“Ermənidilli əhali ilə hər hansı bir kompromisə gəlməyimizdən söhbət gedə bilməz”-Millət vəkili
08.06.2023 15:45 Xarici siyasət

“Ermənidilli əhali ilə hər hansı bir kompromisə gəlməyimizdən söhbət gedə bilməz”-Millət vəkili

“Erməni mediasının Arayik Harutyunyanın Azərbaycanla kompromis mövqeyə gələ bilmə ehtimalını irəli sürməsi absurd fikirdir”.

Bunu "MediaPost"a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Millət vəkili əlavə edib ki, çünki Arayik Harutyunyan Azərbaycan Respublikasının Baş Prokurorluğu və digər hüquq mühafizə orqanları tərəfindən axtarışa verilmiş hərbi cinayətkardır:

“Ona görə də Arayikin hansı mövqedə olub-olmamasından asılı olmayaraq, Azərbaycan onunla heç bir dialoq aparmaz və aparmayacaq. Əgər bu ad altında Qarabağda yaşayan erməni əhalinin mövqeyi ilə Azərbaycan arasında inteqrasiyaya dair hər hansı bir məsələnin müzakirə olunması nəzərdə tutulursa, bu, tamamilə mümkündür. Çünki Azərbaycan Prezidenti sonuncu dəfə Şuşada bildirdi ki, biz dəqiq araşdırmalar apardıqdan sonra kimə vətəndaşlıq verə biləcəyimiz haqqında düşünə bilərik”.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşlığını qazanmaq çox böyük bir şərəfdir və buna layiq olmaq lazımdır:

“Ona görə də ermənilərin məsələni bu cür qoyması yanlışdır. Bizim üçün potensial Azərbaycan vətəndaşları hesab ediləcək ermənidilli əhali ilə hər hansı bir kompromisə gəlməyimizdən söhbət belə gedə bilməz. Çünki vətəndaş - dövlət münasibətləri yalnız şaquli münasibətlərdir. Bu da konstitusiya və hüquq əsasında müəyyənləşdirilir. Ona görə də hər hansı bir kompromisdən danışmaq absurddur. Bu, sadəcə Ermənistan mediasının iddiası ola bilər”.

Sevinc İbrahimzadə

Xəbərlər departamenti

Gündəm