“Gənclərin pyesində tamaşaçıya ləzzət verəcək ruh yoxdur” – Dramaturqdan AÇIQLAMA
Maraqlı, oxunaqlı, bizi gerçək aləmdən ayıraraq öz sehrinə salan, bilgiləndirən əsərləri ədəbiyyat adamları yazıb ərsəyə gətirir. Onların ən böyük məqsədi də yazdıqlarının oxucular tərəfindən oxunması, qəbul edilməsi və sevilməsidir. Hərçənd bu, hər ədəbi prosesə qoşulana nəsib olmasa da, ədəbiyyat adlı nəhrə yazarlar gəlməkdə davam edir.
Bəs gənc yazarların əsərlərində çatışmazlıqlar nələrdir?
Mövzu ilə bağlı MediaPost-a açıqlama verən yazıçı, dramaturq, Əməkdar İncəsənət xadimi Əli Əmirli qeyd edib ki, hər bir dramaturq öz teatrını, rejissorunu tapmalıdır:
“Gənclərin pyesində tamaşaçıya ləzzət verəcək ruh yoxdur. Personajları diri, canlı olmur, sevilmirlər. Artıq Pərvinin, Təranə Vahidin, Qan Turalın pyesləri tamaşaya qoyulur, onlardan daha maraqlı, ciddi əsərlər gözləməyə haqqımız var. Mənim ümid elədiyim gənc yazıçılardan biri də Cavid Zeynallıdır. O, teatrı sevir, onu hərtərəfli öyrənir, yazır.
Mənə bir neçə pyes göndərib, onlardan biri "Azərbaycan" jurnalında da çap olunub. Pyeslə bağlı iradlarımı özünə demişəm. Etiraf edim ki, mən onun yaşında o cür pyes yaza bilməzdim, amma işləmək, yenə də işləmək, çoxlu mütaliə etmək lazımdır. Gənc nəsil bizim kimi yox, fərqli yazılar yazmalıdırlar. Hər bir dramaturq öz teatrını, rejissorunu tapmalıdır”.