Gülyaz və Gülyanaq Məmmədova gənclərin qonağı olacaq
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyində həsr olunmuş konsert və tədbir proqramları davam edir. “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə bir çox layihələr həyata keçirilir və hazırda davam etməkdədir. Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gətirilən “MədəniyyətimİZ” adlı layihə çərçivəsində incəsənət sahəsinin sayılıb-seçilən simaları ilə görüşlər keçirilir.
Bəs layihənin təşkil olunmasında əsas məqsəd nədir? Növbəti günlərdəki görüşlər hansı incəsənət xadimləri ilə keçiriləcək?
Mövzu ilə bağlı “MediaPost”a açıqlama verən “İRƏLİ” İctimai Birliyinin Mətbuat katibi Arif Rəhimli qeyd edib ki, layihə boyunca indiyədək müxtəlif mədəniyyət xadimləri ilə görüşlər həyata keçirilib:
“Layihə çərçivəsində il ərzində musiqi, rəqs, teatr, memarlıq, sənətkarlıq, təsviri sənət, kino indüstriyası, fotoqrafiya sənəti, ədəbiyyat və nəşriyyat, televiziya və radio sahələri üzrə görkəmli və peşəkar mədəniyyət xadimləri ilə gənclərin müxtəlif açıq və qapalı məkanlarda interaktiv görüşləri təşkil olunacaq. Layihə iştirakçıları Ulu Öndər Heydər Əliyevin zəngin ictimai-siyasi fəaliyyətini birbaşa tarixi şahidlərindən öyrənəcəklər. Layihə boyunca indiyədək müxtəlif mədəniyyət xadimləri ilə görüşlər həyata keçirilib.
Layihənin əsas məqsədi 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır.
Avqustun 12-də isə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova ilə gənclərin görüşü təşkil ediləcək. Tədbir müddətində həmçinin “Azərbaycan milli musiqisi, muğam və milli vokal ifaçılığı sənətinin inkişafı perspektivləri”, “Müasir gənclərin maarifləndirilməsində milli musiqi mədəniyyətinin rolu” və “Yaradıcı sənayenin təşkilində klassik ifaçılıq tərzinin əhəmiyyəti” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulur. Tədbirin bədii hissəsində gənc musiqiçilərin ifasında Gülyaz və Gülyanaq Məmmədovaların musiqi əsərləri təqdim ediləcək”.