Hindistanın antimüsəlman mövqeyi Azərbaycanla münasibətinə təsir edəcəkmi? - ŞƏRH
25.12.2019 11:58 Fikirlər

Hindistanın antimüsəlman mövqeyi Azərbaycanla münasibətinə təsir edəcəkmi? - ŞƏRH

Hindistanda yeni hakimiyyətin mübahisəli vətəndaşlıq qanunları uzun müddətdir dünya ictimaiyyəti tərəfindən müzakirə olunur.

Yeni qəbul olunan qanun qonşu ölkələrdən gələn 6 fərqli dini qrupa vətəndaşlıq almaq imkanlarını genişləndirdiyi halda, eyni mövqedə olan müsəlman mühacirləri vətəndaşlıqdan məhrum edir.

Bu səbəbdən bir müddətdir, Hindistanı etirazlar dalğası bürüyüb. Etirazlar zamanı 20-dən çox insan ölüb, minlərlə insan həbs olunub.

Hindistanın baş naziri Narendra Modi və onun hökuməti dəfələrlə ən yüksək tribunalardan ittiham olunub. Hindistan sürətlə sekulyarizm prinsiplərindən uzaqlaşır və dinçi bir ölkəyə çevrilir.

Mövzu ilə bağlı “MediaPost”-a açıqlama verən beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Hindistanın bu gününü anlamaq üçün keçmişinə nəzər salınmalı olduğunu bildirib:

Böyük ölkələrin dollardan imtinası reallaşır? – ŞƏRH“Buddist keçmişin və orta əsrlərdəki müsəlman – türk hərbi qüdrətinin harmoniyasına dayanan bir kimlik sonrakı əsrlərdə Britaniya imperiyasının işğalında qaldı. Bu müddət Hindistanın indiki vizionunu formalaşdırdı. Çünki etnik azlığı - türk və digər inancı islam olanlar hakimiyyətdən salındı və hindlilərin daha öndə olduğu bir quruluş formalaşdı. Amma Britaniyanın 1947-ci ildə Hindistana azadlıq verməyə məcbur olmasından sonra oraya dini qarşıdurma minası basdıraraq çıxdı. Nəticədə buddistlərlə müsəlmanların qanlı müharibələri başladı. Məhz bu çıxılmaz vəziyyətdən sonra 1947-ci ilin avqustunda bir gün fərqlə ölkə Hindistan və Pakistan olmaqla iki hissəyə bölündü, tamamilə müsəlman olan kəsim Pakistanda cəmləşdi. Nəticədə daha bir potensial münaqişə ocağı üçün səbəb yarandı və illərdir ki, Hindistanla Pakistan toqquşur, müharibə edir, Kəşmir isə ortada əsas qarşıdurma zonası rolunu oynamaqdadır. Və məhz bundan sonra Hindistanda müsəlman artıq din qardaşı yox düşmən kimi görünür. Çünki daxili toqquşmalar məhz dini amil üzərindən baş verir. Nəhayət, son bir neçə ildir ki, bu ölkəyə hind millətçisi Narendra Modi rəhbərlik edir. Hansı ki, məhz bu şəxs antiislamçıdır və müsəlmanlara nifrət edir”.

Mütəxəssis bu qanunun qəbul olunmasında ölkədəki demoqrafik vəziyyətin də önəmli rolu olduğunu vurğulayıb:

“Hindistan artıq Pakistan, Əfqanıstan və Banqladeş (Bu ölkə də Hindistanın tarixi ərazisidir və 1971-ci ildə Pakistandan ayrılıb) kimi ölkələrdən gələn müsəlman axınının qarşısında duruş gətirə bilmir. Burada artıq siyasi amildən çox bir də demoqrafik məsələlər var. Hindistan 1 milyrad 300 milyonu keçmiş əhalisinə güclə ev sahibliyi edə bilir. Orada hazırda 200 milyona yaxın müsəlman yaşamaqdadır və özləri də hərbi-siyasi baxımdan aktivdirlər. Amma məhz bu qanunun müsəlmanlara özəl tətbiqi həqiqətən də faşizm əhvalı qoxuyur və sivil dünyada da insan haqlarının ixlalı kimi qəbul edilir. Qaldı ki, bu addım digər müsəlman ölkələri üçün heç bir əhəmiyyət daşımır ki, münasibət də ifadə edələr. Bu məsələdə ən aktiv fazadakı rolları Hindistanın müsəlman qonşuları oynayır”.

Əziz Əlibəyli yeni qəbul onunan qanunun Azərbaycanla Hindistan arasındakı münasibətə təsiri ilə bağlı fikirlərini də bölüşüb:

“Azərbaycana gəldikdə isə Hindistanla yaxşı münasibətlərimiz var. Xarici siyasəti yalnız İslam Ölkələri Təşkilatı və bu təşkilata üzv ölkələrə bağlı ikili münasibətlərdə dini amili önə qoyur. Hindistanla bağlı konkret münasibət qoyacaq digər müsəlman ölkələri var. Ona görə də bizim ikitərəfli münasibətlərimiz üçün bunun heç bir rolu yoxdur”.

“MediaPost”

Xəbərlər departamenti

Gündəm