Gürcüstana səfər Azərbaycan üçün hansı perspektivlər vəd edir? - RƏYLƏR
11.02.2020 11:28 Fikirlər

Gürcüstana səfər Azərbaycan üçün hansı perspektivlər vəd edir? - RƏYLƏR

Belə ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadovun da daxil olduğu heyət Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava ilə görüş keçirib. Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın geniş spektri nəzərdən keçirilib.

Bəs bu görüş Azərbaycan və Gürcüstan iqtisadi əlaqələrində hansı perspektivləri vəd edir?

Məsələ ilə bağlı "MediaPost"a açıqlama verən deputat, iqtisadçı-ekspert Tahir Mirkişili bildirib ki, atılan addımlar Azərbaycan sahibkarlarının Gürcüstanda daha da möhkəmlənməklə digər bazarlara çıxış imkanlarını artıracaq:

"Azərbaycan regionun ən böyük iqtisadiyyatına malikdir. Azərbaycan şirkətləri Gürcüstanda uğurla fəaliyyət göstərirlər. İndiyədək Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,2 mlrd. ABŞ dolları investisiya yatırılıb. Bizim şirkətlərimiz Gürcüstanda əsas vergi ödəyicilərindəndir. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət sahələrində 470-ə yaxın Gürcüstan şirkəti qeydiyyatdan keçib. Yəni, maraq qarşılıqlıdır. Azərbaycanın regional layihələrində Gürcüstan mühüm rol oynayır və gürcü iqtisadiyyatının inkişafında bu layihələr həyati əhəmiyyət kəsb edir. Azərbaycan hökumətinin əsas iqtisadi hədəflərindən biri də iqtisadiyyatı qeyri-neft sektorunun hesabına böyütmək, mövcud bazarlarda güclənmək və yeni bazarlar tapmaqdır. Düşünürəm ki, atılan addımlar Azərbaycan sahibkarlarının Gürcüstanda daha da möhkəmlənməklə digər bazarlara çıxış imkanlarını artıracaq".

"Bu səfər Bakı-Tbilisi-Qars layihəsi üzrə əlavə imkanların müəyyən edilməsinə və potensialın daha çox reallaşmasına imkan verə biləcək".

"Bakı-Tbilisi-Qars (BTQ) layihəsi üzrə daşımaların artması və texniki imkanların genişlənməsi üçün əməkdaşlığın intensivliyinin artmasına ehtiyac var. Azərbaycan bu layihə üzrə daşımaların çoxalması və region ölkələrinin bu layihəyə olan marağının reallaşması üçün aktiv iqtisadi-siyasi fəaliyyət göstərir. Düşünürəm ki, bu səfər həm də əlavə imkanların müəyyən edilməsinə və potensialın daha çox reallaşmasına imkan verəcək", - deyə, ekspert vurğulayıb.

Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRACEC) üzrə Hökumətlərarası Komissiyanın milli katibi, nəqliyyat sahəsi üzrə ekspert Akif Mustafayev isə bildirib ki, Azərbaycan və Gürcüstan bu regionun iqtisadi inkişafını təmin edən iki mühüm dövlətdir:

"Gürcüstan Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Avropaya çıxışımızı təmin edir".

"Gürcüstan bizim həm yaxın qonşumuz, həm də strateji partnyorumuzdur. Ölkələrimizin iqtisadi inkişafında bizim qonşu və strateji əlaqələrimizin çox böyük rolu var. Bildiyiniz kimi, bizim həm avtomobil nəqliyyatı vasitəsilə, həm də dəmiryol, xüsusən də Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Avropaya çıxışımızı Gürcüstan təmin edir. BTQ-nin tranzit imkanlarının artırılması bu layihənin bütün iştirakçılarının marağına cavab verir. Həmçinin bizim Avropaya alternativ yolumuz yenə Gürcüstan vasitəsilə həyata keçirilir. Asiyadan Avropaya və Avropadan Asiyaya bütün ticarət dövriyəsi Azərbaycan-Gürcüstan vasitəsilə reallaşdırılır. İqtisadi inkişaf ilə əlaqədar yaxın və uzaq perspektivdə görüləsi işlər var və bu işlər görülür. Bunun nəticəsində əldə olunan fayda həm Azərbaycan, həm də Gürcüstan xalqına çox böyük töhvələr verəcək".

Ekspert əlavə edib ki, Azərbaycanın gömrük məsələlərində yaşıl dəhliz üzrə təşəbbüsləri mövcuddur: "İki ölkə arasında gömrüyün daha mütərəqqi və innovativ işləməsi, yeni avadanlıqların təchiz edilməsi, proseslərin sadələşdirilməsi üçün böyük meydan var. Bundan başqa bizim neft və qaz kəmərlərimiz Gürcüstan ərazisindən Türkiyə və Avropaya çıxarılır. Görüşdə müəyyən təhlükəsizlik məsələləri, bu kəmərlərin daha yaxşı fəaliyyət göstərməsi kimi məsələlər də müzakirə oluna bilər. Eyni zamanda Tbilisidə ticarət evinin açılışı çox mühüm məsələdir. Gürcüstanın Azərbaycan məhsullarına - xüsusən kənd təsərrüfatı məhsullarına çox böyük ehtiyacı var. Məhsullarımızın Gürcüstana daha yaxşı tanıdılması və əhaliyə çatdırılması çox vacib məsələdir. Ümumiyyətlə, bu işçi qrupunun fəaliyyəti nəticəsində bütün qəbul olunan tövsiyələr, təkliflər yüksək səviyyədə baxılmalıdır və təkliflərin faydalı hissəsi Azərbaycanda və Gürcüstanda tətbiq olunmalıdır".

"MediaPost"

Xəbərlər departamenti

Gündəm