Filmdə PR işi nə dərəcə önəm daşıyır? - ŞƏRH
Dünya təcrübəsinə nəzər salsaq, kino biznesinin qurulmasında, filmlərin ərsəyə gəlməsində, bazar qanunlarına uyğun şəkildə satışa çıxarılıb prokatda uğur qazanmasında prodüserin böyük rolu olduğunu görərik. Azərbaycanda bu iş nisbətən yeni olsa da, kino sənayesində öz yerini tapmaqdadır.
Mövzu ilə bağlı kinorejissor Rövşən İsaq MediaPost-a açıqlama verib. Onun sözlərinə görə, PR kampaniyası artıq ssenari yazılma mərhələsindən başlayır:
“PR kampaniyasının aparılması üçün də maliyyə lazımdır. Bizdə ancaq film üçün vəsait ayrılır. Digər məsələ də odur ki, prodüserlər bu işi müstəqil görməkdə maraqlı deyillər. Çünki yerli satış yoxdur. PR kampaniyası artıq ssenari yazılma mərhələsindən başlayır. Hətta bəzi kino şirkətləri düzgün qurulmuş PR hesabına ilkin mərhələdə filmi satmağa müvəffəq olurlar. Təəssüf ki, bizdə PR işi ancaq hər hansı saytda, jurnalda, qəzetdə və ya telekanalda filmin çəkilməsi haqda məlumat verilməklə kifayətlənir. PR bir elmdir, ictimaiyyətlə düzgün qurulmuş əlaqədir. Bu sahə üzrə mütəxəssislərimiz də çox azdır”.