“Heç bir teatr keyfiyyətli əsəri geri qaytarmır, əksinə, yaxşı pyes axtarır” - Professor
Ədəbiyyat, dramaturgiya və teatr sənəti ilə bağlı müzakirələrdə əsas problem kimi müasir pyeslərin üzərində dayanılır. Təbii ki, ədəbi nümunələrin mövzu və ideyası, işlənmə texnikası, səhnənin tələblərinə uyğunluğu da aktuallıq kəsb edir.
Bəs ölkəmizdə ümid verən gənc dramaturqlar varmı?
Mövzu ilə əlaqədar "MediaPost"a açıqlama verən Əməkdar incəsənət xadimi, professor, dramaturq Əli Əmirlinin sözlərinə görə, teatra bələd olan və onu sevən gənc dramaturqlar yetişir:
“Kim mənə əsər təqdim edirsə, oxuyuram. Mehman Musabəyov pyesini göndərmişdi, kifayət qədər maraqlı idi, xoşuma gəldi. Bizim əsas teatrımız Azərbaycan Dövlət Akademik Milli Dram Teatrıdır. Orada yaşı 50-dən aşağı heç kimin əsəri tamaşaya qoyulmur. Niyə qoyulmur, çünki yoxdur. Kim desə ki var, tamaşaya qoymurlar, inanın düzgün deyil. Heç bir teatr keyfiyyətli əsəri geri qaytarmır, əksinə, yaxşı pyes axtarır. Yaxşı pyes o qədər azdır ki, elə təəssürat yaranır ki, kimlərsə əsəri tamaşaya qoymaq istəmir. Gənc dramaturqlar yetişir. Məsələn, Ülviyyə Heydərovanın, Pərvinin, Rəvan Tohidoğlunun əsərləri oynanılır. Samir Sədaqətoğlu dramaturgiya ilə məşğul olsa da, böyük səhnədə əsərini hələ görməmişəm. Amma teatra bələd adamdır, teatrı sevən insandır”.