"Google": tərəfsiz axtarış, yoxsa "məlumat toru"?
26.11.2019 13:21 Fikirlər

"Google": tərəfsiz axtarış, yoxsa "məlumat toru"?

"Google" istifadəçiləri hər 1 dəqiqədə 3,8 milyon sorğunu axtarışa verirlər. Kimisi otel qiymətlərini, kimisi xərçəngin müalicəsini, kimisi də sadəcə havanın necə olacağını bilmək istəyir. Axtarış alqoritmləri saniyələr içində milyonları məlumat sahibi edir. Bu platformadan həm də milyardlarla dollar həcmində ticarət başlayır...

İyirmi il əvvəl "Google"un qurucuları belə qərara gəldilər ki, yaratdıqları sistemin alqoritmləri internetdə faydalı məlumatları insanlardan daha səmərəli axtara bilər. Və bu nəhəng axtarış sistemi qurulmağa başladı.

Şirkət rəhbərliyi istər kənar qruplarla fərdi görüşlərdə, istərsə də ABŞ Konqresindəki dinləmələrində alqoritmlərin obyektiv, həmçinin, insani qərəzdən və işgüzar mülahizələrindən azad olduğunu bildirirlər.

Məsələn, "Google" öz bloqunda bəyan edib ki, səhifədəki nəticələrin toplanması və ya çeşidlənməsi insanlar tərəfindən idarə edilmir. Şirkət onu da qeyd edib ki, alqoritmlərin necə işlədiyinə dair detalları açıqlaya bilməz. Çünki sistemi aldadaraq qazanc əldə etmək istəyənlərlə müntəzəm mübarizə aparırlar.

"MANİPULYASİYA YOXDUR!"

Ötən ilin sonlarında Konqresdəki dinləmələrə qatılan baş direktor Sundar Piçay da bildirmişdi ki, “Google” şirkəti axtarışın nəticələri ilə bağlı hər hansı manipulyasiyaya yol vermir. Çünki nəticələr əllə idarə olunmur. Piçay konqresmenləri əmin etməyə çalışmışdı ki, “Google” öz istifadəçilərinə yüksək səviyyəli xidmət göstərir və sorğuya cavab olaraq ən uyğun məlumatı təqdim edir.

Piçay ifadəsi zamanı “Google”un Çinə işləməsi haqda ittihamlara da münasibət bildirmiş və bunun şayiədən başqa bir şey olmadığını demişdi. Baş direktorun sözlərinə görə, “Google” ABŞ-ı və Amerika dəyərlərini tam olaraq dəstəkləyir. Üstəlik, şirkətin bütün əməkdaşlarının fəaliyyəti, eləcə də bütün məhsulları siyasi maraqlardan uzaqdır.

Lakin bu bəyanatlar çox vaxt kulis arxasında baş verənlərlə ziddiyyət təşkil edir. Dünyanın nüfuzlu nəşrlərindən olan "The Wall Street Journal" üzə çıxarıb ki, "Google" zamanla alqoritmləri yenidən qurmağa və axtarış nəticələrinə şirkət rəhbərliyinin etiraf etdiyindən daha çox müdaxilə etməyə başlayıb. Çox vaxt bu cür tədbirlər biznes nümayəndələrinin, xarici maraq qruplarının və dünyadakı hökumətlərin təzyiqlərinə cavabdır.

Google

"The Wall Street Journal" müəyyən edib ki, 2016-cı il seçkisindən sonra həm müdaxilənin, həm də internetdəki yanlış məlumatların sayı kəskin artıb. "Google"un tərəqqiyə münasibətində dəyişiklik gözə dəyir. Belə ki, şirkət "dünya məlumatlarını nizama salmaq" kimi, özünün ilkin konsepsiyasından "məlumatın necə görünəcəyini" aktiv şəkildə müəyyən edən strategiyaya keçid edib.


Həmçinin oxu: “Google”da yazsaq, çıxacaq? - Azərbaycan dilində məlumat qıtlığının səbəbi və həlli

GİZLİ DÜZƏLİŞLƏR, DƏYİŞDİRİLƏN ALQORİTMLƏR...

"The Wall Street Journal" "Google" axtarış nəticələrini sınaqdan keçirib və görün, ortaya nələr çıxıb:

- "Google" şirkəti axtarış alqoritmlərinə dəyişikliklər edib. Ona görə də, böyük müəssisələrə kiçiklərindən daha çox üstünlük verilir. Ortada ən azı bir nümunə var. İri bir reklamverən şirkətin - eBay Inc-in adından ictimai mövqeyinə zidd olaraq dəyişiklik edilib.

- "Google" mühəndisləri şirkətin əsas axtarış nəticələrini üstələyən digər məlumatlara mütəmadi olaraq gizli düzəlişlər edirlər. Məsələn, bura avtomatik tamamlama təklifləri, "məlumat panelləri""seçilən fraqmentlər" adlanan çərçivələr, mühəndislərin silməsini və ya dəyişdirə bilməsini məhdudlaşdıran, şirkət siyasətinə tabe olmayan xəbərlər daxildir.

- Şirkət bunu ictimai şəkildə rədd etsə də, "Google" bəzi saytların aradan qalxması, bəzilərinin də müəyyən sorğularda görünməməsi üçün "qara siyahılar" yaradır.

- Avtomatik tamamlama rejimində "Google mühəndisləri" abort və ya immiqrasiya kimi, mübahisəli mövzularda ən təxribatçı təklifləri süzgəcdən keçirmək üçün alqoritmlər və "qara siyahılar" hazırlayıb.

- "Google"un işçiləri və rəhbərləri, o cümlədən şirkətin həmtəsisçiləri Larri PeycSergey Brin axtarış nəticələrinə müdaxilə etməyin nə dərəcədə zəruri olduğu və bu müdaxilənin hansı səviyyədə edilə biləcəyi barədə ortaq məxrəcə gəlməyiblər. İşçilər peyvənd və autizm kimi mövzularla bağlı konkret axtarış nəticələrinə dəyişiklik tələb edə bilərlər.

- Axtarış nəticələrini qiymətləndirmək üçün "Google"da minlərlə ştatdankənar işçi çalışır. Şirkətin fikrincə, onların hədəfi alqoritmlərin axtarış nəticələrini nə dərəcədə keyfiyyətli sıraladığını qiymətləndirməkdir.

Google

ƏDALƏTSİZ RƏQABƏT, SİYASİ QƏRƏZ, DEZİNFORMASİYA...

"The Wall Street Journal"a müsahibə verən ştatdankənar işçilər bildiriblər ki, onların kollektiv qiymətləndirmələrindən alqoritmləri tənzimləmək üçün istifadə olunur.

Qəzetin gəldiyi nəticələr "Google"un qlobal tənzimləyicilər qarşısında özünümüdafiə üçün istinad etdiyi əsas arqmentlərindən birini şübhə altına alır. Sahib olduğu nəhəng hakimiyyəti necə idarə etdiyinə dair qlobal tənzimləyicilərin verdiyi suala şirkətin cavabı belə olub - "Google" istifadəçilərə təqdim olunan məlumatlara redaktor nəzarəti həyata keçirmir.

Tənzimləmə orqanlarını narahat edən məsələlərə ədalətsiz rəqabət, siyasi qərəz və internetdəki yanlış məlumatlar daxildir.

30 MİLYARDLIQ QAZANC UĞRUNA MÜDAXİLƏ

"Google"un alqoritmləri xarici təzyiqə qarşı dayanıqlı olan müstəqil kompüter proqramları deyil. Müvafiq nəticələri çıxarmağa, eyni zamanda nüfuzlu insanların geniş dairəsinin maraqlarını təmin etməyə və bununla da şirkətə 30 milyard dollardan çox illik mənfəət gətirməyə çalışan idarəçilər və mühəndislər tərəfindən onlara mütəmadi müdaxilələr olunur.

"Google" hazırda ən çox ziyarət olunan veb-saytdır. Bütün axtarış sistemlərinin bazar payının 90 faizindən çoxuna sahiblik edir. "Google"un ana strukturu olan "Alphabet Inc" şirkətinin bazar qiyməti 900 milyard dollardan çoxdur.

"Google" 2018-ci ildə alqoritmlərinə 3200-dən çox dəyişiklik edib. Şirkət nümayəndələri deyirlər ki, bugünkü sorğuların 15 faizi şirkətin əvvəllər qarşılaşmadığı sözlər və ya ifadələrdir: "Buna görə mühəndislərin daha çox işi var. Onlar alqoritmlərin müvafiq nəticələr verdiyinə əmin olmalıdırlar".

"Google"un mətbuat katibi Lara Levin "The Wall Street Journal"ın gəldiyi nəticələrə etiraz edərək deyib: "Biz indi bugünədək etdiklərimizi edirik. İstifadəçiyə ən etibarlı mənbələrdən ən əhəmiyyətli nəticələr təqdim edilir".

Lara Levin onu da bildirib ki, şirkətdə təlimatların və alqoritmlərin hazırlanma məqsədi baxımından tam şəffaflıq var.


Həmçinin oxu: Səudiyyənin ən zəngin və ən demokratik hökmdarı

TRAMP, BAYDEN VƏ AVTOTAMAMLAMA...

Öz araşdırmasının bir hissəsi olaraq, "Wall Street Journal" bu yay "Google"un axtarış nəticələrini bir neçə həftə sınaqdan keçirdi və onları iki rəqib axtarış sistemi ilə - Microsoftun "Bing"i və nəticələrini "Yahoo""Verizon" kimi, şirkətlərin ortaq məlumatları əsasında quran "DuckDuckGo" ilə müqayisə etdi.

Google

Yoxlama göstərdi ki, "Google"un sorğuları avtomatik tamamlamasında, idarə etməsində, şirkətin "təbii axtarış nəticələri" adlandırdıqlarında və alqoritmik olaraq sıralanan veb-saytların siyahısında əhəmiyyətli uyğunsuzluqlar var.

Şirkətin mətbuat katibi qəzetin keçirdiyi bu testin nəticələrini şərh etməkdən boyun qaçırıb. Lara Levin bildirib ki, ümumilikdə onların "sistemləri" nüfuzlu mənbələrdən müvafiq nəticələr təqdim etməyə yönəlib. Və "təbii axtarış nəticələri" axtarış vasitəsilə əldə olunan bütün məlumatları əks etdirmir.

Qezet "Google"un avtotamamlama funksiyasını da test edib. Məlum olub ki, digər axtarış sistemləri ilə müqayisədə "Google" bəzi variantları təklif etməyə meyilli deyil. Məsələn, istifadəçi "Co Bayden -…" və ya "Donald Tramp -…" yazırsa, avtotamamlama zamanı "Google" daha zərərsiz variantları təklif edir. Eyni hal testdə istifadə olunan digər namizədlərlə də bağlı təkrarlanıb.

Alqoritmlər - kompüterlərin müəyyən problemləri necə həll etmələri barədə təlimatları özündə cəmləşdirən kod şəklində reseptlərdir. Onlar təkcə interneti deyil, həmçinin telefon və planşetlər üçün tətbiqləri də idarə edirlər.

"Facebook" istifadəçisinin xəbər lentində hansı dostların görünəcəyini, "Twitter" mesajlarından hansının virus olma ehtimalını alqoritmlər müəyyənləşdirir. Banklar onlardan kredit müraciətlərini dəyərləndirmək, müəssisələr iş üçün ən yaxşı namizədləri tapmaq, sığorta şirkətləri isə insanın təxmini ömür müddətini müəyyənləşdirmək üçün istifadə edirlər...

Tərcümə Mediapost.az-a məxsusdur

Xəbərlər departamenti

Gündəm