İcra Hakimiyyəti şəhid ailəsinin problemlərinin həllindən danışdı
28.04.2020 11:38 Cəmiyyət

İcra Hakimiyyəti şəhid ailəsinin problemlərinin həllindən danışdı

“MediaPost” xəbər verir ki, bu barədə Rayon İcra Hakimiyyətindən bildirilib.

Belə ki, sosial şəbəkələrdə Zabrat qəsəbəsində yaşayan Şərbətova Safura Əmiraslan qızı ilə bağlı gedən məlumatlar Rayon İcra Hakimiyyəti tərəfindən araşdırılıb.

S.Şərbətovanın dediyinə görə o, Nizami rayonu ərazisində yerləşən mənzilini satıb, övladları ilə birgə Zabrat qəsəbəsinə köçüb, burada qeydiyyatsız yaşayırlar. S.Şərbətovanın özü 2013-cü ilin dekabr ayında Sabunçu RPİ-nin inzibati binasında pasport qeydiyyatına alınıb.

“Safura Şərbətova dəfələrlə Rayon İcra Hakimiyyəti başçısının qəbulunda olub və ona müraciət etdiyi müxtəlif məsələlərlə bağli köməkliklər göstərilib. Belə ki, Sabunçu rayon İcra Hakimiyyəti başıçısının sərəncamına əsasən S.Şərbətova şəhid ailəsi kimi 04.03.2014-ci il tarixində mənzil növbəsinə götürülüb, onun yaşadığı mənzilin təmiri ilə bağlı İcra Hakimiyyəti tərəfindən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə müraciət olunub. Həmçinin, növbədən kənar (yaşayış şəraitini nəzərə alaraq) mənzillə təmin olunması ilə bağlı 2019-cu ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi müraciət edilib”, - məlumatda bildirilir.

Bundan əlavə, S.Şərbətovanın maddi vəziyyəti nəzərə alınaraq Sabunçu Rayon İcra Hakimiyyəti və 3 saylı XT MKTB-nin 73 saylı MKİS tərəfindən ona dəfələrlə maddi yardım göstərilib.

Xəbərlər departamenti

Gündəm