İctimai nəqliyyatdan istifadə nə üçün faydalıdır? - ŞƏRH
19.02.2020 12:54 Fikirlər

İctimai nəqliyyatdan istifadə nə üçün faydalıdır? - ŞƏRH

Bu fikirləri “MediaPost”a açıqlamasında yol-nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib. O, ictimai nəqliyyata üstünlük verilməsinin və avtomobillərdən imtina edilməsinin vacibliyindən danışıb:

“Yol nə qədər çox genişlənirsə, bu, insanların mobilliyinə birbaşa təsir edir. Yəni yolu genişləndirəndə ya səkilər daralır, ya da hansısa bina sökülür. Bu da həm baha başa gəlir, həm də avtomobilləşmənin daha da sürətlənməsinə səbəb olur. Çox avtomobilin olması da son nəticədə sıxlıq yaradır. İnsanları ictimai nəqliyyatdan istifadəyə çağırmaq üçün müasirləşmə vacibdir. Yəni bir neçə çeşidli nəqliyyat növü - avtobus, metro, elektrik qatarı və tramvay təqdim olunmalıdır. Sözügedən nəqliyyat növləri ilə eyni anda daha çox sərnişin daşınması mümkündür.

Digər tərəfdən avtomobillərindən daha az istifadə ekologiyaya vurulan zərəri azaldır. Həftəsonları və ya bayram günlərində evdən çıxsanız görərsiniz ki, hava daha təmizdir. Avtomobillərin ekologiyaya buraxdığı zəhərli qazların daha az olmasından başqa, tətil günlərində şəhərdə səs-küy də azalır. Nəzərə almaq lazımdır ki, səs-küy şəhərdə aqressiv mühit yaradır”.

R.Ağamirzəyev insanları ictimai nəqliyyata yönləndirmək üçün əlaqəli infrastrukturların inkişafının vacib olduğunu vurğulayıb:

“Hazırda paytaxt nəqliyyatında əsas yük avtobusların üzərində düşür. Bu sahədə görülən işləri müsbət qiymətləndirmək olar. Hesab edirəm ki, ictimai nəqliyyatla bağlı görülən işlər kompleks halında olmalıdır. Əgər ictimai nəqliyyatı inkişaf etdiririksə, küçə infrastrukturu da onunla yanaşı inkişaf etdirilməlidir. İnsanların piyada hərəkəti üçün şərait yaradılmalıdır. Bakı Nəqliyyat Agentliyi 2017-ci ildən paytaxtda pandusların quraşdırılmasına başlayıb. Bu çox müsbət addımdır və davam etdirilməlidir. Panduslar fiziki imkanları məhdud insanların cəmiyyətə interqasiyasını daha da sürətləndirəcək.İctimai nəqliyyatdan istifadə nə üçün faydalıdır? - ŞƏRH

Şəhərdə avtobus zolaqlarının ayrılması da fayda verə bilər. Məsələn, bir nəfər öz şəxsi avtomobilində oturub tıxacda gözləyəndə avtobus hərəkətə davam edərsə, o düşünəcək ki, tıxacda qalmaqdansa, avtobusla getmək daha yaxşıdır".

Ekspert insanların avtomobillərdən istifdəsinin azaldılmasını təmin etmək üçün parkinq qiymətlərinin artırılması gərəkdiyini söyləyib:

“Heç bir dövlətdə elə bir öhdəlik yoxdur ki, hər zaman şəhərdə onun şəxsi avtomobilin sahəsi qədər pulsuz və ya pullu yer verilsin. Şəhər yerində xüsusilə, mərkəzdə torpağın qiyməti daha baha olur. Burada torpağın daha optimal istifadəsindən söhbət gedir. Biz hər yeri parkinq üçün ayırsaq, insanlara gəzməyə yer qalmaz. Şəhər insanlar üçün olmaldır, dəmir parçası üçün yox. Nyu York Nəqliyyat və İnkişaf Siyasəti İnstitutunun rəhbəri, Boqota şəhərinin keçmiş meri Enrike Penalosanın ictimai nəqliyyatla bağlı yaxşı bir sözü var. O deyir ki, yaxşı bir şəhər hətta ən varlıların ictimai nəqliyyatdan və velosipedlərdən istifadə etdiyi bir şəhərdir. Biz də buna nail olmalıyıq”.

Xəbərlər departamenti

Gündəm