Gələcəyin dumanına boylananda
31.01.2020 07:57 Fikirlər

Gələcəyin dumanına boylananda

Hər hansı yola təzəcə qədəm qoyanlar, yəni “çaynik”lər (kompüter texnologiyalarını təzəcə öyrənməyə başlayanları belə adlandırırlar) üçün yaxşı futuroloji çalışmalar var. 20 il əvvəli xatırlayın. Adətlərinizi, işin keyfiyyətini, dostlarınızı yada salıb o vaxt 20 il sonra barədə düşündüklərinizi fikirdən keçirin. Və ən əsası xatirələrinizi bu gününüzlə müqayisə edin. 2000-ci ildə, əsrlərin qovşağında baş verəcək kataklizmlərdən heç biri reallaşmadı. Dünya dağılmadı. Amma arabir bizə “yeni kvant səviyyəyə keçid baş verdi” deyib həyatımıza maraq qatırlar. O vaxtlar da hər şey maraqlı, sirli, ümidverici görünürdü. İndi həmin çalışmanın davamı kimi 20 il irəliyə baxaq. Söhbət ağaran saçlar, qırışan dəri və perspektivdə dəhşətli görünən qocalıqdan getmir. Görəsən indi ətrafımızda olan əşyalar, insanlar, hadisələr yenə də həmənki keyfiyyətində olacaq? Zaman səyahətini tətbiq edən “pasiyentlər” tezliklə hadisələrdən baş çıxaracaq. Həyatımızda olan hər şeyi “daimi”, “ölüb gedən” və “yeni doğulacaq” kateqoriyalarına ayıra bilmək nəinki bu günümüzdə, hətta gələcəyimizdə də səliqə-sahman yarada bilər. Əslində, bizim beynimiz bu işi ona tapşırmasaq da, bunu könüllü şəkildə etməyi sevir.

Gələcəyi görmək əslində çox məzəli əyləncədir. Hakimiyyətdə olanlar üçün qurduğu sistemin nə dərəcədə yaşamlı olması maraqlı olacaq. İnvestorların diqqətini tez başa gələn və təmiz gəlir barədə fikirlər zəbt edəcək. Jurnalist üçün yüksək qonorarlı və o qədər də çirkin olmayan iş daha vacib görünəcək. Sadə istehlakçının isə heç nə vecinə deyil. “Nə verirlər, götür və şükür et” şüarıyla lap minilliklər boyu yaşamaq fikirləri var. Belə getsə fantaziyamızı zorlamaqdan bir şey çıxmayacaq. Ona görə də, sorğu aparan nüfuzlu dərgilərin məsələn, “Forbs” jurnalının proqnozlarını diqqətə almaq olardı. Tədqiqatçıların fikri isə güllə trayektoriyası kimi dümbələm-düzdür. Ekspertlər əmindir ki, insanın işi peşəsi vuruşmaq, qocalmaq və nəsil artırmaqdan ibarət olacaq. Adam belə gələcəkdə heç yaşamaq istəmir.

İlbəil günəş altında yer azalır və sözün əsl mənasında darısqallıq əmələ gəlir. Bir azdan ola bilər ki, bir parça torpaq üstündə didişmələrdə həlledici sözü silah “deyəcək”. Ona görə də “universal əsgər”lər üçün perspektivlər görünməyə başlayır. Hürkməyə dəyməz, dünya müharibəsi çətin ki, ola. Amma yerli münaqişələri, lap məhəllə davalarını da muzdlu əsgərlərin köməyilə həll etmək daha rahat olacaq. Ona görə də davakar oğlanların gələcəyi daha parlaq görünür. Demək “Gələcəkdə müharibələr olmayacaq” fikrini hələ ki, ehtiyatda saxlamalıyıq.

Haradasa, uzaq-uzaq, adını dilimizə gətirə bilmədiyimiz ölkədə muzdlu əsgərlər “razborka” edərkən Yer kürəsinin camaatı qocalmaqda davam edəcək. Orta yaş həddi bəzi ölkələrdə 80-i keçməyə başlayıb. Bu boyda qocaların qabağında dayanmağa bir o qədər də qulluqçu, xəstəyə baxan şəfqət bacısı (ya da qardaşı) lazım gələcək. Axı bütün millətlər bizim kimi uşaqlarını qocalıqda ona baxmaq üçün böyütmür. Yuvadan uçmağa gücü çatan kimi balalarının başını boş buraxır. Deməli, xəstəyə baxmaq üçün peşəkar qulluqçulara ehtiyac böyük olacaq. Xəstəyə qulluq üçün isə heç institut bitirmək lazım deyil.

Ekspertlərə inansaq çinovnik ordusu daha da artacaq. Onların arasında dilli-dilavər, insan ürəklərinə tez yol tapan, lazım gəlsə, ilan dili çıxarıb lap adamyeyən qəbilənin lideriylə dil tapa bilən adamlara ehtiyac olacaq. Öz aramızdı, deyirlər, Afrika ölkələrinə investisiya indi su qiymətinədirsə, od kimi bahalaşacaq. Amma bizim deputatlığa namizədlərimizin üslubunda təbliğatı oralarda da aparsalar, adamyeyənlər bu boşboğazı heç şam yeməyinə saxlamadan dərhal yeyəcək. Boynu yoğunlar daha heç nəyə yaramır axı.

Mühəndislər və energetiklər də işsiz qalmayacaq. Neft və qaz ehtiyatı tükənir. Neft sona yaxınlaşan zaman siz natri qlyutamatdan (əntiqə səslənir!) enerji almağı bacarırsınızsa, qırmızı kürünün dadını unutmayacaqsınız. Bununla belə, ekspertlər əmindir, yemək il-ildən azalır. Ona görə də qırmızı kürünü əldə etmək də gün-gündən çətinləşir. Bu yerində söz verilir gen mühəndislərinə. İndi onların solosudur. Yəqin ki, Gədəbəyin hətta əyri-üyrü kartofuna həsrət qalacağıq. Əvəzində hamımız eyni boyda, bir biçimdə olan çürüməyən kartoflar yeyəcəyik.

Bir az fantaziyaya bənzəyir, etiraf edirəm. Bu öncəgörməliklərin əsası da vardı, çünki sorğuların nəticəsində çıxarılmışdı. Cəmi 3 il əvvəl insanlar gələcəyin peşəsi deyəndə robotların təmiri üzrə usta, kosmik gid, teleportasiya (bir məkandan o birinə ani keçmə) üzrə mütəxəssis və hətta heyvanların vəkili kimi peşələrini sadalayırdılar. Amma daha sonra ən məşhur peşələr sırasında artıq universal əsgər, rabitə üzrə menecer, xəstəyə baxan qulluqçu, alternativ enerji üzrə ekspert, Afrikada biznes aparacaq mütəxəssis kimi peşələrin adını çəkirlər. Daha 3 il sonra nələr gözlənilir, bunu bilmək get-gedə çətinləşir. Amma deyirlər ki, insanlar robotlarla (insanabənzər kuklalarla) sevişəcək qədər tənha olacaq.

Maraqlıdır, amma nə 3, nə 10 il əvvəl, nə də 10 il sonra kimsə jurnalistikanı öndə gedən peşələr arasından görmür. Nəticə çıxaraq gərək…

"MediaPost"

Xəbərlər departamenti

Gündəm