Göz yaşları içində şou və ya ucuz əyləncə
14.02.2020 09:58 Fikirlər

Göz yaşları içində şou və ya ucuz əyləncə

"Göstərir Bakı!" Mənimçün bu sehrli kəlmə özündə ciddiyyət, inam, məsuliyyət ehtiva edir. "Heyif o günlərdən, o cür proqramlardan" deyib köks ötürənlər bu ifadənin sehrindən pay alanlardır. Buna baxmayaraq, bəzən çox heyifsilənirəm. Televiziyanın o sehrini dadan nəsil bugünkü bayağı, insanların taleyini milyonların gözü önündə şouya çevirən verilişlərə tamaşa edir. Bununla qalmır, həmin verilişlərin aparıcılarını sevir, bəyənir, gənc jurnalistlərə "Bax, sən də gələcəkdə filan jurnalist kimi ol. Gör, o, nələr qazanır" deyərək nəsihət də edirlər. Bunun qarşılığında isə həmin gənc nəslin bir çox nümayəndələri xəyal qırıqlığı yaşayır. Universitet müəllimlərinin aşıladığı fikirlərlə tamaşaçıların istəkləri arasında böyük uçurumun olduğunu görür. Müəllimlər tamaşaçıya dəyər verməyi, işinə məsuliyyətli, ciddi yanaşmağı təlqin edir. Nəinki 2 saatlıq proqram, 2 dəqiqəlik süjetdə də tamaşaçının vaxtına, zövqünə hörmət etməyin vacibliyindən danışır. Amma təəssüf ki, televiziyanı izləyən tamaşaçıların zövqü çoxdan öz məcrasını dəyişib. Efirdə yayımlanan ciddi, düşündürən, xərclədiyi zaman müqabilində könlünü, gözünü xoş edəcək, verilişlərdən imtina edib.

Göz yaşları içində şou və ya ucuz əyləncə

Göz yaşları içində şou və ya ucuz əyləncə

Ağlamalı fon musiqisinin təsiri altında insan talelərindən milyonların gözü önündə şou yaratma bacarığın yoxdursa, deməli, sən elə də yaxşı jurnalist deyilsən. Lap yeri gələndə verilişinə dəvət etdiyin qonağın xanımdırsa, onun geyiminə irad da bildirməyə haqqın var. Bəzi aparıcılar onu izləyən bir qisim tamaşaçının ürəyini oxuma bacarığına sahibdir. Məhz belələri “Səhnə adamı olanda nə olar, abırlı-həyalı geyinsin” deyimini əlində bayraq edərək öz xeyrinə istifadə etməyi yaxşı bacarır. Canlı efirdə “Bu nə yubkadır, ay qız? Bir az uzun geyinə bilmirdin?” deyir və efir önündə izləyənlərinin ürəyinə sərin su sərpir. Sanki bu fikri efir öncəsi və ya efirə dəvət edərkən nəzakətli formada demək olmur. Evindəki televizoru çoxdan toz basmış, bu cür ucuz oyunlara getməyən tamaşaçıların isə irad bildirə-bildirə dili qabar olur. Təəssüf ki, özləri deyir, özləri eşidir. Bu cür proqramların vaxtını həvəslə gözləyən, bir gününü belə qaçırmadan izləyən insanlar üçün bildirilən iradların bir mənası yoxdur. Onların zövqü də, tələbatı da çoxdan dəyişib. Düşünürəm ki, bu dəyişimin səbəbkarı məhz efir adamlarının özü olub. Axşam evinə yorğun gəlib qayğılardan uzaqlaşmaq istəyən insana düşünməkdən çox, başqasının dərdinə baxıb təsəlli almaq və ya bayağı da olsa “əyləncə proqramı” hesab edilən verilişləri izləyib dərd-qəmini unutmaq maraqlı olur. Bunu yaxşı başa düşən televiziya kanalları günbəgün, fərqli biçimlərdə, lakin eyni məzmunda proqramlar təqdim edərək bir qisim insanları təəssüf ki, aldatmağı bacarıb. Artıq tamaşaçı efirə real dünyanın acı gerçəklərindən ayrılmaq üçün baxır. Buna ehtiyacı olmayan insanların isə evində televizor çoxdan artıq əşyaya çevrilib.

Göz yaşları içində şou və ya ucuz əyləncə

Vaxtilə az-çox dəyər aşılayan, könlümü-gözümü açan verilişlər izləmiş bir izləyici kimi bunu yazıram: Efiri emosional halda olan tamaşaçının tələbatını ödəyən vasitəyə çevirmək olmaz. Əksinə, onu rasional düşünməyə sövq etməlisən. Əyləndirərkən düşündürməyi, düşündürərkən çıxış yoluna yaxınlaşdırmağı bacarmaq lazımdır. Əks halda efiri izləmək vaxt itkisi olaraq qalacaq.

Peşəsini ləyaqətlə icra edən, tamaşaçısına hörmət göstərən, zəhmətkeş televiziya jurnalistlərini və işçilərini təbrik edirəm. Mənəvi dəyərlər aşılayan, həqiqətə yaxınlaşdıran proqramlarının bol olmasını arzulayıram.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm