İcra Hakimiyyəti vəkilin iddiasına münasibət bildirdi
28.04.2020 18:28 Cəmiyyət

İcra Hakimiyyəti vəkilin iddiasına münasibət bildirdi

Yasamal rayon İcra Hakimiyyəti (RİH) vəkil Tahir Əlirzayevin iddiasına münasibət bildirib.

"MediaPost" xəbər verir ki, RİH-dən Qaynarinfo-ya bildirilib ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 22 saylı Vəkil Bürosunun müdiri Tahir Əlirzayev 14.03.2019-cu ildə Yasamal Rayon İcra Hakimiyyətinə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 1(103)-813/2018 saylı 13.12.2018-ci il tarixli qərarına əsasən ona 240 manat xidmət haqqı ödənilməsini xahiş edib:

"Müraciət daxil olduğu tarixədək və ondan sonrakı dövrlərdə 22 saylı Vəkil Bürosundan heç bir müraciət daxil olmadığından, hər hansı bir ödəniş olunmadığından rayon İcra Hakimiyyəti tərəfindən büro ilə, o cümlədən vəkil T.Əlirzayevlə bir neçə dəfə əlaqə saxlanılaraq müəyyən sənədlər tələb edilib, lakin heç bir cavab verilməyib.

22 saylı Vəkil Bürosu tərəfindən 03.02.2020-ci il tarixdə ikinci dəfə rayon İcra Hakimiyyətinə müraciət olunub və 21.02.2020-ci il tarixdə büroya cavab olaraq bildirilib ki, dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə ödənilməli olan xidmət haqları Azərbaycan Respublikası Prezidentinin 03.04.2019-cu il tarixli, 604 nömrəli fərmanına əsasən 2020-ci ilin yanvar ayından Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən ödənilir. Bununla bağlı olaraq rayon İcra Hakimiyyətinə vəsait ayrılmadığından vəkil Tahir Əlirzayevin Azərbaycan Respublikası Vəkillər Kollegiyasına müraciət etməsi tövsiyə olunur”.

Xəbərlər departamenti

Gündəm