Fransa şirkətinin Azərbaycanda qaz yatağından hasilata başlama tarixi açıqlanıb
13.01.2021 12:21 Energetika

Fransa şirkətinin Azərbaycanda qaz yatağından hasilata başlama tarixi açıqlanıb

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın “Total” şirkətinin Kəşfiyyat və hasilat üzrə prezidenti Arno Broyyakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

“MediaPost” şirkətə istinadən xəbər verir ki, görüşdə “Total”ın Xəzər və Cənubi Avropa regionu üzrə yeni təyin olunmuş vitse-prezidenti Kristin Mari Hili SOCAR rəhbərliyinə təqdim edilib. 

Rövnəq Abdullayev Fransadakı siyasi dairələrin Azərbaycana qarşı bitərəfliyini qoruya bilməyib, qərəzli mövqe nümayiş etdirdiklərinə görə Azərbaycanın haqlı etirazını qonaqların da diqqətinə çatdırıb.

“Total”ın Kəşfiyyat və hasilat üzrə prezidenti isə şirkətin tam özəl bir şirkət olaraq, Fransa dövləti ilə hər hansı bağlılığının olmadığını qeyd edib. Şirkətin Azərbaycana və birgə həyata keçirilən “Abşeron” layihəsinə sadiq qalması vurğulanıb.
 
Görüşdə neft-qaz bazarlarının inkişaf perspektivləri və “Abşeron” yatağında həyata keçirilən işlərlə bağlı fikir mübadiləsi aparılıb. SOCAR prezidenti qeyd edib ki, müxtəlif ölkələrin aparıcı şirkətləri Azərbaycanın yeni qaz yataqlarının işlənməsinə xüsusi maraq göstərir. 

“Total”ın kəşfiyyat və hasilat üzrə prezidenti qeyd edib ki, dünyada demoqrafik artımla bağlı olaraq yaxın onilliklərdə enerjiyə tələbat artmaqda davam edəcək. “Total”ın proqnozlarına əsasən, 2050-ci ilə qədər enerji istehlakında neft və qazın payı 50 faizdən aşağı düşməyəcək. Ümumilikdə isə qaza olan tələbatın yüksələcəyi proqnozlaşdırılır. 

Birgə həyata keçirilən “Abşeron” layihəsi çərçivəsində 2022-ci ildə ilk qazın hasilatına başlanılması əsas hədəf kimi qeyd olunub. Bunun üçün ötən il dənizə yola salınan platformanın üzərində bu il ərzində üç üst modulunun SOCAR-ın BOS Şelf şirkəti tərəfindən tikilib quraşdırılması nəzərdə tutulur. Hasil olunacaq qazın nəqli “Neft Daşları” üzərindən layihələndirildiyinə görə, hazırda Neft Daşlarında müvafiq modifikasiya işləri davam etdirilir.

Görüşdə yatağın işlənməsinin növbəti mərhələləri ilə bağlı müxtəlif məsələlər də müzakirə olunub. Qarşıdakı mərhələlərdə gəlirliyi təmin etmək üçün ölkədaxili qaz tariflərində artımın məqbul vasitə olmadığını xüsusi vurğulayan Rövnəq Abdullayev layihənin effektivliyini təmin etmək üçün xərclərin azaldılması zərurətini qeyd edib. Görüşdə həmçinin digər layihələrdə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Abşeron” yatağının işlənməsi Abşeron Petroleum Birgə Əməliyyat Şirkəti (JOCAP) tərəfindən həyata keçirilir. Əməliyyatçı şirkətin səhmləri SOCAR Absheron (50%) və “Total E&P Absheron” (50%) şirkətləri arasında bərabər bölünüb.

Xəbərlər departamenti

Gündəm