Hərbi vəziyyət nə vaxt bitəcək? - <span>AÇIQLAMA</span>
12.11.2020 17:46 Daxili siyasət

Hərbi vəziyyət nə vaxt bitəcək? - AÇIQLAMA

Sentyabrın 27-də Ermənistan tərəfinin təxribatlarından sonra Azərbaycanın başlatdığı əks-həmlə və əks-hücum əməliyyatları 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanatın imzalanması ilə başa çatdı. Ermənistanın kapitulyasiyasından sonra Azərbaycanda artıq ölkə üzrə internetin istifadəsi üzrə tətbiq edilən məhdudiyyətlər də bu gün aradan qaldırıldı.

Cəmiyyətdə növbəti sual doğuran məqam isə mövcud hərbi vəziyyətin nə vaxt bitməsi ilə bağlıdır.

Məsələ ilə bağlı “MediaPost”a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elşad Mirbəşir bildirib ki, hərbi vəziyyət dövlətin səlahiyyətində olan bir məsələdir:

“Biz çox böyük bir uğura imza atmışıq, hərbi qələbə qazanmışıq. Bu qələbə imzalanan siyasi sənəddə də öz ifadəsini tapıb. Hesab edirəm ki, məhz Azərbaycan xalqı dövlət tərəfindən müəyyənləşdirilmiş qaydalara çox dəqiqliklə riayət etməklə dövlətimizə, ordumuza çox yaxından dəstək oldu”.

Deputat bildirib ki, hərbi vəziyyətin elan edilməsi və ya ləğv olunması qanunvericiliyə uyğun şəkildə həyata keçirilir:

“Azərbaycan artıq öz qələbəsini təmin edib. Təbii ki, uyğun bir zamanda - hesab edirəm ki, bu çox da uzaq gələcək deyil - dövlətimiz bununla bağlı qərar verəcək.

Təbii ki, qərarın qəbul olunma proseduru var. Hərbi vəziyyət Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə tətbiq edilir. Milli Məclisdə bununla bağlı təklif qərar layihəsi daxil olur və Milli Məclis onu təsdiq edir. İndi də hərbi vəziyyətin ləğv edilməsi prosesi uyğun qaydada baş verməlidir”.

 

Məsələ ilə bağlı  "MediaPost”a açıqlama verən Daxili İşlər Nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov bildirib ki, ölkənin bəzi şəhər və rayonlarında tətbiq edilən hərbi vəziyyət əsasında saat 21-00-dan 06:00-dək olan komendant saatının ləğvi yalnız bir halda mümkündür:

"Komendant saatının ləğvi yalnız ölkədə tətbiq olunan hərbi vəziyyətin ləğvindən asılıdır. Nə zaman ki, hərbi vəziyyət bitəcək, o zaman da komendant saatı tətbiq olunmayacaq”.

Xatırladaq ki, Hərbi vəziyyət haqqında Azərbaycan Respublikasının Qanununa görə, hərbi vəziyyət dövrü onun tətbiqi tarixindən (vaxtından) başlayır və onun qüvvədə olma müddəti bitdikdə, yaxud bu Qanunun 8.2-ci maddəsində nəzərdə tutulan halda başa çatır. 8.2-ci maddədə vurğulanır ki, hərbi vəziyyətin elan edilməsi əsasları aradan qalxdıqda və bunun üçün yeni əsaslar yaranmadıqda hərbi vəziyyət ləğv edilir.

Billurə Yunus

Gündəm