İcarə haqqının ödənilməsində növbəti aylarda güzəşt tətbiq oluna bilərmi? - AÇIQLAMA
24.04.2020 08:52 İqtisadiyyat

İcarə haqqının ödənilməsində növbəti aylarda güzəşt tətbiq oluna bilərmi? - AÇIQLAMA

Koronavirus infeksiyasının təsirini minimuma endirmək üçün karantin rejiminin tətbiqi ilə pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən kiçik və orta sahibkarların bir çoxu fəaliyyətini dayandırıb. Bu sahibkarların əksəriyyəti isə icarəyə götürdükləri obyektlərdə fəaliyyət göstərirlər. Karantin dövrü bitsə belə, onların maddi durumu dərhal icarə haqlarını ödəməyə imkan verməyə bilər.

Bəs icarə haqqının ödənilməsinin müvəqqəti olaraq dayandırılması və ya bununla bağlı növbəti aylarda müəyyən güzəştlərin tətbiq olunması mümkündürmü?

Məsələ ilə bağlı "MediaPost"a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə icarə ilə bağlı güzəştlərin tətbiq edilməsi nəzərdə tutulub: "Belə ki, dəyişikliklərə əsasən icarədən ödəniləcək vergi dərəcəsi 14%-dən 7%-ə endirilib. Bu da təbii ki, icarə obyektə sahib olan kiçik və orta sahibkarların xərclərinin azaldılması məqsədi daşıyır. Burada dövlət vergi aləti vasitəsilə proseslərə təsir edir. Qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər kifayət qədər genişmiqyaslıdır və çoxlu sayda güzəştlərin tətbiqini nəzərdə tutur. Həmçinin bura əmlak və torpaq vergisi üzrə vergi tətillərinin verilməsi daxildir".

Millət vəkilinin sözlərinə görə, konkret olaraq icarə haqlarında endirimin olması isə artıq sahibkarla həmin əmlak sahibi arasında müzakirə nəticəsində və onların birbaşa danışıqları ilə mümkündür:

"Çünki nəzərə almaq lazımdır ki, kiçik və orta sahibkarların icarəyə götürdüyü əmlakların böyük qismi özəl əmlaklardır. Dövlət isə özəl əmlaklarda icarə tarifinin və ya icarə haqqının endirilməsinə müdaxilə edə bilmir. Çünki özəl sektordur və əmlak sahibləri özəl sahibkarlardır. Dövlət indiki halda vergi dərəcələrini endirməklə ofisini icarəyə götürən sahibkarlara güzəşt tətbiq edir".

"Həmçinin, biz əmlak sahibi özəl sahibkarların korporativ sosial məsuliyyət çərçivəsində icarə ilə bağlı güzəştlərin tətbiq etməsini məqsədəuyğun hesab edirik. Təbii ki, bu, əmlak sahibinin verəcəyi qərardan asılıdır. Dövlət müdaxilə edərək tarifləri aşağı salmaq imkanına malik deyil", - deyə V.Bayramov əlavə edib.

Xəbərlər departamenti

Gündəm