Gəncənin Bağbanlar qəsəbəsində qumbara tapıldı
20.09.2020 19:52 Hadisə

Gəncənin Bağbanlar qəsəbəsində qumbara tapıldı

Bu gün saat 14:17-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhəri, Nizami rayonu, Bağbanlar qəsəbəsi ərazisində əl qumbarasının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan "MediaPost"a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin və Səhiyyə Nazirliyinin Gəncə şəhər Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birlikdə ərazidə qazıntı işləri aparılan sahəyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası və 1 ədəd 5.45 mm-lik patron aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının və patronun ətrafında 1 300 kv.m əraziyə yerüstü, 200 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Xəbərlər departamenti

Gündəm