“Həcc pulunu xeyriyyə məqsədləri üçün sərf edənlər böyük savab qazanar” – Hacı Şahin
04.08.2020 12:18 Gündəm Cəmiyyət

“Həcc pulunu xeyriyyə məqsədləri üçün sərf edənlər böyük savab qazanar” – Hacı Şahin

Sosial şəbəkələrdə Həcc ziyarətinə gedə bilməyənlərlə bağlı maraqlı təklif irəli sürülüb. Belə ki, əvvəlcədən pul yığan, lakin pandemiya səbəbindən müqəddəs yerlərə gedə bilməyən şəxslərin bu pulu xeyriyyə məqsədilə xərcləməsi təklif edilir. Bildirilir ki, ziyarətə görə yığılan pulları toplayaraq hansısa evsizə ev almaq və ya imkansız ailədən olan şəxslərin cehizinə xərcləmək olar.

Mövzu ilə bağlı “MediaPost”a danışan Məşədi Dadaş məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin səsləndirilən təklifləri yüksək qiymətləndirib. O bildirb ki, insanlar Həcc pulunu xeyriyyə məqsədinə sərf etsələr, böyük savab qazanarlar:

“Həccin əsas fəlsəfəsi insanlarla həmrəylikdir. Həcc ziyarəti insanlara həm də ictimai məsuliyyət aşılamaq üçündür. Ona görə də Həccə gedən insanlar pandemiya olmasa da, imkanları daxilində xeyriyyə işləri ilə məşğul olmalı, insanlara yardım göstərməlidirlər. Bu il də Həcc ziyarətinə gedə bilməyən və ya ikinci, üçüncü dəfə getməyə hazırlaşan insanlar həmin vəsaiti xeyriyyə məqsədləri üçün xərcləsələr, çox yaxşı olar. Xüsusilə, müəyyən çətinliklər yaşadığımız bir dövrdə ehtiyaclı ailələrə təhsil haqlarının ödənilməsinə, hansısa digər xeyriyyə məqsədləri üçün sərf etsələr, təbii ki, böyük bir savaba çatarlar və Həccin də mahiyyətinə uyğun addım atmış olarlar”.

Billurə Yunus / “MediaPost”

Xəbərlər şöbəsi

Gündəm