Hakimiyyət!!! ...və bir dişləm şokolad
19.12.2019 15:27 Fikirlər

Hakimiyyət!!! ...və bir dişləm şokolad

Bu gün müasir ekoloji şüur, yer üzündə canlı həyatı qorumaq uğrunda mübarizə çox dəbdə olan mövzulardandır. Belə hesab edilir ki, özünə hörmət edən şüurlu insan ətraf mühitin insan tərəfindən çirklənməsinə qarşı mütləq nəsə eləməlidir, ən azından etiraz səsini çıxarmalıdı. “Apple” bircəcik düyməni basmaqla dünyanın hər hansı nöqtəsində istəsən ağac əkən proqram buraxır. “Prada” təkrar emal edilmiş neylondan hazırlanmış qadın çantaları seriyasını dəbə gətirir. Anti-istehlakçılar və ekofəallar sevincindən atılıb-düşür yəqin. Amma onlardan kimsə sevinclərinin dünya miqyasında nə qədər absurd olması barədə düşünmür. Dəbə riayət edərək heç kim demir ki, müasir zamanda istehlak dəlilik tutmasına bənzər insan qüsurudursa, anti-istehlakçılıq həmin dəliliyin daha yüksək mərhələsidir. Niyə? Gəlin mənzərəni tam izləməyə çalışaq.

Etiraf etmək də olardı, cəmiyyəti “düz yaşamırsan”, “bir gözünü açıb ətrafına baxırsanmı?!” deyə fasiləsiz qınamağın özündə pis niyyət axtarmaq düzgün deyil. İnsanların planeti zəhərləyən qazanc gətirən layihələrdə iştirakını pisləmək, onları düz yola çağırmaq, dəri və pambıqdan imtina etmək və necə deyərlər “etik” geyimdən istifadəyə çağırmaqda pis nə ola bilər ki? Şüurluluq, xeyriyyəçilik, heyvanların müdafiəsi, ekoloji saflıq şüarı altında çox gözəl sözlər səslənir. Amma “ayfon” vasitəsilə ekofəallıq, od qiymətinə “prada” çantalarını gəzdirməkdə etikadan kənar elementlər gözə girir. Demək, sənin ən azından dünyanın ən bahalı telefonunu almaq və ən bahalı dükanlarda geyinmək imkanın olmalıdır. Üstəlik, bu şüar sosial şəbəkəyə boş vaxtlarında dəniz kənarında plastik toplayan adamın növbəti “tədbirə” şəxsi təyyarəsində uçan zaman “sızırsa” yəqin barmağını dişləyib düşünməyin tam zamanıdır.

Bu, sadəcə bir dəbdir. İndi guya planetar miqyasda dürüst olmaq lazımdır. Məzmunundan asılı olmayaraq kütlələrin ixtiyarına buraxılmış, əks mövqedən olan fikir cəmiyyətə qarşı nifrətlə suvanıb. Bəziləri kütləyə fikir ötürmək işini bakirə qızı bir qoşun acgöz əsgərə etibar etməklə müqayisə edir. Sonu hamıya məlum. 15-20 il də əvvəl ekoloji saflığa çağıran, korporasiya ideologiyasını rədd edən şüarlar səslənirdi. Amma o vaxtlar da bu fikri səsləndirənlər “sekond hənd” dükanlarında eşələnərkən “Prada”, “Louis Vuitton”, “Gucci”, “Dior” kimi məşhur brendlərin etiketlərini tapanda əllərini ildırım vurubmuş kimi çəkmir və həmin malları geri qaytarmırdı. Nələrdənsə demonstrativ şəkildə imtina etməyin özü də bir demonstasiyadır. Ekofəallar, zoomüdafiəçilər nədənsə heç düşünmür ki, düşüncələri dünyaya tənqidi yanaşmadan yaranmayıb, elə nifrət saçdıqları sistemin özünün məhsuludur. Diqqət versək bu, daha aydın görünür: hər hansı ideyaya müqavimət edən sistem tez-gec onu qəbul edir.

Etirazçıların istəyi də çox məsumdur, səni görürlər, eşidirlər, ən sonunda bəlkə dinlədilər də... İnsan zəif məxluqdur. Öz gözündə böyüməsə, özünə yalan deməsə yaşaya bilmir. O, etiraz etmək deyil, fərqlənmək istəyir. Özü də mütləq bir qəşəng fəlsəfəsiylə. Bu da özünəməxsus hakimiyyət davasıdır. Əgər pul maşınından kənarda qalmısansa, üstündə heç olmasa bir dilim şokoladı olaydı barı. Yaşadığımız sistem bu etirazı emal edib bizə gözəl bir illüziya bəxş edir. Sən axı bütün planeti qoruyacaq missiyanın altına girmisən! Sistem isə sənin, mənim etirazımla qidalanaraq daha böyüyüb nəhəng, sarsıdılmaz əjdahaya çevrilir.

Ən adi adam bu sistemə qarşı nə edə bilər? Əgər kimsə kreditlə götürdüyü maşına işləməkdən, həmin bu maşında oturub tıxaclarda vaxt öldürməkdən, ətrafındakı kredit maşınların qazını udmaqdan bezibsə “cəhənnəm olsun!” deyib işdən çıxa, maşının satıb kənddə ev ala və torpaqda əkin-biçim edib dolana bilər. Rayon mərkəzinə getməkçün velosiped sürməyi də öyrənə bilərdi. Amma niyə heç kim eləmir bunu?! Axı o, artıq təkərli dəmir tabutunu dalına şələyib gəzmir, sistemin qulu deyil, sistem maddi nemətlərindən ona bir qarın çörək qədər pay ötürəcək hər halda, ac qalmaz. Kimsə sivilizasiyanın nemətlərindən imtina edib kənara çəkilsə, barabandan yıxılmış siçan kimi onsuz da qaçmaqda davam edir. Əgər bu cür kənarda qalmış “vint və boltlar” çox olarsa, sistem yeni ekoloji velosipedlər buraxıb hətta bu işdə də qazanc alacaq.

Yaxud başqa situasiyanı götürək. Kimsə heyvanlar üzərində təcrübələrin hesabına başa gəlmiş kosmetikadan imtina etmək istəyir. Çünki hər yeni model əvvəlkindən effektiv, amma baha olur. İlkin dövrdə bu qadın rəfiqələrini utandırır: ayıb olsun, sir-sifətinə bu qədər xərc qoyursan, Afrikada uşaqlar acından köpür, heyvanlar əziyyət çəkir ki, sən gözəl görünəsən. Çox cəsarətli olsa, bu adam öz kosmetikasını buraxmağa çalışar. Təbii materialdan olduğuna görə daha bahalı olan “etik kosmetika” yaxşı da gəlir gətirərdi və pulun bir neçə qəpiyi bəlkə də Zimbabve və Uqanda uşaqlarına sevinc bəxş edərdi. Bu etiraz cərəyanına dərhal qoşulanlar da tapılacaqdı: bir var “feşn” sənayesinə xeyir verəsən, bir də var insan və heyvan yavrularına dəstək olasan. Amma heç kim kosmetikadan tam imtina etmir, bu daha asan olardı. Belə çıxır ki, anti-inhisarçılar istehsalın, brendin deyil, yalnız bəzi bredlərin fəaliyyətinə qarşıdır. Yəni ki, onlar Malayziya tikiş fabrikinin fəhlələrini və Konqo şaxtalarında zülm çəkən fəhlələrin taleyini düşünür. Bu, bəyəm həqiqətən belədir?!

Dünyanın bir hissəsi çalışaraq o biri hissəsini dolandırır. İnkişaf etməmiş ölkələr dünyanı təkcə xırdavatla deyil, dünya bredlərini xammalla təchiz edir. Bu şansı əldən versə bu ölkələr aclıq çəkər. Ona görə də qəti şəkildə hüquqlarının “qorunmasını” kimsəyə etibar etmək fikrində deyil. Bəyəm ekofəallar bilmirdi ki, “ayfon”ların və başqa smartfonların hissəcikləri ucuzvarı Çin malı kimi koltondan hazırlanır və bu mineralı əldə edən fəhlələrə yerin altında dözülməz 16 saatlıq iş gününə görə 2 dollar verirlər? Bunu bilənlərdən kimsə mobil telefonundan imtina etdimi? Bu çox gəlirli sahəni ələ almaq uğrunda mübarizədən qalib çıxmış kompaniyanın heyvanların müdafiəsinə, ya da hansısa dərmanın istehsalına buraxdığı hətta fantastik məbləğ dünyanı ələ salmağa bənzəyir.

Gəlin ekoetirazçı obrazına 1-2 detal əlavə edib mənzərəni tam görməyə çalışaq. O, ucuz deyil, bahalı smartfon alır və dərhal telefonuna “yaşıl xəritə” mobil əlavəsini yükləyir ki, ekoloji təmiz mallardan istifadə edən mağazaları tapa bilsin. Həmin bu dükanlarda plastik paketlərdən deyil, kağız çantalar istifadə edilir. Bu kağızın, yaxud parçanın istehsalı üçün meşələr qırılır, milyon litr su sərf edilir. O, ucuzvarı dönərxanalara gedib “eşşək dönəri” yemir ki, heyvan cəsədlərini satanlara xeyir verməsin, amma gözəl restoranda bahalı bir steykin dadına məmnuniyyətlə baxardı. Kabab sifariş versəydi kömür almaq üçün qırılan meşələrimizin taleyini çətin ki, düşünərdi. Bəlkə o, kababın bir tikəsini küçədə soyuqda gözünü ona dikmiş ac it, ya pişiyə verərdi. Amma bu heyvanlara acıyıb sığınacaq tikmək fikrində olsaydı bu barədə mütləq uca kürsüdən çığırar, insanları mərhəmətə çağırar, etinasızlıqda bir ağız qınayardı da. Axı o, fəqlidi, hamı kimi deyil! Ona yerli miqyasda xeyirxahlıq etmək kifayət deyil, bu barədə ən azından televiziya verilişi, ya heç olmasa xeyriyyə kampaniyası düzənlənməlidir. Onu mütləq tərifləməlidirlər. Hakimiyyət üstündə davada qüvvəsini itirənlərə heç olmasa, bir dilim şokolad düşür...

P.S. Ola bilər haradasa, şəhərdənkənar torpaq sahəsində yaşayan Gülnizə xala elə indilərdə şah Abbası qundaqda görmüş kətan zənbilini bazarda göy-göyərti, tərəvəz və sevimli pişiyi üçün balıq başı ilə doldurub ekoloji təmiz yolla, yəni piyada evinə qayıdır. Onun evində nə blenderi, nə tozsovuran maşını, nə yoqurt düzəldən qurğusu, hətta polimer doğrayan maşını da yoxdu. O, dadlı şorba bişirib yeyəcək, artıq qarnını doyurmuş pişiyini sığallayıb anti-inhisarçı, ekofəal və zoomüdafiəçi olması barədə düşünməyəcək. Yəqin həyat belə gətirib...

Xəbərlər departamenti

Gündəm