Həsən Ruhani bahalaşmayla bağlı açıqlama verib
18.11.2019 08:37 Siyasət

Həsən Ruhani bahalaşmayla bağlı açıqlama verib

İranda benzinin qiymətinin 50 faiz artırılması ilə bağlı etiraz aksiyaları davam edir. Müxtəlif bölgələrdə keçirilən nümayişlərdə indiyə qədər 1000 nəfərin saxlanıldığı bildirilir. Aksiyalarda etirazçılarla yanaşı, hüquq-mühafizə orqanı əməkdaşlarından da ölən və yaralananların olduğu söylənilir.

Mediapost.az xəbər verir ki, İranın prezidenti Həsən Ruhani ölkədə xaosa yol açan qiymət artımının səbəbləri barədə açıqlama verib. O, ehtiyaclılara yardım edilməsi məqsədi ilə bu addımı atdıqlarını dilə gətirib.

"Əsl hədəfimiz belə insanlara kömək etməkdir. Neftin satışı əvvəlki kimi deyil. Buna görə vergiləri iqtisadi çətinliklərlə bağlı artıra bilmirik. Neft satışımız məhdudiyyətlərlə qarşı-qarşıyadır. Bu olmasa belə, ehtiyacları ödəyə bilmirik. 2011-ci ildə 110 milyard dollar neft gəlirimiz varıydı, amma indi şərtlər fərqlidir" - İran prezidenti bildirib.


H.Ruhani qeyd edib ki, benzinin ucuz olması qonşu ölkələrə qaçaq yolla satılmasına səbəb olur: "Bundan qazanc əldə edənlər qaçaqçılardır. Benzinin əsl qiyməti 6 min tümədir, lakin biz 1500 tümənə satırıq".


İran prezidenti xatırladıb ki, 2013-cü ildə günlük benzin istehsalı 56 milyon litrdən 107 milyona qalxıb: "Əvvəllər benzin idxalına milyardlarla dollar xərclənirdi. İndi isə özümüzə yetəcək səviyyəyə gəlmişik. Benzin istehlakı bu il 97 milyon litrəyə qalxıb. Əgər belə davam etsəydi 2021-ci ildə yenidən idxal etmək məcburiyyətində qalacağıq".


Qeyd edək ki, etiraz aksiyaları zamanı 100-dən çox bank və 50-dən artıq mağaza yandırılıb.

Xatırladaq ki, bundan öncə İranın ali lideri Ayətullah Əli Xamneyi ölkənin 3 əsas struktur (hökumət, məhkəmə və parlament) rəhbərlərinin benzinin bahalaşması ilə əlaqədar verdikləri qərarın icra edilməli olduğunu bildirib:


"Təbii ki, bəzi vətəndaşlar bu qərardan narahat olurlar. Lakin bank yandırmaq düzgün iş deyil. İranın rəsmiləri bu bahalaşmanın başqa məhsulların bahalaşmasına səbəb olmasının qarşısını almalıdırlar".

Xəbərlər departamenti

Gündəm