Gömrük Komitəsi bu sürücülərə xəbərdarlıq etdi
17.04.2020 14:04 İqtisadiyyat

Gömrük Komitəsi bu sürücülərə xəbərdarlıq etdi

Koronavirus (COVID-19) infeksiyasının Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunduğunu nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə digər ölkələrə səfərlər, eləcə də qonşu ölkələrlə sərhədkeçmə müvəqqəti olaraq məhdudlaşdırılıb.

Dövlət Gömrük Komitəsindən "MediaPost"a daxil olan məlumata görə, COVID-19 pandemiyası ilə əlaqədar 5 aprel 2020-ci il tarixdən 20 aprel 2020-ci il tarixədək yükdaşımalar istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları dayandırılıb.

Yuxarıda qeyd edilənləri və mövcud pandemiyanın fors-major hal yaratdığını nəzərə alaraq, xarici dövlətlərdə daimi qeydiyyatda olan və müvəqqəti gətirilmə müddəti xüsusi karantin rejimi zamanı bitən minik nəqliyyat vasitələrinin ölkə daxilində idarə olunmaması və həmin nəqliyyat vasitələrinin, gömrük nəzarəti altında saxlanılması mümkün olmadıqa, yaşadığınız ərazidə saxlanılması zəruridir.

Eyni zamanda qeyd edirik ki, karantin rejimi bitdikdən sonra xarici dövlətlərdə daimi qeydiyyatda olan və müvəqqəti gətirilmə müddəti bitmiş minik nəqliyyat vasitələri ölkə ərazisini tərk etməlidirlər və bununla bağlı karantin rejimi nəzərə alınmaqla həyata keçiriləcək tədbirlər barədə əlavə məlumat veriləcək.

Xəbərlər departamenti

Gündəm