Erotika və qəddarlıqla bağlı qaydaların ləğvi işimizi asanlaşdıracaq - MTRŞ
07.02.2020 10:33 Gündəm

Erotika və qəddarlıqla bağlı qaydaların ləğvi işimizi asanlaşdıracaq - MTRŞ

"Yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar" ın ləğvi Milli Televiziya və Radio Şurasının (MTRŞ) işini asanlaşdıracaq.

Bunu “MediaPost”a açıqlamasında MTRŞ-nın Hüquq və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Nemət Cavadov sözügedən qurumun qərarı ilə erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi qaydaların ləğv olunmasını şərh edərkən deyib.

Erotika və qəddarlıqla bağlı qaydaların ləğvi işimizi asanlaşdıracaq - MTRŞ

Qurum rəsmisi qaydaların ləğv edilməsini əsaslandıran şərtlərdən danışıb: “Milli Televiziya və Radio Şurasının 10 aprel 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotika və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar” “Televiziya və Radio haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinin tələbinə əsasən hazırlanmışdı. Həmin maddənin sözügedən tələbində vurğulanırdı ki, müvafiq dövlət orqanı yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi qaydalar müəyyənləşdirir. Burada müvafiq dövlət orqanı deyəndə MTRŞ nəzərdə tutulur. Biz də bu qnaunun tələbinə əsasən, belə bir qayda hazırlayıb hüquqi aktların reyestrində qeydiyyatdan keçirmişdik və fəaliyyətimizi də buna uyğun şəkildə qururduq. Sadəcə olaraq “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun qəbul olundu. “Televiziya və Radio haqqında” Qanunun 33-cü maddəsində göstərilirdi ki, uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq onların zərərli informasiyadan qorunması “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Biz bu qaydanı 33.1-ci maddənin tələbinə əsasən hazırlamışdıq, amma “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun qəbul olunduqdan sonra həmin “Televiziya və Radio haqqında” Qanunun 33-cü maddəsində dəyişiklik oldu və göstərildi ki, uşaqların zərərli informasiyadan qorunması bundan sonra müvafiq qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu da təbii ki, bizim qaydalarımızın ləğvinin zəruriliyini gündəmə gətirdi. Ona görə də biz həmin qaydaları öz qərarımızla ləğv etdik”.

N.Cavadov sözügedən qaydaların ləğvinin MTRŞ-nın işini daha da asanlaşdıracağını bildirib: “Biz əvvəl necə işləmişiksə, bundan sonra da elə davam edəcəyik. Bu qanunda da teleradio yayımına münasibətdə yenə də MTRŞ əsas orqan kimi nəzərdə tutulur. Bizim qaydalarda əks olunan problemlər qanunda əksini tapdığı üçün bu qərar bizim işimizi daha da asanlaşdıracaq. Çünki qanun qaydalardan daha üstündür. MTRŞ bundan sonra işini “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanuna uyğun şəkildə quracaq”.

Billurə Yunus

Xəbərlər departamenti

Gündəm