Ermənilərə 21 günlük JEST: Azərbaycanın humanitar yükləri nə zaman buraxılacaq?
18.09.2023 18:00 Siyasət

Ermənilərə 21 günlük JEST: Azərbaycanın humanitar yükləri nə zaman buraxılacaq?

Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində un olan iki yük maşını 21 gündür Ağdam-Xankəndi yolundadır. Bəzi ölkələrdən göndərilən yüklərin keçidinə imkan verilməsi fonunda Azərbaycanın humanitay yüklərinin hələ də sərhəddə gözləməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Rəsmi Bakı isə bu məsələnin də digər problemlər kimi həll olunacağına ümid bəsləyir.

Mövzunu "MediaPost"a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, Qarabağdakı ermənilər yalnız başqa ölkələrdən gələn humanitar yükləri qəbul edirlər. Azərbaycan istehsalı olan məhsulların girişinə isə imkan vermirlər. Bu barədə sosial şəbəkələrin erməni seqmentində də məlumatlar yayılır: "Təbii ki, bütün bunlar təbliğat üçün ortaya atılan tezislərdir. Azərbaycan üçün vacib olan iki maşının Xankəndinə daxil olması deyil.

alt text

Əsas məsələ Ağdam-Xankəndi yolunun açılması idi ki, Azərbaycan bu məsələdə istəyinə nail oldu. Artıq Ağdam-Xankəndi və Laçın-Xankəndi yolundan yüklər rəsmi Bakının nəzarəti ilə Xankəndiyə daşınır. Üstəlik proseslər sərhəd və gömrük qaydalarına uyğun keçirilir. Bizim yükümüzün bölgəyə göndərilməsi isə "böhran" hay-küyünə verilən cavab kimi qiymətləndirilməlidir. Yəni Azərbaycan ermənilərin siyasi manipulyasiya ilə məşğul olduğunu sübuta yetirmək üçün bu addımı atıb. Amma ən önəmlisi Ağdam-Xankəndi yolunun açılması idi ki, rəsmi Bakı bu istəyinə nail oldu".

Politoloqun sözlərinə görə, proseslərin bundan sonrakı inkişafı adıçəkilən yolun tam işlək vəziyyətə gətirilməsi istiqamətində olacaq: "Bu məsələdə rəsmi Bakı kənar oyunçuların müdaxiləsinə imkan verməyəcək. Azərbaycan özünə qarşı iki aya yaxındır başlanan böhran kampaniyasına və təzyiqə tab gətirə bildi.

Biz öz tələblərimizi qəbul etdirdik və Ağdam-Xankəndi yolu beynəlxalq səviyyədə qəbul olundu. Bundan sonra daşınan yüklərin əhəmiyyətli hissəsi bu yoldan keçəcək. Ermənistanın yük maşınları isə bizə rüsum ödəyərək bölgəyə daxil olacaq. Bu baxımdan, bizim üçün önəmli olan prosesin irəli getməsidir. Təbii ki, ictimai rəydə yüklərimizin orada qalması müsbət hal kimi dəyərləndirilmir. Amma hər şeyin zamana ehtiyacı var. Proseslər irəlilədikcə problemlər həllini tapacaq. Beləcə, bölgədəki separatçı xunta rejimi Azərbaycandan göndərilən yükləri qəbul edəcək və reinteqrasiya prosesinə başlayacaq. Rəsmi Bakı bütün bu proseslərə addım-addım və səbrlə yaxınlaşır".

Müşviq Tofiqoğlu

Gündəm