"Hamilə geyimi hara, dəbli görünüş  hara?" - MÜSAHİBƏ
19.02.2020 13:43 Fikirlər

"Hamilə geyimi hara, dəbli görünüş hara?" - MÜSAHİBƏ

- Azərbaycanda qadınların əksəriyyəti ailə qurduqdan sonra karyeralarını sonlandırıb, özlərini maddi baxımdan ərlərindən asılı edirlər. Sonra bunun peşmanlığını yaşayırlar. Siz bu stereotiplərdən uzaq biri olaraq xanımlarımıza necə stimul verə bilərsiniz?

- Təmiz evin xanımı, nəvazişli ana, iş qayğılarından azad, stressiz həyat yoldaşı olmaq çox gözəldir. Bəzən mən də yorularkən, tam buna ehtiyac duyuram. Amma israrlı şəkildə düşünürəm ki, qadının mütləq ailəsindən savayı, özünü yararlı hesab edəcəyi bir peşəsinin olması çox vacibdir. Məsələ təkcə bunun maliyyə tərəfində deyil, həm də özünəinam, aktivlik, cəmiyyətə ana olmaqdan əlavə, başqa bir yöndə də yararlı olmaq istəyindədir. Evin təmizliyi bitmir, uşaqlar böyüyür, həyat yoldaşı qarşısında maraqlı həmsöhbət axtarır. Ona görə də erkən nikah quran xanımlara tövsiyə edərdim ki, hətta işə getməsələr belə, özlərinə aid kiçik maraqlarını, hobbilərini heç vaxt itirməsinlər. Çünki məhz bu maraqlar bizi məişət qayğılarında əriyib-getməkdən qoruyur.

Hamilə geyimi hara, dəbli görünüş  hara?

- Ölkəmizdə dəb sahəsinə xüsusi maraq olsa da, öz markalarımızı dünyada çox tanıda bilmirik. Buna mane olan səbəblər nədir?

- Tam səmimi deyəcəyəm, biz ilk növbədə yerli brendləri elə özümüzünkülərə sevdirmək, əsassız və skeptik tənqidlərdən qorunmaq və bu işi Azərbaycan reallığında ərsəyə gətirməyin çətinlikləri ilə vuruşma mərhələsindəyik. Bunun üçün vaxt lazımdır, xarici bazara çıxmaq da zaman istəyir. Tez-tez xaricdə "İkiCan" brendinin müxtəlif dillərdə səslənməsi barədə düşünürəm və əminəm ki, bir gün bu da real olacaq. Maneələrə gəldikdə isə şəxsən mənim rastlaşdığım ən böyük əngəl kadr problemidir.

- Sizin hamilə qadınlar üçün "İkiCan" adlı brendiniz var. Bu sahə çoxşaxəli deyil, necə olduki sırf bu brendi yaratmaq istədiniz?

- Ana olanadək ağlıma da gəlməzdi ki, hamilə geyimləri tapmaq qadınlar üçün bu qədər problematik ola bilər. Lap başda bu, hamilələri ruhlandırmaq, ilhamlandırmaq üçün, sevgi ilə yaradılmış bir layihə idi. Kökündə biznes qurmaq, iş açmaq yox, məhz gözəllik dururdu. Bəlkə də uğurumuzun əsas sirri də budur. Alıcılar da bu enerjini hiss edir və özləri də deyirlər ki, hər hamilənin qarderobunda ən az bir "İkiCan" donu olmaldır.

Hamilə geyimi hara, dəbli görünüş  hara?

- Sizin brendinizin digərlərindən fərqi var?

- "İkiCan"ı sevdirən əsas xüsusiyyət məncə, odur ki, o, hamiləlik dövründə də qadınların gözəl görünməsinə imkan yaradır. Sanki insanlar barışıb oturmuşdu ki, hamilə geyimi hara, dəbli görünüş hara? Hətta bəzi xanımlar hamilə geyimlərinin eybəcərliyinə görə ana olmaqdan qorxuya düşürdülər. Gülməli də olsa, bu, həqiqətdir. Ona görə də biz hər kolleksiyamızda trendə uyğun rəngləri, yeni printləri, zərif parçaları bir araya gətirib, hər sezon yeni və dəbli bir hamilə obrazı ilə insanların qarşısına çıxırıq. Bu da hamilələri ruhlandırır. Niyəsə hamı hamiləyə rahat geyim seçməyi, bu barədə çox baş sındırmamağı tövsiyə edir. "Onsuz da cəmi doqquzca ay geyinəcəksən, yola ver, getsin" deyərək guya təsəlli verir. Halbuki düşünmürlər ki, həmin o doqquz ay müasir qadının həyatında ən çox 2-3 dəfə yaşanır və məhz bu doqquz ayda onun özünəinamlı, xoşbəxt və pozitiv əhvalda olması çox vacibdir. Geyimin də buna necə təsir etdiyini hamı bilir.

- Yerli istehsala insanlarda inamı necə yaratmaq olar?

- Yalnız və yalnız keyfiyyətlə! Mən inanıram ki, bazarda yalnız keyfiyyətli brendlər qalır. Ona görə də mütəmadi olaraq komandama bunun nə qədər vacib olduğunu xatırladıram. Və çox sevinirəm ki, mənimlə işləyən hər kəs bunun üçün əlindən gələni edir. Çünki bu, təkcə mənim öhdəsindən gələcəyim bir məsələ deyil, bu bir komanda işidir.

Xəbərlər departamenti

Gündəm