Gərginləşən Suriya -Türkiyə münasibətinə Rusiya çarə olacaqmı? - ŞƏRH
10.02.2020 11:22 Fikirlər

Gərginləşən Suriya -Türkiyə münasibətinə Rusiya çarə olacaqmı? - ŞƏRH

Belə ki, İsrail qırıcıları Suriyaya hava hücumu edib. Hücum nəticəsində mülki vətəndaşlar ölüb. Bundan əlavə Suriya ilə Türkiyə arasında bir müddət davam edən sabitlik yenidən pozulub. Tərəflər qarşılıqlı şəkildə bir-birlərini ittiham edirlər.

Bu vəziyyətdə Suriya yenidən xarici qüvvələrin döyüş meydanına çevrilə bilərmi?

Suriyada -Türkiyə gərginliyinə Rusiya çarə olacaqmı? - ŞƏRH

Mövzu ilə bağlı "MediaPost"a açıqlama verən şərqşünas Samid Bağırov bildirib ki, Suriya uzun illərdir digər ölkələrin paliqonuna çevrilib: "Hazırda Suriyada cəbhələşmə var. Məsələn, cəbhələşmənin biri Fəratın şərqindədir. Burada ABŞ qüvvələri və onun dəstəklədiyi kürd bölmələri var. Trampın qərarından sonra bu bölgədə əsgər sayı 2500-dən 600 endirilib. Digər cəbhələşmə Suriya-İordaniya sərhəddində ABŞ qüvvələrinin dəstəklədiyi yerli ərəb hərbi birləşmələridir. Bunlar nisbətən radikal yönümlü birləşmələrdir. 1967-cı ildə İsrailin işğal etdiyi Colan təpələri nisbətən atəşkəs rejiminin hökm sürdüyü bölgələrdir. Son günlərdə müşahidə etdiyimiz Türkiyə-Suriya arasında münaqişənin davam etdiyi İdlib bölgəsi də cəbhələşmənin digər üzüdür. Bu ərazi Suriyanın şimalında yerləşir və aktiv döyüş bölgələrindən biridir. Burada Türkiyənin dəstək verdiyi "islamçı" qüvvələr var. Bu birləşmələrin bir qismi ABŞ və BMT-nin terror təşkilatları siyahısına aiddir. Hələbin şimalında Türkiyənin dəstəklədiyi birləşmələr var ki, separatçı kürd birləşmələri ilə döyüşəndə onların dəstəyi ilə Türkiyə "Zeytun budağı" kimi əməliyyatları həyata keçirib. Bütün bunlar onu göstərir ki, Suriya uzun müddətdir, bir çox dövlətlərin döyüş meydanına çevrilib. Və bu cəbhələr yenidən aktivləşib. İsrailin fevralın 5-dən 6-na keçən gecə endirdiyi hava zərbələri və türk əsgərinin şəhid olması vəziyyəti yenidən gərginləşdirdi".

Suriyada -Türkiyə gərginliyinə Rusiya çarə olacaqmı? - ŞƏRH

Ekspert əlavə edib ki, İsrail uzun illərdir Suriyanın suveren hüquqlarını pozur: "İsrail Colan təpələrini zəbt etdikdən sonra BMT bununla bağlı qətnamə qəbul etdi ki, Suriya burada öz suverenliyini təmin edə bilsin. Amma İsrail bunu həyata keçirmir. Əksinə bu yüksəkliklərdən Suriyaya dəfələrlə hava zərbələri endirib. İsrailin bu addımı artıq xroniki hal alıb, yəni adiləşib. İsrail İranın dəstəklədiyi qüvvələri, "Hizbullah"ın orada olmasını əsas gətirərək tez-tez hücumlar edir. Bu hücumlar zamanı xeyli sayda mülki vətəndaş ölüb. İsrail bu hücumları həyata keçirərkən xüsusi məqamları nəzərə alır. Məsələn, mülki aviasiya təyyarələrinin uçuş zolağı və zamanlarını bilərək zərbələr endirir. Bu da insan itkisi deməkdir. Rusiyalı ekspertlər açıqlayıb ki, ötən həftə İsrail Suriyaya hava zərbələri endirməmişdən öncə Dəməşqə həmin saatlarda İrandan 172 sərnişin daşıyan təyyarənin eniş edəcəyini bilirdi. Əslində, belə bir məqam keçən il də yaşanıb. İsrail təyyarələri Suriyaya hava zərbələri endirdikdə sonra bölgəyə uçan Rusiya hərbi təyyarələrinin arxasında gizlənmiş və nəticədə Suriyanın havadan müdafiəsi səhvən İsrailin deyil, Rusiyanın təyyarəsini vurmuşdu. Görünür, İsrail bu addımı da atmamışdan öncə çox təhlil aparıb. Türkiyə-Suriya qarşıdurmasına gəldikdə isə bu məsələ Türkiyənin yürütdüyü xarici siyasətin Suriyanın daxili siyasətinə zidd gəlməsi ilə əlaqədardır. İkinci bir məsələ, Türkiyə Suriyanın şimalında əməliyyat keçirmək hüquqlarını Adana anlaşması ilə əlaqələndirir. Lakin Suriya hökuməti Türkiyənin onların daxili məsələlərinə qarışmağa haqqı çatmadığını bildirir. Yəni biz çox paradoksal vəziyyətin şahidi oluruq. Ona görə də, Suriya və Türkiyə arasında yaşana biləcək hər hansı qarşıdurmanını qarşısını yalnız Rusiya ala bilər. Onu da qeyd edim ki Suriya müəyyən mənada hərbi nailiyyət əldə edib. Çünki artıq ölkənin şimalındankı bir çox silahlı qüvvələri təmizləyib".

Xəbərlər departamenti

Gündəm