə Qahirə və Ankara arasındakı münasibətlər gərginləşib. Rəsmi Ankara Misirdə baş verənləri çevriliş kimi dəyərləndirib. Bundan sonra Sisi Türkiyə əleyhinə siyasətdə yer alıb. Bunun nəticəsidir ki, Misir Türkiyə əleyhinə Aralıq dənizinin sərhədinin müəyyənləşdirilməsi ilə bağlı Yunanıstanla saziş imzalayıb. Halbuki, mütəxəssislərin rəyinə görə, dənizdə daha böyük ərazi əldə etmək baxımından Afina ilə imzalanan saziş Misirin maraqlarına uyğun deyil. Bu saziş Afinaya təcili lazım idi. Çünki bundan əvvəl dəniz sərhədinin müəyyənləşməsi ilə bağlı Türkiyə Liviyanın mərkəzi hökuməti ilə saziş imzalayıb”.

“Azərbaycanla Türkiyə arasında strateji əlaqələr getdikcə güclənir. Bu halda, hər iki ölkə bir-birinin strateji maraqlarını nəzərə almalıdır. Ancaq iki dövlət arasında xarici siyasətdə fərqli maraqlar da var. Məsələn, Türkiyənin Misirlə yanaşı, İsrail, Səudiyyə Ərəbistanı, Fransa və Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətləri gərgindir. Rəsmi Bakının isə adı çəkilən dövlətlərlə münasibətlərində problemləri yoxdur. Rəsmi Bakının Sisinin prezidenti olduğu Misirlə də münasibətlərində problem yoxdur. Ancaq rəsmi Bakı üçün xarici siyasətdə manevr imkanları getdikcə darala bilər. Ölkəmiz bir tərəfdən təhlükəsizlik siyasətində Türkiyənin regional maraqlarını nəzərə almalı, eyni zamanda Türkiyə əleyhinə siyasət yürüdən dövlətlərlə münasibətlərdə körpülərin yandırılmamasına çalışmalıdır. İkincini həyata keçirmək çətin olacaq. Çünki Türkiyəyə düşmən gözü ilə baxan ölkələr Ankaranın strateji müttəfiqi olan Azərbaycana bundan sonra şübhə ilə yanaşacaqlar. Rəsmi İrəvan bundan öz məqsədləri üçün istifadə etməyə çalışacaq. Buna yol verməmək üçün rəsmi Bakı xarici siyasətdə çevikliyini artırmalıdır” - deyə, E. Şahinoğlu bildirib.

Xəbərlər departamenti

Gündəm