İctimai nəqliyyatda necə davranmalıyıq?
23.01.2020 12:23 Fikirlər

İctimai nəqliyyatda necə davranmalıyıq?

Hər gün milyonlarla insan ictimai nəqliyyatdan istifadə edir. Təbii ki, burada müəyyən davranış qaydaları var ki, fərdiçilikdən çıxır. Yəni ictimai nəqliyyatda insan öz avtomobilində olduğu kimi istədiyi hərəkətləri edə bilməz. Eyni zamanda cəmiyyətdə qəbul olunmuş müəyyən etik qaydalar var ki, bu, həm də ictimai nəqliyyatda keçərlidir.

Bəzən sosial şəbəkələrdə insanların avtobus, metro və digər nəqliyyat vasitələrində etik qaydaları pozaraq yüksək səslə danışdığını, yaxud yersiz səs-küy saldığını, başqa sərnişinlərlə mübahisə etdiyini əks etdirən videolara rast gəlirik. Bütün bunların yolverilməz olmasını cəmiyyət olaraq qəbul edirik. Amma ümumilikdə davranış qaydalarını bilirikmi?

“MediaPost” ictimai nəqliyyatda bəzi davranış qaydaları haqqında araşdırmanı təqdim edir.

İctimai nəqliyyatda necə davranmalıyıq?

İlk olaraq boş ictimai nəqliyyata (avtobus və ya qatara) birinci daxil olduqdan sonra əyləşib yan oturacağa əşyalarınızı qoyaraq boş yeri məşğul etmək olmaz. Təbii ki, digər yerlər boşdur deyib buna haqq qazandırmaq mümkündür. Amma bu, sizdən sonra daxil olan sərnişinə qarşı hörmətsizlik hesab oluna bilər.

İctimai nəqliyyatda necə davranmalıyıq?

Əgər qatar və ya avtobusda ayaq üstə gedirsinizsə, o zaman nəqliyyatın orta hissəsinə keçmək lazımdır. Konduktor və ya sürücünün bu barədə xəbərdarlıq etməsini gözləmək lazım deyil. Eyni zamanda düşəcəyiniz dayanacağa çatmamış çıxış qapılarına doğru yaxınlaşmaq sizi enərkən digər sərnişinləri itələyərək çıxmanızın qabağını alar.

İctimai nəqliyyatda necə davranmalıyıq?

Kürəyə asılan çantalar (ryukzaklar) ictimai nəqliyyatda sərnişinlərə çox narahatlıq yaradır. Ən çox isə nəqliyyat vasitəsi sərnişinlərlə dolu olduğu halda bu əşya insanlara mane olur. Etik qaydalara riayət edərək çantanı kürəyinizdən çıxararaq, ayağınızın yanında yerləşdirməniz ən doğru variantdır.

İctimai nəqliyyatda necə davranmalıyıq?

Nəqliyyat vasitəsinin salonunda ucadan danışmaq qətiyyət yolverilməzdir. Çünki digərləri sizin söhbətinizə qulaq asmaq məcburiyyətində deyil. Eyni zamanda mobil telefonla maksimum dərəcədə az və asta səslə danışmaq lazımdır. Etik qaydalara zidd olan digər məsələ isə ictimai nəqliyyatda şəxsi söhbətləri danışmaqdır.

İctimai nəqliyyatda necə davranmalıyıq?

Avtobus və ya qatarda qida qəbul etmək də digərləri tərəfindən yaxşı qarşılanmaya bilər. Xüsusilə sərt iyli yemək yemək qadağandır. Amma şirniyyat, şokolad kimi qidaları qəbul etmək olar. Bunu isə elə etmək lazımdır ki, digərləri görməsin. Çünki kiminsə bu qidaya həmin an istəyi yarana bilər.

İctimai nəqliyyatda necə davranmalıyıq?

İctimai nəqliyyat vasitəsi tam dayanmayınca ona minməyə tələsməyin. Çünki öncə düşənlərə yol vermək lazımdır. Nəzakət əlaməti olaraq qadınlara, yaşlılara, əlillərə, körpələrə, hamilə qadınlara öz yerinizi verin.

İctimai nəqliyyatda necə davranmalıyıq?

Nəqliyyatda kitab və ya qəzet oxumaq yaxşıdır. Amma bunu elə etmək lazımdır ki, digərlərinə maneə yaratmayasınız. Həmçinin başqasının oxuduğu kitaba, yaxud mobil telefonda izlədiyi hər hansı videoya baxmaq düzgün deyil.

İctimai nəqliyyatda necə davranmalıyıq?

Ən əsası isə ictimai nəqliyyatda əlinizdəki zibili yerə və yaxud pəncrədən çölə atmaq olmaz.

Teymur Məmmədov, xüsusi olaraq "MediaPost" üçün

Xəbərlər departamenti

Gündəm