"İlan-qurbağa"ya qadağa qoyulsa, Çin ildə 20 milyard itirəcək
03.02.2020 06:35 Fikirlər

"İlan-qurbağa"ya qadağa qoyulsa, Çin ildə 20 milyard itirəcək

Çində vəhşi heyvanlar həm süfrələri bəzəyir, həm də bir çox dərdin dərmanı hesab olunur. Bəzi yerli restoranlarda yarasalardan hazırlanmış şorbanın, bəzilərində (əsasən bahalı məkanlarda) qızardılmış kobranın dadına baxmaq olur. Ölkənin kasıb bölgələrində isə əsasən siçovulların, pişiklərin, ilanların və müxtəlif quşların (o cümlədən nadir və qorunan növlərin) əti satılır.

HƏM QİDA, HƏM ŞƏFA...

İlan-qurbağa

"MediaPost" xəbər verir ki, Çin xalq təbabətində vəhşi heyvanlardan hazırlanan məhsullardan geniş istifadə olunur. Çinlilər onların müalicəvi gücünə və müxtəlif xəstəliklərə çarə olduğuna inanırlar. Baxmayaraq ki, insanların yoluxduğu yeni virusların 70 faizindən çoxunun mənbəyi məhz bu cür heyvanlardır.

Yeni koronavirusun (2019-nCoV) insanlara vəhşi heyvanlardan ötürüldüyü, virusun mənbəyinin Çinin Uxan şəhərindəki balıq bazarı ola biləcəyi deyilir. Karantin tətbiq olunana qədər bu bazarda vəhşi heyvanların əlaltdan ticarəti həyata keçirilirdi. Qəfəslərdə saxlanılan vəhşi heyvanlar ekzotik qida və ya dərman kimi satılırdı.

2019-nCoV-un insanlara necə ötürüldüyünə dair yekun rəy olmasa da, mütəxəssislər virusdaşıyıcı kimi daha çox yarasaların adını çəkirlər. Bu virusun əvvəllər ortaya çıxmış Orta Şərq Respirator Sindromu (MERS) və Şiddətli Kəskin Respirator Sindromu (SARS) ilə müqayisəsi zamanı məlum olub ki, o, genetik quruluşuna görə SARS-CoV-a bənzəyir. Bu bənzərliyi əsas gətirən Çin alimləri yeni koronavirusun mənbəyi kimi yarasaları görürlər. Bir vaxtlar SARS və MERS-ə səbəb olan viruslar da yarasalardan ötürülmüşdü.

İlan-qurbağa

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri də ehtimal edirlər ki, yeni virus insanlara yarasalardan ötürülüb.

Virusun insanlara ilanlardan yoluxduğunu iddia edən mütəxəssislər də var. Məsələn, bir neçə gün əvvəl alimlər yeni koronavirusun genetik kodunu çox sayda heyvanın genetik kodu ilə müqayisə ediblər. Onlar arasında iki ilan növünün (Cənubi Çin çoxzolaqlı kraytı və Çin kobrası) 2019-nCoV-un genetik koduna ən yaxın olduğu ortaya çıxıb.

Tədqiqatçılar virusun insanlara heyvanlardan yayıldığına inanır, eyni zamanda insanlar tərəfindən də ötürülə biləcəyini deyirlər. Məsələn, koronavirusun son dönəmlərdə üzə çıxan və indiyədək aşkar edilməmiş növünün insandan insana keçdiyi təsdiqlənib.

VƏŞHİ HEYVANLARIN ƏN BÖYÜK İSTEHLAKÇISI

İlan-qurbağa

Son hesablamalara görə, onurğalıların 32 min növündən təxminən 20 faizi Çin bazarlarında qanuni və ya qeyri-qanuni satılır.

Bəzi beynəlxalq qurumlar hesab edirlər ki, yeni koronavirus vəhşi heyvanların qanunsuz ticarətinə son qoymaq və bununla da insanların sağlamlığını qorumaq üçün yaxşı fürsətdir.

Bəs Çin necə, durumun kritikliyini nəzərə alıb, bu addıma gedə bilərmi? Mütəxəssislərin fikrincə, bu olduqca çətindir. Sən demə, vəhşi heyvan ticarəti ölkəyə həm də böyük pullar gətirirmiş. Çində vəhşi heyvanların qanunsuz ticarətinin həcmi təqribən 20 milyard dollara çatır. Bu, narkotik ticarəti, insan qaçaqmalçılığı və pul saxtalaşdırılmasından sonra ən çox görülən cinayətkarlıq növüdür.

Yeri gəlmişkən, Çin vəhşi heyvanların istehlakı (həm leqal, həm qeyri-leqal) üzrə dünya birincisidir.

Təbiəti və heyvanları mühafizə təşkilatları hesab edirlər ki, Çin hökuməti vəhşi heyvanların qanunsuz ticarətinə birdəfəlik son qoymalıdır.

"Bu böhrandan sonra ev heyvanları kimi saxlanılan, qida və tibbi məqsədlər üçün istifadə olunan vəhşi heyvanlarla bağlı məsələ yenidən nəzərdən keçirilməlidir. Onların istehlakına son qoyulmalıdır", - deyə Dünya Vəhşi Təbiət Fondunun bəyanatında bildirilir.

HÖKUMƏT BİRDƏFƏLİK QADAĞADAN YAYINIR

İlan-qurbağa

Lakin Çin hökuməti bu məsələdə qətiyyətli addım atmağa tələsmir. Hökumətdən açıq şəkildə bildiriblər ki, vəhşi heyvanlarla bağlı rəsmən tətbiq olunan qadağa müvəqqəti xarakter daşıyır.

"Epidemiya başa çatana qədər vəhşi heyvanların bütün növlərinin yetişdirilməsi, daşınması və ya satılması qadağandır", - deyə 3 dövlət qurumunun birgə yaydığı bəyanatda bildirilir. Bənzər qadağa rəsmi Pekin tərəfindən 2002-ci ildə SARS-ın yayılması zamanı da tətbiq edilmişdi.

Ekoloji təşkilatların nümayəndələri isə deyirlər ki, rəsmi qadağanın tətbiq olunmasından bir neçə ay sonra hökumət pozuntulara göz yumdu vəhşi heyvan bazarı yenidən çiçəkləndi.

Çin hökumətinin ötən il açıqladığı hesabatdan məlum olur ki, bir milyon növ məhv olmaq ərəfəsindədir. Bu, insanlıq tarixində yaşanmamış bir haldır.

Baş ofisi Londonda yerləşən, Çinin vəhşi heyvan bazarında araşdırma aparan təbiəti mühafizə agentliyinin əməkdaşı hökumətin məlum qadağasının müvəqqəti deyil, daimi olmasını vacib sayır. Və bunun baş verməsi üçün səylərini davam etdirəcəklərini bildirir: "Vəhşi heyvanların saxlanılmasına və böyüdülməsinə, onlardan həm qida, həm dərman kimi istifadə edilməsinə daimi qadağa tətbiq edilməlidir".

Mütəxəssislər deyir ki, bir vaxtlar "quş qripi" yayılanda hökumətin tətbiq etdiyi qadağa bir çox vəhşi quş növünün qorunmasına kömək etmişdi.

Eyni zamanda, ekspertlər bildirirlər ki, vəhşi heyvanların istifadəsinə qoyulan qadağa qlobal xarakter daşımalıdır. Çin də ən böyük vəhşi heyvan bazarına sahib olan ölkə kimi, bu məsələdə təşəbbüsü ələ almalıdır.

CANAVAR ƏTİ, YARASA, İLAN...

İlan-qurbağa

Hubeydəki bazarlarda olan rusiyalı jurnalistlər yazırlar ki, karantindən əvvəl burada donuz əti, canavar əti, yarasa, ilan, həmçinin ekzotik balıq, meyvə və göyərti satılırdı: "Ətlərin yanında müxtəlif həşəratlar uçuşur. Malların saxlandığı masalar, qutular çirkli və ləkəlidir. Bazar səhər saat 10-da açılır. Mallar qarajlara bənzəyən xüsusi otaqlarda satılır. Burada məhsulları həm saxlayırlar, həm kəsirlər. Alıcı yoxdursa, satıcılar orada yatır. İsinmək üçün orada od da qalayırlar.

Məhsulları bazara köhnə, çirkli maşınlarda gətirirlər. Ən populyar məhsullar balıq, ət, meyvə, tərəvəz və göyərtidir. Bütün bunların haradan gətirildiyi heç kimi maraqlandırmır.

Ət parçaları bir neçə gün küçələrdə, kiçik dükanlarda asılı halda qala bilir. Ətlərin üzərində böcəklər gəzir. Ət kəsilərkən tullantılar yaxınlığa atılır. Sanitariya qaydalarına riayət olunmur. Bazarlar "Fast food" dükanları ilə doludur. Bazarda canlı toyuqlar, xoruzlar, tısbağalar və göyərçinlər də satılır. Məsələn, bir qəfəsdə 7-10 toyuq və ya quş saxlanılır.

Burada hər zövqə uyğun tibbi maskalar tapa bilərsiniz. İstənilən rəngdə və formada. Lakin sabun və ya başqa bir dezinfeksiyaedici tapmaq üçün cəhd etməlisiniz. Hubeydəki orta səviyyəli otellərdə işçilərdən xüsusi olaraq sabun gətirməsini xahiş etməlisiniz. Çində məktəblərdə, qatarlarda və digər ictimai yerlərdə əl yumaq adət deyil".

Bütün bunları nəzərə alaraq bir sıra qeyri-hökumət təşkilatları Çin hökumətini vəhşi heyvanların satışına birdəfəlik qadağa qoymağa çağırırlar. Onların fikrincə, bu, insan sağlamlığı üçün olduqca zəruridir.

Bu arada, yeni virusun səbəb olduğu xəstəlikdən ölənlərin sayı 350-yə çatıb. Yoluxanların sayı isə 11,1 min nəfərdir. Bu barədə Hubey əyalətinin Sağlamlıq Komitəsinin rəsmi saytında yayılan açıqlamada bildirilir.

Tərcümə "MediaPost"a məxsusdur

Xəbərlər departamenti

Gündəm