"Gizli yardımetmə bəyənilir" - İlahiyyatçı
22.04.2020 11:38 Cəmiyyət

"Gizli yardımetmə bəyənilir" - İlahiyyatçı

“MediaPost” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənli deyib.

“Qurani-Kərimdə həm aşkar, həm gizli sədəqə haqqında danışılır. Mallarını aşkar və gizli xərcləyən insanlar təriflənir. Müəyyən şəraitdə insanlar bu yaxşılıqları gizli etməlidir, hətta adı bəlli olmamalıdır. Belə insanlar da olub və hazırda da var. Bizim övliyaların, peyğəmbərlərimizin, imamlarımızın, dəyərli insanların həyatında da şahidi olmuşuq. Özləri dünyasını dəyişəndən sonra insanlar başa düşüb ki, sən demə, hər gecə bizə yardım edən bu imiş. Bu məsələ Həzrət Əlinin həyatında var. Hətta ətrafdakılar onu qınayırmış ki, bu mənə kömək etmir. Ancaq özü dünyasını dəyişəndən sonra kömək etdiyi məlum olur. Gizli yardımetmə var və bəyənilir. Hazırda Rusiyada yaşayan soydaşımız bizə müraciət edib. İndiyə kimi o insanın üzünü görməmişəm, sadəcə, zəng edib ki, hesabınıza pul köçürürəm. İndi biz onun göndərdiyi vəsaiti insanlara çatdırırıq”.

İlahiyyatçı bildirib ki, bəzi şəraitlərdə bu yaxşılıqlar aşkar edilə bilər: “Ona görə ki, biz insanlarda rəğbət yaratmalıyıq. İnsanları həvəsləndirmək üçün müsbət rəqabət mühiti yaranmalıdır. “Xeyirxah işlərdə bir-birinizlə yarışın”, deyir Quran. Ona görə bu işləri aşkar görməyin də öz üstünlükləri var. Bir şərtlə ki, biz özümüzü yox, gördüyümüz işi reklam etməliyik. Reklam burada yolveriləndir, ancaq işin, əməlin özünü. Biz işimizin kölgəsində qalmalıyıq. İndiki şəraitdə hesab edirəm ki, belə işlərin aşkar edilməsi daha yaxşıdır. Ancaq təbii ki, niyyət Allah rizası üçün olmalıdır. Bizim icmamız yardım edəndə də insanların üzünü göstərmir, sadəcə, yardımlaşmanı təqdim edirik. Bu, bizim daxili qaydamızdır”.

Xəbərlər departamenti

Gündəm