IFC və Azərbaycan Fintex Assosiasiyası tərəfdaş olaraq maliyyə inklyuzivliyini artırmaq əzmindədirlər
25.01.2023 16:03 İqtisadiyyat

IFC və Azərbaycan Fintex Assosiasiyası tərəfdaş olaraq maliyyə inklyuzivliyini artırmaq əzmindədirlər

Azərbaycanın maliyyə sektoruna müasir texnologiyalardan istifadə edərək səmərəli maliyyə xidmətləri göstərməyə kömək etmək niyyəti ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Azərbaycan Fintex Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb.

MediaPost xəbər verir ki, tərəflər fintex şirkətlərinin böyümələrinə və ölkədə daha az xərclə, sürətli və keyfiyyətli xidmətlər göstərməklərinə yardım etməklə fintex şirkətlər üçün çərçivənin gücləndirilməsi istiqamətində çalışacaqlar.

Memoranduma uyğun olaraq, IFC-nin “İnteqrasiyalı Maliyyə və Rəqəmsal Maliyyə Xidmətləri” layihəsi fintex şirkətləri üçün qabaqcıl beynəlxalq təcrübə əsasında bilik və bacarıqların artırılmasının əsasının qoyulması və təlimlər istiqamətində vebinarlar keçirəcək. IFC-nin əsas prioritetlərindən biri əhalinin maliyyə xidmətlərinə çıxışını təmin etməklə bank xidmətlərindən kənarda qalmış əhalinin rəsmi maliyyə sisteminə cəlb edilməsinə kömək etməkdir. Bu baxımdan, texnoloji innovasiyalar inkişafda olan ölkələrdə maliyyə xidmətlərinə çıxışı yaxşılaşdırmaq və maliyyə inklyuzivliyini artırmaq üçün səmərəli vasitələrdən biridir.

“Fintex innovasiyaları maliyyə xidmətləri üçün fiziki maneələri azaldır. Maliyyə xidmətlərinin insanların yaşadığı və işlədiyi yerlərə yaxınlaşdırılması tədbirləri maliyyə inklyuzivliyini genişləndirir; bu, xüsusilə bank filialına getmək üçün xeyli əlavə vaxt və resurs tələb edən ucqar ərazilər üçün doğrudur. Ölkənin iqtisadi artım trayektoriyasına istinadla, IFC ilə tərəfdaşlığımız Azərbaycanda maliyyə sektorunun dayanıqlığına töhfə verməklə fintex şirkətlərinin inkişafına kömək etmək məqsədi güdəcəkdir,” – Azərbaycan Fintex Assosiasiyasının idarə heyətinin sədri Ruslan Talıbov qeyd etdi.

 

Azərbaycan hökümətinin prioritetlərindən biri dayanıqlı, inklyuziv özəl təşəbbüslərə əsaslanan iqtisadi artımı sürətləndirməkdir. Fintex texnologiyaları maliyyə xidmətlərinin maya dəyərini azaltmaqla bu məqsədə mühüm mənada töhfə verə bilər. Texnoloji innovasiyalar əsasında yaradılmış yeni alətlər (məsələn, bulud-əsaslı xidmətlər) maliyyə xidmətlərini daha sürətli və səmərəli şəkildə göstərməyə transformasiya etməklə əməliyyat xərclərini azaldır.

“Fintex, sarsıdıcı texnologiya olaraq, maliyyə inklyuzivliyi artırır, inkişafda olan ölkələrdə sürətli iqtisadi artım və müştərək rifah üçün zəmin yaradır. Ümidvarıq ki, Azərbaycan Fintex Assosiasiyası ilə tərəfdaşlığımız maliyyə xidmətləri göstərilməyən və az göstərilən əhaliyə bu xidmətlərə çıxışı təmin edəcək məsuliyyətli və innovativ həlləri dəstəkləməyə, ölkədə fintex şirkətlərinə maliyyə xidmətlərinin çatdırılması yollarını müasirləşdirməyə kömək edəcəkdir,” – IFC-nin Avropa üzrə regional direktoru Rana Karadşeh bildirdi.

Son onillikdə Azərbaycan hökuməti, ölkənin maliyyə infrastrukturunu təkmilləşdirmək üçün İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi SECO ilə tərəfdaşlıqda IFC-nin tövsiyə etdiyi bir sıra tənzimləyici islahatları həyata keçirmişdir. IFC-nin dəstəyi ilə qəbul olunmuş “Açıq bankçılıq yol xəritəsi”, maliyyə sektorunun iştirakçıları və fintex şirkətləri üçün fərdi və biznes müştərilərinə göstərilən innovativ rəqəmsal maliyyə xidmətlərini genişləndirmək yolunda mühüm addımdır.

Xəbərlər departamenti

Gündəm