“Google”da yazsaq, çıxacaq? - Azərbaycan dilində məlumat qıtlığının səbəbi və həlli
22.11.2019 10:38 Fikirlər

“Google”da yazsaq, çıxacaq? - Azərbaycan dilində məlumat qıtlığının səbəbi və həlli

Yeni informasiya texnologiyaları sürətlə dəyişən dünyanın ayrılmaz tərkib hissəsinə çevrilib. Günümüzdə insanların informasiya əldə etməsi üçün yeni vasitələr meydana çıxır.

Bizdən iki nəsil öncə yaşayan insanlar informasiya almaq üçün kitablara müraciət edirdilərsə, müasir zamanda isə ilk ağlagələn əvvəlcə internet olur.

““Google”da yaz, çıxacaq” deyə bir ifadə artıq dilimizin əzbərinə çevrilib. Bu da təsadüfi deyil. Axtardığımız məlumatı cild-cild kitablardan oxuyaraq tapmaqdansa, hər gün üzərimizdə gəzdirdiyimiz smartfon telefon və ya kompüterdən istifadə edərək rahat bir şəkildə əldə edə bilirik.

Amma hansı dildə?

Axtardığımız məlumatları “Google”, “Youtube”, “Wikipedia” kimi sosial platformalardan bir toxunuşla əldə etməyimizə baxmayaraq, təəssüf ki, bu məlumatlar öz dilimizdə çox az tapılır. Adətən, bu informasiyaları rus, ingilis və türk dillərində əldə edə bilirik.

Ötən illərlə müqayisə etsək, bu sahədə müəyyən irəliləyiş olsa da, vətəndaşlar hələ də axtardıqları məlumatı əcnəbi dillərdə daha rahat tapa bilirlər.

“Google”da yazsaq, çıxacaq?  Azərbaycan dilində məlumat qıtlığının səbəbi və həlli

Bəs sosial platformalarda yerli kontentin yaradılmasında əsas məsuliyyəti dövlət daşıyır, yoxsa vətəndaşlar aktiv olmalıdır? İnsanları bu prosesə cəlb etmək üçün hansı stimullaşdırıcı tədbirlər görülməlidir?


Elşad Yusifli: "Yerli kontentin hazırlanmasında əsas məsuliyyət vətəndaşın üzərindədir"

Mövzu ilə bağlı Mediapost.az-a açıqlama verən İKT üzrə ekspert Elşad Yusifli bildirib ki, yerli kontentin yaradılması tələb-təklif amilindən asılıdır:

“Google”da yazsaq, çıxacaq?  Azərbaycan dilində məlumat qıtlığının səbəbi və həlli

“Məcburi şəkildə yerli kontent yaratmaq o qədər də uğurlu olmayacaq. Bu, tələb-təklif məsələsidir. Mən belə düşünürəm ki, bir mövzu üzrə araşdırma edən insanlar internetdə başqa dildə də olsa, material tapa bilir. Gənclər daha çox ingilis və türk dillərində, yaşlı nəsil isə rus dilində axtardığı materialı rahatlıqla tapır. Bu ehtiyac bizdə bir şəkildə ödənilir. Ona görə də, ciddi informasiya qıtlığının olduğunu düşünmürəm”.

Ekspert hesab edir ki, yerli kontentin hazırlanmasında dövlətin xüsusi tədbir görməsinə ehtiyac yoxdur, burada öz-özünə bazar formalaşmalıdır:

“Yerli kontentin hazırlanmasında əsas məsuliyyət vətəndaşın üzərindədir. Əlbəttə ki, dövlətin də görməli olduğu işlər var. Məsələn, “open data” məsələsi var, dövlət öz datalarını açmalıdır. Bu, ümumiyyətlə, tək kontent baxımından yox, ölkədaxili texnologiyaların da inkişafı üçün vacibdir. Kitabxanaların elektronlaşdırılması və bunun publikaya açılması böyük kontent ola bilər. Nəşriyyatların “pdf” şəklində kitabları bu sahənin inkişafına müsbət təsir göstərə bilər. Düşünürəm ki, dövlət yalnız bu addımları ata bilər”.

“Google”da yazsaq, çıxacaq?  Azərbaycan dilində məlumat qıtlığının səbəbi və həlli


Turanə Hüseynli: "Prosesə xaricdə təhsil almış, dünyagörüşü olan gənclər cəlb edilməlidir"

Mövzu ilə bağlı sosial sahədə aktiv televiziya və radio aparıcısı Turanə Hüseynlinin də fikirlərini öyrəndik. Aparıcı bu məsələdə birliyin zəruriliyini vurğulayıb və bildirib ki, dövlətlə yanaşı, vətəndaşlar da eyni əməyi sərf etməlidir:

“Google”da yazsaq, çıxacaq?  Azərbaycan dilində məlumat qıtlığının səbəbi və həlli

“Bununla yerli kontent qıtlığı aradan qaldırılacaq. Sıravi vətəndaş oturub gözləməməlidir ki, dövlət nəsə etsin. Eyni zamanda dövlət qurumları da öz öhdəliklərini yerinə yetirməlidir. Avropa və Amerika ilə müqayisədə bizim rəqəmsal dünyaya keçidimiz bir qədər çətindir. Dövlət qurumlarında çalışan orta və yaşlı nəslin nümayəndələri kağız üzərində materiallarla işlədiyi üçün onların rəqəmsal dünyaya adaptasiyası bir qədər uzanır. Ona görə də prosesə xaricdə təhsil almış, dünyagörüşü olan gənclər cəlb edilməlidir. İndi elə vəziyyət yaranıb ki, daş atsan blogerə dəyir. Bu blogerlər də rus, ingilis, türk dillərində kontent hazırladığı zaman təbii ki, öz dilimizdə kontent qıtlığı olacaq. Ona görə də vətəndaşlar material, rəsmi məlumat paylaşanda onu azərbaycanca etməlidir. Yaxud da hər hansı bir gənc “Youtube” kanalı və ya hansısa bir kontent yaradırsa, bunu yerli dildə etsə, bu zaman yerli kontent artacaq”.

Turanə Hüseynli bu sahənin inkişafı üçün maddi məsələnin üstünlük təşkil etdiyini qeyd edib:

“Azərbaycan dilində kontent həm az gəlir gətirir, həm də daha az kütləyə xitab etdiyi üçün yerli kontent baxımdan qıtlıq yaşayırıq. Məncə, bunu qurban etmək olar. Daha çox Azərbaycan dilli informasiya alıcı kütləsi yaratmaq olar ki, bunu da biz zamanla əldə edəcəyik. Öz dilimizdə məlumatları yayıb əlçatan etdikcə, istədiyimiz geridönüşün alacağıq”.

Xəbərlər departamenti

Gündəm