Ermənistan siyasətçiləri bir-birlərinin yalanlarını ifşa edirlər
15.09.2020 17:53 Siyasət

Ermənistan siyasətçiləri bir-birlərinin yalanlarını ifşa edirlər

2016-cı ilin Aprel döyüşlərində Ermənistan silahlı qüvvələrinin darmadağın olmasının səbəblərinin araşdırılması üçün yaradılmış Ermənistan Milli Məclisinin İstintaq qrupunun sədri, “Mənim addımım” blokunun təmsilçi deputatı Andranik Köçəryanın Ermənistanda fəaliyyət göstərən radiostansiyalardan birinə verdiyi müsahibə zamanı Ermənistanın maraqlarına cavab verməyən fikirlər səsləndirməsi işğalçı ölkədə növbəti qalmaqala səbəb olub.
 

“MediaPost”un verdiyi xəbərə görə, Andranik Köçəryan ondan soruşulan sualı təsdiqləməklə dörd ildir ki, həm erməniləri, həm də xarici dövlətləri inandırmaq istədikləri “Xankəndi səmasına aprelin 2-dən 5-dək heç bir Azərbaycan pilotsuz uçuş aparatı (PUA) daxil olmayıb” mifini darmadağın edib. Xatırladaq ki, 2016-cı ildə gedən silahlı toqquşmalarda erməni tərəfi xeyli canlı qüvvə və döyüş texnikası itirib. 
Ermənistan hökumətinin yaratdığı digər əfsanə odur ki, iyul ayında Tovuz istiqamətində etdikləri təxribatda guya misilsiz qələbə çalıblar. Paşinyan hakimiyyəti iyulda törətdiyi təxribatın acınacaqlı nəticələrini gizlətmək üçün bu yola əl atıb. Toqquşmaların nəticəsini az qala, “Stalinqrad döyüşlərinə” bərabər tutan Ermənistanın “təbliğat aparatı” öz ordularını qalib kimi təqdim edir. 

Yadınızdadırsa, toqquşmalar vaxtı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti döyüşlərin gedişi ilə bağlı fasiləsiz olaraq, məlumat verirdi. Azərbaycan Ordusunun işğalçılara ciddi zərbə vurduğu şübhəsizdir. Buna baxmayaraq, qarşı tərəf indiyədək öz itkilərini gizlədir, ölüm faktlarının başqa səbəblərdən baş verdiyini bildirir.
Söhbət ondan gedir ki, ordumuz iyulda, döyüşlər vaxtı ərazilərin hava məkanını “aşsüzənə” çevirmişdi. Bu, 2016-cı ildə də belə olub. Düşmən ölkənin öz yalanlarını etiraf etməyi isə lap maraqlı olur. Yaxşı ki, yalan danışdıqlarını boyunlarına alırlar.

Sonda bizdən həmişəki kimi ermənilərə məsləhət: yaşadığınız ölkə haqqında həqiqəti bilmək istəyirsinizsə, öz hakimiyyətinizin populist çıxışlarına fikir verin. Siyasətçiləriniz bir-birini təkzib etməyə başlayanda bilin ki, həqiqət yaxındadır.
 

Xəbərlər departamenti

Gündəm