“Gəlir əldə etməyəndə, məcburən o tamaşanın nümayişi dayandırılır” - Dramaturq
Gənclik yeni ideya, yeni ruh, yeni düşüncə tərzi deməkdir. Teatrlarımızda isə, gənclərin bu yenilikçi ruhu sezilmir. Belə ki, dönüb-dolaşıb klassik əsərlərə müraciət edən, səhnədə eyni rejissorların səhnə həllini gördüyümüz teatrlarımızda gənc aktyorlar yaşlı rejissorların və klassik əsərlərin dustağına çevrilib. Bu gün dövlət teatrlarında o yenilikçi ideyalar, fikirlər, düşüncə tərzləri təzahürünü tapmır. Gənc aktyorlara səhnədə meydan verilsə də, biz nə gənc dramaturqları, nə də gənc rejissorları görə bilirik.
Ssenarist, dramaturq, yazıçı Əli Əmirli MediaPost-a açıqlamasında bildirib ki, teatr daim məhsul istehsal edən müəssisədir:
“Yeni müəlliflər olsun ki, teatr da onun əsərini səhnələşdirsin. Gənc müəlliflərin uğurlu əsərləri olsa, teatr ona yox deməz. Gənc müəlliflər Pərviz Seyidli və Ülviyyə Heydərovanın əsərləri teatrlarda nümayiş olunur. Gənc müəllif İsmayıl İmanın əsəri Gənc Tamaşaçılar Teatrında oynanıldı, amma uzun çəkmədi. Başqa müəlliflərin də əsərləri səhnələşdirilib, lakin uğursuz olduğuna görə, repertuardan uzaqlaşdırılıb. Çünki, tamaşaçı gəlmirdi. Axı teatr da qazanc əldə etməlidir. Teatr bir tamaşa üçün xeyli pul xərcləyir. Yaradıcı heyət əziyyət çəkir. Amma gəlir əldə etməyəndə, məcburən o tamaşanın nümayişi dayandırılır. Teatr daim məhsul istehsal edən müəssisədir. Yaxşı əsəri teatr heç vaxt geri qaytarmaz”.