İbtidai sinifdə ev tapşırığı olmalıdır, ya yox? - Sorğu
18.12.2019 11:47 Təhsil

İbtidai sinifdə ev tapşırığı olmalıdır, ya yox? - Sorğu

Dünya praktikasında ibtidai sinif şagirdə ev tapşırığı verilmir, çünki uşaq səhərdən axşama kimi məktəbdə olur deyə təhsil məktəbdə reallaşır. Azərbaycan məktəblisi günün yarısını məktəbdə oxuyur, digər yarısını isə uzun-uzadı ev tapşırığını yetirir. Uşaq gecəyə qədər dərs hazırlamağa məhkumdur.

Mediapost.az “İbtidai sinifdə ev tapşırığı olmalıdır ya yox” sualını valideyn və müəllimlərə yönləndirib.

Elnarə Əfəndiyeva, metodist müəllim

- Ümumilikdə şagirdə ev tapşırığı verilməməlidir, bütün mövzu və mətnlər sinifdə öyrədilməli, təhsil məktəbdə verilməlidir. Şagird məktəbdən evə gələrkən sırf fiziki tərbiyə ilə məşğul olmalı, müəyyən işlər görməlidir. Məsələn, əyləncə, idmanla məşğul olmalı, həyətə çıxmalı, qonaq getməli, ailədə baba-nənə və valideyn ilə vaxt keçirməlidir. Evə tapşırıq verilməməlidir. Gərək şagirdin də istirahətə vaxtı olsun, əsas da evə çantada ağır kitabları daşımasın.

Ülkər Mehralıyeva, ibtidai sinif müəllimi

- İbtidai sinifdə ev tapşırığı ya olmamalı, ya olsa da, daha yüngül və əyləncəli olmalıdır. İbtidai sinifdə uşaqların yaşı az olduğuna görə, onlar daha çox əylənməli, oynamalı və idmanla məşğul olmalıdırlar.

Xəyalə Yusifova, ibtidai sinif müəllimi

- İbtidai sinifdə ev tapşırığı olsun, çünki indiki zamanda uşaqlar asudə vaxtını səmərəli istifadə etmirlər. Onlar yutubda mənasız videolara baxır ya da telefonda psixologiyanı pozan oyun oynayırlar. Bundan uşağı uzaq etmək üçün ev tapşırığı verməyə məcburuq.

Saçlı Yusifova, ibtidai sinif müəllimi

- İbtidai sinifdə ev tapşırığı olsun. Bu, uşağın sinifdə eşitdiyi məlumatı anlamasına və yadda saxlamasına kömək edir. Amma daha sadə və az miqdarda olmalıdır ki, şagird özü köməksiz edə bilsin. Yaşı az olduğu üçüm o daha çox istirahət etməlidir.

Nərmin Adıgözəlova, valideyn

- Əlbəttə ev tapşırığı olmalıdır, amma uşağı yoracaq qədər yox. Şagird 2 saat dərsdən sonra vaxt ayırıb sərbəst şəkildə etməlidir.

Ülviyyə Ələkbərova, valideyn

- İbtidai sinifdə ev tapşırığı olmalıdır. Sadəcə çox olmasın. Indi uşağım 4 ya 5 saat ev tapşırığına vaxt sərf edir.

Elnarə Hüseynova, valideyn

- Mən demirəm ki ev tapşırığı tamam olmasın, çünki uşaq məktəbdə keçəni təkrarlasa, daha yaxşı olar. Amma az və sadə tapşırıqlar olsun ki, sərbəst etsin.

Billurə Misirli, valideyn

- İbtidai sinifdə ev tapşırığı olmalıdır, amma yormamalıdır şagirdi. Onun istirahətə, əyləncəyə və özünü inkişaf eləməyə vaxtı qalmalıdır.

Aygün Əsgərova, valideyni

- İbtidai sinifdə ev tapşırığı olmalıdır. Bu məktəbdə keçən dərsləri yaxşı məniməməyə kömək edir. Sadəcə dərs yükü azalmalıdır, əsas olmayan fənlər daha əyləncəli keçməlidir. Musiqi dərsində uşaqlar nəğmə oxumalı, texnologiyada əl işləri düzəltməlidirlər. Indi isə onlar ancaq məlumatı anlamadan əzbərləyirlər. Bu qədər məlumatı bu yaşda qavramaq olmur, nəticədə uşaq həvədən düşür. Bu yük yaddaş pozuntusuna gətirir. Ümumilikdə tədris sistemində problemlər hələ çoxdur.

İlahə Hacıyeva, ibtidai sinif müəllimi

- İbtidai sinifdə ev tapşırığı olmalıdır, biliyin möhkəmləməsində bu mütləqdir. Ev tapşırığı olmasa, uşaq məsuliyyətsiz olar. Amma 2 saatdan çox vaxt sərf eləməməlidir. Şagirdin asudə vaxtı olmalıdır ki, o, dostları ilə əylənməyə, idmanla məşğul olmağa vaxtı qalsın.

Vüsalə Nəbiyeva, ibtidai sinifdə ingilis dili müəllimi

- İbtidai sinifdə ev tapşırığı olsun, amma daha az olmalıdır. Uşaq proqramı məktəbdə qavramalıdır. Kurikulum sistemində test və kitab çoxdur.

Sorğuda 6 müəllim, 5 valideyn olmaqla 11 nəfər iştirak edib. 2 respondent (müəllim) ev tapşırığının olmasının lehinə, 9 nəfər isə əleyhinə olduğunu bildirib. Sorğu iştirakçılarının hamısı ümumi yükün azaldılması və uşaqların idman, istirahətə vaxt ayırmasına müsbət yanaşdığını bildirib.

Nərgiz Malik

Xəbərlər departamenti

Gündəm