Gözləntilər və məyusluq: Bu, inam hissini azaldır - ŞƏRH
11.02.2020 08:54 Fikirlər

Gözləntilər və məyusluq: Bu, inam hissini azaldır - ŞƏRH

Müxtəlif cəmiyyətlərdə baş verən hadisələrlə bağlı insanlarda müəyyən gözlətnilər formalaşır. Həyatın ayrı-ayrı sahələrini əhatə edən bu gözləntilər özünü doğrultmayanda isə məyusluq hissi meydana gəlir. Bu da son nəticədə inamsızlığın yaranmasına səbəb olur.

Mövzu ilə bağlı “MediaPost”a açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu gözləntilərin formalaşma şəraitindən danışıb.

Gözləntilər və məyusluq - ŞƏRH

O, adətən gözləntilərin müsbət istiqamətdə inkişaf etdiyini bildirib: “İnsan psixologiyası elədir ki, o həmişə daxilində daha yaxşı şeylər fikirləşir. Çünki insanlar daim ümid edir və işıqlı şeylər haqqında düşünürlər. Cəmiyyətdə gedən proseslər isə ümidlərin doğrulmasına şərait yaratmaya bilər. 19-cu əsrdə Fransada ardıcıl inqilablar olub. İnsanlar gözləyirdi ki, inqilabdan sonra qeyri-adi bir həyat başlayacaq, lakin heç də arzuladıqları kimi olmurdu və yenə inqilab edirdilər. Bu bir neçə dəfə təkrarlanandan sonra sosiologiya elmi yarandı və araşdırmağa başladılar ki, axı niyə hadisələr insanların gözlədiyi istiqamətdə inkişaf etmir. Bizim ölkənin özündə meydan hərəkatı olanda hamı yığışmışdı ki, Dağlıq Qarabağ problemi həll olunsun, ancaq bu baş vermədi və nəticədə insanlarda məyusluq yarandı. İnsanlarımız həmçinin “SSRİ yıxılacaq, hər şey yaxşı olacaq” deyirdilər, amma yenə onların gözlədiyi kimi olmadı.

Bu ondan irəli gəlir ki, cəmiyyətdə gedən proseslər və insanların arzuladıqları üst-üstə düşmür. Gözləntilər doğrulmayanda insanlarda məyusluq, pessimizm, etinasızlıq yaranır. Ona görə də cəmiyyətdə elə şərait formalaşdırmaq lazımdır ki, insanların arzularına uyğun dəyişikliklər baş versin. İnsanların gözləntilərini həyata keçirmək üçün metodlar var”.

Ekspert gözləntilərin reallığa yaxın olmasının əsas səbəbinin informasiya ilə bağlı olduğunu söyləyib: “Adətən, insanlar məlumatlandırılanda onlar sadəcə xəyal qurmurlar və gözləntiləri reallığa daha yaxın olur. Cəmiyyətə kifayət qədər informasiya verilməyəndə təbii olaraq gözləntilər reallıqdan uzaqlaşır. Məlumatsızlıq gözləntilərin optimist olmasına şərait yaratsa da, son nəticədə xəyal qırıqlığı yarananda bu, insanlarda passivliyə və inam hissininin azalmasına səbəb olur. Cəmiyyət məlumatlı olanda gözləntiləri reallığa yaxın olur və o daha faydalı hərəkətlər edir”.

Xəbərlər departamenti

Gündəm