Gəncə terrorunda valideynlərini itirən Xədicə ilə bağlı qalmaqal haqda - <span>RƏSMİ AÇIQLAMA</span>
06.11.2020 11:10 Cəmiyyət

Gəncə terrorunda valideynlərini itirən Xədicə ilə bağlı qalmaqal haqda - RƏSMİ AÇIQLAMA

Oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket zərbəsi endirməsi nəticəsində hər iki valideynini və bacısını itirən 3 yaşlı Şahnəzərli Xədicə ilə bağlı sosial şəbəkələrdə video yayılıb. İddia edilib ki, toplanan yardımların çox olmasına görə uşağın ana və ata qohumları arasında problem yaşanıb.

Məsələ ilə bağlı “MediaPost”a danışan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məsələyə aydınlıq gətirib. O bildirib ki, video ilə bağlı yazılanlar düzgün məlumat deyil:

“Ailələr arasında heç bir problem yoxdur. Uşağın hüquqları qorunur və dövlət qurumlarının nəzarəti altındadır. Uşağın hansı tərəfdə olmasını onun maraqları üçün çatdırmırıq ki, mətbuat və kənar şəxslər bu məsələyə müdaxilə etməsin.

Dünən də dövlət komitəsinin nümayəndələri həmin ailəni ziyarət edib. Xədicənin doğum haqqında şəhadətnaməsi, şəxsiyyət vəsiqəsi və digər sənədləri hazırlanıb, hüquqi statusu ilə bağlı bütün problemlər həll olunub. Hər iki tərəfdən qohumların uşağın böyüməsində iştirakı təmin edilib. Yardımların çox olmasına görə uşağın ata və ana qohumları arasında problemlər yaşanması ilə bağlı məlumatlar öz təsdiqini tapmayıb”.

Qurum rəsmisi uşağa edilən yardımların hansı hesaba köçürülməsi ilə bağlı məsələyə komitənin nəzarət etmədiyini bildirib:

“Bizim üçün əsas məsələ odur ki, Xədicə psixoloji gərginlikdə olmasın, hüquqları müdafiə edilsin, hansısa problemlər yaşanmasın. Kiminsə onlara dəstək göstərməsi başqa məsələdir. O videonu şərh edə bilmərik. Həmin video yeni deyil. Psixoloqlarımızın apardığı monitorinq ailələr arasında münaqişə olmadığını göstərir. Azyaşlıya ehtiyacı olan xidmət göstərilir və yerli icra hakimiyyəti orqanları və digər dövlət qurumları tərəfindən nəzarətə götürülüb”.

Billurə Yunus

Gündəm