Ermənistanın aldığı Su-30 qırıcı təyyarələri ilə bağlı sensasion faktlar açıqlanıb
03.02.2020 09:16 Hərbi

Ermənistanın aldığı Su-30 qırıcı təyyarələri ilə bağlı sensasion faktlar açıqlanıb

Bunu “Report”a açıqlamasında Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş imkanlarının hesablanması üzrə mütəxəssisi, ehtiyatda olan polkovnik Oqtay Bədəlov bildirib.

Onun sözlərinə görə, Su-30 qırıcılarının qəzaya uğraması hallarının artmasından başqa onların döyüş keyfiyyətlərinin köhnəliyi və müasir standartlara cavab verməməsi də diqqət çəkir: “Maraqlı bir faktı açıqlayım. Məsələn, keçən əsrin 90-cı illərindən Su-30MKİ qırıcıları Hindistan HHQ-nin silahlanmasında əsas yerlərdən birini tutur. Hindistanda Su-30MKİ qırıcılarının iştirakı ilə baş verən aviasiya qəzaları və insidentlərin 10 faizindən çoxu məhz bu tip təyyarələrin quş sürüsü ilə toqquşması nəticəsində baş verib. Müasir dünyada baş verən silahlı münaqişələrdə istifadəsi çətin və təhlükələrə qarşı perspektivsiz olan Su-30-ların istismarı da çox baha başa gəlir. Belə ki, qırıcının bir saat uçuşuna sərf olunan məbləğ təqribən 50 min ABŞ dollarından artıqdır. Manevr imkanlarının məhdud və istismarının bahalı olması cari ilin mart ayından “Hindustan Aeronautics” şirkəti tərəfindən bu tip təyyarələrin istehsalını dayandırması barədə qərar verməsinə səbəb olub.

Ehtiyatda olan polkovnik Oqtay Bədəlov

Daha bir fakt isə Malayziya HHQ-nin də silahlanmasında 28 ədəd Su-30-dan yalnız 4-nün döyüş qabiliyyətliolmasıdır. Digərləri isə bərpa olunması məqsədilə uzun müddətdir təmir zavodlarında saxlanılır”, - O.Bədəlov qeyd edib.

Ekspertin fikrincə, bu günə qədər baş vermiş qəzalar bir daha onu göstərir ki, heç də Ermənistanın ağız dolusu danışdığı Su-30 qırıcı təyyarələri şişirdiləcək qədər döyüş imkanlarına malik deyil: "Bu səbəbdən, Su-30 təyyarələri ilə bağlı Ermənistan hərbi-siyasi rəhbərliyinin səsləndirdiyi fikirlər erməni ictimaiyyətində mənəvi-psixoloji baxımdan tamamilə çökmüş ordunun nüfuzunun artırılması istiqamətində atılan addım olaraq qiymətləndirilməlidir”.

Qeyd edək ki, yanvarın 27-də Əlcəzairin şimal-şərqindəki Umm əl-Buaqi vilayətində Rusiya istehsalı olan Su-30SM qırıcı təyyarəsinin naməlum səbəbdən qəzaya uğraması xəbəri bu tip aviasiya vasitələrinin təhlükəsizliyinin şübhə doğurduğu barədə mülahizələri növbəti dəfə gündəmə gətirib. KİV-də yayılan məlumata görə, qırıcıda olan hər iki pilot katapult edə bilməyib və həlak olublar.

Xəbərlər departamenti

Gündəm