Hindistana səfər edən azərbaycanlı: "Qızlar ağacla da evləndirilir ki, tilsim götürülsün..." - MÜSAHİBƏ
21.11.2019 13:42 Fikirlər

Hindistana səfər edən azərbaycanlı: "Qızlar ağacla da evləndirilir ki, tilsim götürülsün..." - MÜSAHİBƏ

Hindistan onlarca dinin bir arada var olduğu, iyirmiyə yaxın fərqli dilin danışıldığı, dünyanın ən böyük mədəni zənginliyə sahib ölkələrindən biridir.

“Təzadlar ölkəsi” olaraq adlandırılan Hindistan həmçinin qeydri-adi ənənələri ilə də dünyada adından söz etdirir.

Azərbaycan da daxil olmaqla bir çox dünya ölkələrində Hindistan barəsində miflər dolaşır.

Daha çox mənfi imici ilə tanınan Hindistanı məhz bu rəngarəngliyinə görə sevənləri də az deyil. Onlardan biri də azərbaycanlı fotoqraf İradə Qadirovadır.

Müsahibimiz Hindistan səfəri ilə bağlı düşüncələrini Mediapost.az ilə bölüşüb.

- Təzadlar ölkəsi olaraq adlandırılan Hindistan bu ada nə qədər layiqdir?

- Tam layiqdir. İnsanların sosial durumlarındakı fərqdən tutmuş, onun özünün görkəminə qədər. Hər bir şəhərinin vəziyyətinə qədər belə. Məsələn, Dehli, Caypur. Qədim məhəllərində xaotik durum hiss olunursa, bir küçə o yana artıq elə bil başqa bir dünyaya düşürsən.

- Bu cür paradoksları özündə birləşdirən Hindistan barədə yerli əhali hansı fikirdədir?

- Çoxu mövcud vəziyyəti açıq-aydın görməkdədir. Amma yerli əhali hind fəlsəfəsinin dərin təsiri altındadır. Bu səbəbdən bir şeyləri dəyişmək, nəyəsə qarşı mübarizə aparmaq kimi fikirlər onların dünyagörüşlərinə yaddır.

- Dehlidə Şamaxı məhəlləsinin olması doğrudur? Varsa, hazırda qalır, ya tarixə qovuşub?

- Dehli tarixi və mədəniyyəti ilə bağlı bir kitab idi. SSRİ zamanında çap edilib. Müəlliflərdən biri hətta erməni idi. Belə bir məhəllə olduğunu qeyd edirlər. Hazırda tarixə qovuşub. Dehli tarixilik baxımından çox zəngin bir şəhərdir və mövcud tarixi abidələr, məhəllələr belə itib gedənləri çox zaman özündə ehtiva edir.

- Rəsmi hind kişi üst geyimi olan Şervani ilə Şirvanşahların hansı əlaqəsi var?

- Bu, çox geniş bir materialın ən önəmli hissəsidir. Ümumiyyətlə, nəinki üst geyimin, hətta bir çox digər amillərin bağlılığı var. Məsələn, Şamaxıda Nağaraxana kəndinin adının belə hindlərlə bağlı olduğu deyilməkdədir.

- Turisti Hindistana apara biləcək ən böyük səbəb nə olardı?

- Hazırda ən böyük səbəb Tac Mahaldır. Lakin bu ölkə tarix, mədəniyyət, rəngarənglik və təbiət baxımından da turistləri cəlb etməlidir. Şimalda dağları, qərbdə səhrası, cənubda dənizi, cənub-şərqdə cəngəllikləri sadalana biləcək çox amil var.

- Hindistan barəsində daha çox mənfi fikirlər var. Pis qoxu, tozlu şəhər, yüngül həyat tərzi keçirən insanlar, qəribə doğumlar, ölümlər... Bu reallıqdır, yoxsa sadəcə, Hindistan haqda uydurmalardandır?

- Bu elə fikirlərdir ki, təkcə Hindistana aid etmək heç də doğru deyil. Məsələn, Paris haqqında da belə düşününlər var. Lakin Hindistan barədə bu şəkildə fikir yürütmək daha rahatdır və adi hal alıb. Ölkənin özü ilə birgə şəhərləri də böyükdür. Hər şəhərin tərtəmiz hissəsi də var, çirkli tərəfi də. Lakin bir o çirkli hissəyə görə bütün ölkəyə natəmiz damğası vurmaq doğru deyil.

Tozlu şəhər statusunu Dehli alır və bu, təəssüf ki, doğrudur. Payız aylarında ələlxüsus daha geniş vüsət alır.

- Küçələrində meymun və inəklərin rahatca gəzməsi, oğurluq, saatlarla uzanan tıxaclar, az yaşda heyvanlarla evləndirlən qızlar və digər təhlükəli inancalara qarşı niyə dövlət laqeyd yanaşır?

- Küçələrdə meymun və inək məsələsi bu cəmiyyətin daha çox əsrlər boyu formalaşmış dünyagörüşləri və inancları ilə bağlıdır. Dövlət də o cəmiyyətdən çıxıb. Heyvanlara zərər yetirilmir. Lakin heyvanlar da insanlara mane olmur. Burada hamı bir növ razılaşmış sevgi şəklində yaşayır. Oğurluq isə təkcə Hindistanda mövcud deyil.

Tıxac məsələsinə gəlincə, Bakıda da son zamanlar çətin tıxaclar var. Eyni sualı özümüzə də, iri tıxacları olan Moskvaya da yönəldə bilərik. Bütün qüsurlar, yəni tək bir Hindistanda cərəyan etmir.

Burada az yaşda heyvanla yanaşı, ağacla da evləndirilən qızlar da var. Bayaq qeyd etdiyim kimi bu onların əsrlər boyu formalaşmış ənənəsidir. İnanca görə bu şəkildə qızların üzərindəki tilsim götürülür və daha sonra onlar öyrəşdiyimiz qayda ilə ailə qururlar.

Dövlətin həll etməli olduğu daha mühüm məsələlər var məncə. Hər bir təcrübə də göstərir ki, adət-ənənə və inancla mübarizə heç də yaxşı sonluqla nəticələnmir. Milyardlarla insanın təfəkkürünü qısa müddətə dəyişmək çox çətin olar.

- Və son olaraq Hindistan səfəriniz bu ölkəyə olan sevginizi daha da artırdı yoxsa?

- Bu, ilk səfər deyildi və sonuncu da olmayacaq. Hindistan durmadan kəşf edilməyi tələb edir.

Xəbərlər departamenti

Gündəm