Əsəbiləşən müəllim videodan danışdı: "İnternetin olmadığını göstərmək istəmişəm"
23.04.2020 15:13 Gündəm

Əsəbiləşən müəllim videodan danışdı: "İnternetin olmadığını göstərmək istəmişəm"

Sosial şəbəkələrdə videosu yayılan Ağdaş rayonu Habil Əliyev adına musiqi məktəbinin solfecio fənn üzrə musiqi müəllimi Vəfa Həsənova sözügedən videodan danışıb.

“MediaPost” xəbər verir ki, o, jurnalist Günel Əli müəllim haqqındakı paylaşımından sonra onunla əlaqə saxlayaraq videonun dərsi keçməzdən öncə hazırlıq məqsədilə çəkildiyini deyib.

V.Həsənova 1-ci siniflərə musiqi dərsi keçməzdən öncə hazırlıq məqsədilə videonu çəkib, öz müəllim yoldaşlarından ibarət olan "Whatsapp" qrupa göndərdiyini bildirib:

“Bu videonu qrupda paylaşmaqda məqsədim Ağdaş rayonunun kəndində internetin olmaması və çətinliklə uşaqlara dərs keçdiyimi bildirmək istəmişəm. Lakin bu zaman oğlumun ayağına ilişən naqil mənim telefonumun düşməsinə səbəb oldu. Bu, dərs ərəfəsində çəkilməyib. Dərs öncəsi çəkilib və həmkar yoldaşlarıma göndərmişəm. Çünki internetin olmadığı bir vaxtda çətinliklə dərs keçirik”.

Vəfa Həsənova bildirib ki, onlar onlayn dərs keçdikdən sonra tam videonu şöbə müdirinə göndərirlər.

Xəbərlər departamenti

Gündəm